`Ağla, qərənfil, ağla` kitabı çapdan çıxdı

`Ağla, qərənfil, ağla` kitabı çapdan çıxdı
  19 Yanvar 2014    Oxunub:16134
20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində “Ağla, Qərənfil, ağla” kitabı çapdan çıxıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə “İpəkyolu” nəşriyyatında çap olunun kitabda Əməkdar Mədəniyyət İşçisi, şair Məmməd Aslanın xalqımıza qarşı törədilən dəhşətli 20 Yanvar faciəsinə həsr etdiyi “Ağla, qərənfil, ağla” şeiri yer alıb.

Kitabın müəllifi Məmməd Aslan, redaktoru Gəncliyə Yardım Fondunun mətbuat şöbəsinin müdiri Eldar Kərimov, rəssamları Yavər Əsədov və Murad Yavəroğlu, dizayneri Sərxan İsgəndərovdur.

Kitabda “Ağla, qərənfil, ağla” şeiri fərqli bir üslubda təqdim olunub. Ümumilikdə 103 səhifədən ibarət olan kitabın hər səhifəsi o günün müsibətini bir daha gözlər önündə canlandıran fotoşəkillər və “Ağla, qərənfil, ağla” şeirinin bir bəndi ilə açılır.
Kitabın “Redaktordan” olan bölməsində Eldar Kərimov dəyərli şairimizin “Ağla, qərənfil, ağla” şeirinin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilən ilk poeziya nümunəsi olduğunu diqqətə çatdıraraq onu şəhidlərimizin xatirəsinə ucaldılan söz abidəsi adlandırıb.

Nəşrdə qeyd edilir ki, faciənin ertəsi günü yazılan şeir xalqımızın başına gətirilən müsibəti tam açıqlığı ilə ortaya qoyub və qısa müddətdə dillər əzbərinə çevrilib. Həmin şeirlə günahsız insanlara mərhəmət edilmədən işlədilən bu cinayət sadəcə tarix kitablarının səhifələrində deyil, həm də Azərbaycan xalqının yaddaşına həkk olunub.

Redaktor oxucuların diqqətinə çatdırır ki, Məmməd Aslanın 20 Yanvar faciəsini özündə hərtərəfli əks etdirən, qanlı qırğından dərhal sonra analarımızın laylasına çevrilən bu unudulmaz şeiri ilk dəfədir ayrıca kitab şəklində nəşr olunur.


Teqlər:





Xəbər lenti