Gənc Avropa Səfirləri 4 yaşında - Müsahibə

   Gənc Avropa Səfirləri 4 yaşında -    Müsahibə
  10 İyul 2020    Oxunub:41882
Gənc Avropa Səfirləri şəbəkəsi 4 yaşını qeyd edir. Gənc Avropa səfirləri şəbəkəsi əsasən, Avropa İttifaqı (Aİ) ilə bağlı qarşılıqlı ideya və informasiya mübadiləsini asanlaşdıran bir platformadır. Bununla yanaşı gənclərin özfəaliyyət imkanlarını daha da genişləndirməyə təşviq edir. AzVisionun budəfəki müsahibi gənc avropa səfirlərindən biri Türkan Məmmədlidir.
Sizi təbrik edirik, Türkan xanım. Sizi bir az yaxından tanıyaq.

Mən, Türkan Məmmədli, 28 yaşım var. Azərbaycan Dillər Universitetində Tərcümə (İngilis-dili üzrə) fakultəsində bakalavr təhsili almışam. Bu ildən təhsilimi İsveç İnstutu (Swedish Institute) təqaüdü ilə İsveçin Malmö Universitetində davam etdirəcəyəm. 3 ildir ki, gənc avropa səfiriyəm, artıq bu şəbəkənin məzunlarından biriyəm.

Nə üçün Gənc Avropa Səfiri oldunuz?

Mən ilk dəfə 2017-ci ildə sosial şəbəkələrin birində bir qrup azərbaycanlı gəncin “Avropanın ürəyi” hesab olunan Brüssel şəhərində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moqherini ilə görüşündən fotolar gördüm. Açığı, Avropa ölkələrinə səfər etməyi çox sevən biri kimi bu məni həyəcanlandırdı. Layihə haqqında ətraflı məlumat əldə etdikdən sonra bu platformaya qoşulmaq üçün müraciət etdim. İlk seçildiyim vaxtlarda Azərbaycanda gənc Avropa səfirlərinin sayı cəmi 20 nəfər olardı. Bu gün isə sayımız 112 nəfərdir. Bu gün biz Avropanın Gənc Səfirləri olaraq Azərbaycan gəncliyi ilə Avropa gəncliyi arasında körpü qura bilmişik. 3 il ərzində bir sıra regional və xarici tədbirlərdə, seminarlarda iştirak etmişəm. Bu müddət ərzində həm özüm yeni bacarıqlar əldə etdim, həm də digər gənclər üçün faydalı layihələr həyata keçirmək imkanım oldu.

“Gənc Avropa Səfiri” – bu 3 kəlmənin özlüyümdə izah edəndə niyə burda olduğumu daha yaxşı anlayıram. “Gənc”lik mənim üçün əyləncə, həyatın dadını çıxarmaq, yeni tanışlar, dostlar qazanmaqdan başqa həm də öz təhsilimin, gələcək karyeramın uğurlu təməlini ata biləcəyin bir dövrdür. Ona görə, mən bu dövrdən maksimum faydalanmağa çalışmışam və hələ də davam edirəm. “Avropa” isə mənə görə ədalət, sülh və birliyin carçısıdır. Avropa İttifaqı fərqlilikləri özündə birləşdirən unikal bir qurumdur. Elə qurumun şüarı da belədir: “Fərqlilikdə Birlik”. “Səfir” adından bəlli olduğu kimi bir ölkənin və ya qurumun başqa bir ölkədə təmsilçisi deməkdir. Ölkəmi çox sevirəm. Və ona hər hansı töhfə vermək imkanı əldə edə bilmək məni sevindirir.



Deyirsiniz ki, bu şəbəkənin üzvü olmaq sizə fərqli bacarıqlar qazandırdı. Konkret olaraq nələr əldə etdiniz?

Bu təşəbbüs çərçivəsində mən ilk layihəmi həyata keçirdim. Layihəm əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə formalaşan stereotiplərin dağıdılması haqqında idi. İnkluziv cəmiyyətin yaradılmasına təkan verən layihələr hər zaman maraq dairəmdə olub. Bu baxımdan Gənc Avropa Səfirləri şəbəkəsi mənə imkan yaratdı. 2019-cu ildə Gənc Avropa Səfirləri İcma Rəhbəri seçildim. Erasmus Gənclər Mübadiləsi (Erasmus Youth Exchang) proqramı ilə İtaliyaya səfər etdim və 4 müxtəlif şəhərdə yerli innovatorlarla görüşdük. Regionlarda (Lənkəran, Mingəçevir) və məcburi köçkün məktəblərində etdiyim təqdimatlar və təşkil etdiyimiz layihələr mənim üçün xüsusilə yaddaqalan olub. Təəssüf ki, regionlarda Avropa İttifaqının gənclər üçün açdığı imkanlardan xəbəri olanlar çox azdır. Biz isə çalışırıq ki, insanlarımızı məlumatlandıraq və onlara lazımı dəstək göstərək.

Mənim üçün yadda qalan bir hadisəni də qeyd etmək istərdim. 2019-cu ildə Şərq Tərəfdaşlığının yaranmasının 10 illiyi münasibətilə Brüsseldə keçiriləcək bayram tədbirində iştirak etmək üçün dəvət edilən 10 ən fəal Azərbaycanlı gəncindən biri idim. Nəhayət ki, “Avropanın ürəyin”ə səfər edəcəkdim, beynəlxalq mühitdə Azərbaycanı təmsil edəcəkdim, özü də bir Səfir kimi. Səfər zamanı Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Mereditin qonağı olduq və başqa yüksək səviyyəli rəsmilərlə görüşüb fikir mübadiləsi apardıq. Onlar gənclərin irəli sürdüyü təklifləri maraqla dinləyib həyata keçirəcəklərini bildiridilər. Daha sonra Avropa Parlamenti və Avropa Xarici Fəaliyyət Xidməti binasına da səfər etdik.



Gələcək planlarınız nədir?

Hazırda Avropa İttifaqı Gənclər üçün Məzunlar Şəbəkəsinin (EU4Youth Alumni Network) üzvü olaraq “Sosial İnkluzivlik” mövzusunda layihə üzərində çalışırıq.

Sizin kimi gənclərə tövsiyyələriniz varmı?

Əzmli, inamlı və səbrli olsunlar. Heç bir müvəffəqiyyət əziyyət çəkmədən, özündən qurbanlar vermədən əldə olunmur. Mən xaricdə təqaüdlə magistra qəbul olunmaq üçün 3 il dayanmadan çalışdım. Bəzən nəticələrim uğursuz olanda dünyanın sonu imiş kimi ağlayırdım və çox üzülürdüm... Lakin ruhdan düşmədim. Əzm göstərib istədiyim nəticəni əldə edə bildim, təhsil səviyyəsinə görə öndə olan bir ölkədə magistr təhsili qazandım. Qoy bizim gənclərimiz talelərinin memarı özləri olsunlar. Sözsüz ki, ailəmiz, sevdiklərimiz bizim üçün yaxşısını istəyir ancaq yenə də öz məqsədləri üçün çıxdıqları yoldan dönməsinlər. “Uç, uça bilmirsənsə qaç. Qaça bilmirsənsə yeri. Yeriyə bilmirsənsə iməklə. İməkləyə bilmirsənsə sürün, amma mütləq hərəkət et”.

Şəhanə Rəhimli
Azvision.az



Teqlər: Azərbaycan   Avropa-İttifaqı  





Xəbər lenti