DİM onlayn müsahibələrə başlayıb

DİM onlayn müsahibələrə başlayıb
  13 İyul 2020    Oxunub:4051
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 18-də təxirə salınmış 2019-cu il sentyabrın 17-də və 2020-ci il yanvarın 13-də elan olunan müsabiqələr üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.
DİM-dən Azvision.az -a bildirilib ki, iyulun 13-də Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Ağcabədi Rayon Məhkəməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi üzrə dövlət orqanlarına dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsahibələr keçirilib.

Müsahibələrin keçirilmə qrafiki Mərkəzin saytında yerləşdirilib.

Xatırladaq ki, müsahibələrin onlayn qaydada təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilir.

Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəmkir, Göyçay və Şirvan regional bölmələrindən xüsusi proqram təminatı vasitəsilə qoşulublar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqlarla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.

Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə olunur və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti