Əmanətçilərə 229,7 milyon manat kompensasiya verildi
İyunun 1-dən etibarən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.
İyunun 16-dan başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb, iyulun 15-dən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.
Ümumilikdə indiyədək 12,9 min əmanətçiyə 229,7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilib.
Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSF banklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il dekabrın 28-də tətbiq etdiyi təshih tədbiri pozularaq “NBC Bank” ASC tərəfindən qorunan əmanətlərin həcminin əhəmiyyətli məbləğdə artırılması faktı Mərkəzi Bank tərəfindən nəzarət orqanı səlahiyyətləri təhvil alındıqdan sonra aşkar edilib. Bununla əlaqədar, yanvarın 27-də fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasına dair əlavə təshih tədbiri tətbiq edilib. Lakin “NBC Bank” ASC tərəfindən əlavə təshih tədbirinə də riayət edilməyib, Mərkəzi Banka, eləcə də ƏSF-yə bilərəkdən yanlış hesabat verilib və bu faktlar Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən müəyyən olunub. Bankın lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas olaraq götürülüb.
“Ata Bank” ASC üzrə fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri 2019-cu ilin 23 iyul – 12 sentyabr tarixləri aralığında qüvvədə olub. Ləğvetmə prosesində ƏSF tərəfindən müəyyən olunub ki, Bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılıb.
2017-ci il oktyabrın 10-da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AG Bank” ASC-yə qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunub. Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri Mərkəzi Banka keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olub. Bununla belə, ƏSF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı “AG Bank” ASC tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılıb. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulub. Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilib və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılıb.
Bildiririk ki, eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinib. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış “Dəmirbank” ASC-də 2017-ci il 27 sentyabr tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilib. O zaman bu məsələ ilə bağlı ƏSF Azərbaycan Resublikasının Nazirlər Kabinetinə məktub ünvanlayıb və Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilib.
“Dəmirbank” ASC üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ƏSF tərəfindən zəruri hüquqi prosedurlara başlanılıb.
Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Azvision.az