Məhkəmə sistemi ilə bağlı mühüm yeniliklər - Deputat detalları açıqladı

 Məhkəmə sistemi ilə bağlı mühüm yeniliklər -  Deputat detalları açıqladı
  14 İyul 2020    Oxunub:6549
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi başlanılıb.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, Fərmanın əsas məqsədlərindən biri də məhkəmələrin fəaliyyətində şəffaflığın gücləndirilməsi və məhkəmə icraatının səmərəliliyinin artırılmasıdır.

"Hesab edirəm ki, bu dəyişikliklər məhkəmələrə olan ictimai etimadı daha da artıracaq.
Qeyd edilən Fərmanın icrası məsqədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilib. Cinayət-Prosessual Məcəlləsində qəbul edilən dəyişikliklərin isə bir neçə istiqaməti var. Birincisi mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmənin prosessual əsası müəyyən edilir. Bir sıra cinayətlərə görə şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər. Sonuncu islahatlar nəticəsində bu, həm məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı və ya məhkəmə icraatı zamanı məhkəmənin qərarı ilə həll ediləcək. Əvvəllər dövlət ittihamçısı yalnız ona məlum olan hallar çərçivəsində cinayət təqibini istisna edən hallar olarsa, cinayət təqibindən imtinanı bildirə bilərdi. Yeni dəyişiklik isə dövlət ittihamçısı hətta bəraetverici əsaslar olmadıqda belə müdafiə tərəfinin razılığı ilə cinayət təqibindən imtina edə bilər".

Deputat bildirib ki, digər konseptual dəyişiklik isə məhkəmə proseslərinin audioyazısı ilə bağlıdır.

"Belə ki, məhkəmə iclasına sədrlik edən hakim iclasların fasiləsiz audioyazısının aparılmasını təmin etməlidir. Əgər məhkəmənin yazılı protokolu ilə audioyazı arasında ziddiyət olarsa, audioyazıya üstünlük verilir. Bununla yanaşı bütün prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, qeydiyyatı və dövriyyəsi təmin ediləcək. Məhkəmə prosesinin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayətlər barədə məlumat almaq imkanı təmin ediləcək, onlara bu barədə elektron bildirişlər həm elektron poçt, həm də sms vasitəsilə bildiriləcək. Eyni zamanda, əvvəllər dindirməyə çağırış vərəqələri ilə çağırılırdılar, indisə həm sms bildiriş, həm elektron sistemdən istifadə edilməklə çağırıla bilər. Bütün sənəd dövriyyəsinin təhlükəsizliyinin təminatı üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imzadan istifadə ediləcək. Həmçinin bütün elektron sənədlər kağız sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq. Əgər sənədlər elektron sistem vasitəsilə təqdim edilərsə, məhkəmə həmçinin onun digər qaydada verilməsini tələb edə bilməz. Yeni portal həm də imkan verir ki, yalnız məhkəmə və vətəndaş arasında deyil, həmçinin məhkəmə və prokurorluq orqanları arasında, yəni hakim və dövlət ittihamıçı arasındakı kommunikasiya və sənəd dövriyəsi elektronlaşır.

Həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesi zamanı şübhəli və ya təqsirləndirilən şəxslər, mülki iddiaçı, mülki cavabdeh, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin nümayəndələri, xüsusi ittihamçı, şahid, ekspert, mütəxəssis videokonfrans vasitəsilə prosessual hərəkətlərdən istifadə edə bilər. Hətta cinayət prosesinin iştirakçısı ölkə hüdudlarından kənarda olduqda, bu barədə onun olduğu ölkənin müvafiq dövlət qurumu vasitəsi ilə dindirilə bilər".

K.Cəfərov qeyd edib ki, daha bir dəyişiklik kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası ilə bağlıdır.

"Əvvəllər müddətin bərpası üçün yeganə əsas fövqəladə hadisə idi. Bu da kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasını imkansız edirdi. İndi yeni bir əsasın əlavə edilməsi təklif edilir. Əsas kimi həmin şəxsin iradəsindən asılı olmayan digər hal kimi müəyyən edilir. Eyni zamanda əvvəllər şəxs bu müddətin bərpası üçün Ali Məhkəmə qarşısında vəsatət qaldıra bilərdi. İndi isə bu imkan apellyasiya məhkəmələrinə verilir. Çünki əvvəl bu məsələyə bir məhələdə ali məhkəmədə baxılırdı, indi isə həm apellyasiya, həm də Ali Məhkəmə baxa bilər. Əvvəl əgər müddət bərpa edildirsə, bu barədə yalnız həmin şəxsə məlumat verilirdi, yeni dəyişiklik isə apellyasiya məhkəməsinin üzərinə öhdəlik qoyur ki, apellyasiya məhkəməsi cinayət işini materiallarla birlikdə Ali Məhkəməyə təqdim etməlidir. Əgər apellyasiya məhkəməsi müddəti bərpa etməzsə, şəxs bu barədə Ali Məhkəməyə müraciət edə bilər".

Milli Məclisin üzvü vurğulayıb ki, sonuncu konseptual dəyişiklik xarici dövlətlərin məhkəmələrin hökmlərinin tanınması ilə bağlıdır.

"Bildiyiniz kimi, bundan əvvəl xarici dövlətlərin məhkəmələrinin qərarları tanınması yalnız beynəlxalq müqavilə mövcud olduğu halda mümkün olurdu, indi belə beynəlxalq müqavilə olmadıqda qarşılıqlıq prinsip əsasında tanınanacaq. Eyni zamanda xarici dövlətlərin müvafiq qurumları tərəfindən təqdim ediləcək müraciətin məzmunu və hansı məlumatlar təqdim edilməlidir, onlar göstərilməlidir. Xarici dövlətin məhkəmə hökmü ilə bağlı sorğu baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqim edilir. Baş Prokurorluq isə həmin sorğunun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır. Əgər sorğu qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verərsə, Azərbaycan Respublikasının Baş prokuroru və ya müavini bu barədə təqdimatı apellyasiya məhkəməsinə təqdim edir. Məhkəmənin vaxtı və yeri barədə bütün tərəflər məlumatlandırılır. Xarici dövlətin məhkəmə qərarı tam, qismən və ya tanınmaya bilər.
İmtina isə aşağıdakı səbəblərdən ola bilər:

1-ci, xarici dövlətlərin məhkəmələrinin qərar və ya hökmləri Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda;

2-ci, həmin qərarlar qəbul edilərəkən, şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilməzsə;

3-cü, sorğu edən ölkədə qüvvəyə minməyibsə və ya bütün instansiyalardan keçməyibsə;

4-cü, eyni əməl üzrə cinayət işinə xitam verilibsə və cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilibsə.

Yekun olaraq, Cinayət Prosessual Məcəlləyə qəbul edilən dəyişiklikləri məhkəmə-hüquq sistemi üçün konseptual innovasiya hesab edirəm. Bu dəyişikliklər məhkəmə-hüquq sistemini, prosesual hərəkətləri daha da şəffaf edəcək, bu sahədəki səmərələliyi artıracaq, həm hakimlərin, prokurorların, həm də vətəndaşların prosessual yükünü azaldacaq, onlar arasında təması minimuma endirəcək. Bu da öz növbəsində məhkəmə-hüquq sistemində korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldacaq, vətəndaşların etimadını artıracaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Kamal-Cəfərov  





Xəbər lenti