Ölkədəki sahibkarların 21,4 faizi qadınlardır

 Ölkədəki sahibkarların 21,4 faizi qadınlardır
  16 İyul 2020    Oxunub:3303
2020-ci ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 983,8 mini keçib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, hesabat dövründə hər səkkiz fərdi sahibkardan altısı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,0%), Aran (21,2%), GəncəQazax (13,8%) və Lənkəran (9,7%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 24,5 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 30,3 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

Sahibkar qadınların 31,9 faizi Bakıda, 17,7 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5%), Gəncə-Qazax (25,0%) və Lənkəran (21,9%) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,9%) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahibkar   Qadın  





Xəbər lenti