“Özümü xəstəlikdən qoruyuram, yoxsa biabır olaram” - Fikrət Qoca

 “Özümü xəstəlikdən qoruyuram, yoxsa biabır olaram” -  Fikrət Qoca
  11 İyul 2020    Oxunub:16658
"Biri var əcəlin çata öləsən, biri də var hansısa axmaq xəstəlikdən. Özümdən çox uşaqları, nəvələri düşünürəm".

Bunu Azvision.az -a Xalq şairi Fikrət Qoca deyib. O bildirib ki, insanlarla yaxın təmasda olmaq risklidir. Bu səbəbdən özünü koronavirusdan qorumağa çalışır.
"85 yaşım var, bunun özü ağır xəstəlik, koronavirus kimi bir şeydir. Biri var əcəlin çata öləsən, biri də var hansısa axmaq xəstəlikdən. Buna görə qorunuram, yoxsa virusa yoluxsam, biabır olaram. Deməsinlər ki, gedib xəstəlik tapıb gətirdi. Mən babayam, uşaqlar yanıma gəlib yoluxarlar. Ailəm üçün evdə qalıram. Koronavirus gözəgörünməz düşməndir. Onsuz da düşmənimiz az deyil. Odur ki, virusdan qaçıram. Yoldaşım əczaçıdır, belə şeylərdən başı çıxır".

F.Qoca boş vaxtlarında yaradıcılıqla məşğul olduğunu söyləyib: "Evdə oturub mahnı sözləri, şeir yazıram. Bir çoxlarından fərqli olaraq virus əslində işimə təsir etməyib. Oturub həyat və ölüm haqqında düşünürəm, yarımçıq işlərim var. Sonra kim bunlarla məşğul olacaq? Olsa da mənim kimi məşğul olmayacaq. Bir-iki il, nə qədər ömrüm qalıbsa, işləri başa çatdırmalıyam. Dostlarla, tanışlarla zəngləşirik, onlar da başa düşürlər. Gəlib nə edəcəklər ki?! Özümüzü qoruyaq, bilək ki, salamatıq. Bu, bizə bəsdir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: FikrətQoca   şair  





Xəbər lenti