TAP-ın 96,4 faizi tamamlanıb

TAP-ın 96,4 faizi tamamlanıb
  16 İyul 2020    Oxunub:4656
Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96,4 faizi yekunlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, hazırda boru kəmərinin inşasının son mərhələsidir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazidə torpaq örtüyü bərpa olunur.

Qeyd edək ki, ötən ay TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. Bu mərhələ “Saipem” şirkətinin “Castoro Sei” sualtı borudüzən gəmisi tərəfindən 36 düymlük boruların dənizdə quraşdırılması, Albaniya sularındakı qurudakı infrastrukturla dəniz üstü bağlantının qurulması, həmçinin xəttin təhlükəsizliyi və əməliyyat üçün hazır olmasını təmin etmək üçün hidrosınaqları əhatə edib. İtaliya və Albaniya sahillərini birləşdirən fəaliyyətlər bu il yanvarın ortalarında boruların “Castoro Sei” gəmisi ilə qaynaqlanması və sınaqdan keçirildikdən sonra İtaliya sahillərindən Albaniyaya doğru Adriatik dənizinin dibinə yerləşdirilmsi ilə başlayıb. COVID-19 pandemiyası nəzərə alınaraq TAP və onun podratçısı “Saipem” bütün əməkdaşların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə geniş tədbirlər həyata keçirib.

Boru kəmərinin dəniz hissəsində ümumi çəkisi 100 min ton ağırlığında 36 düym diametrli təxminən 9000 boru istifadə edilib. Borular Adriatik dənizinin dibi çəkilib: İtaliya sularında 25 kilometr, beynəlxalq sularda 43 kilometr və Albaniya sularında 37 kilometr. TAP-ın ən dərindən keçən hissəsi dəniz səviyyəsindən təxminən 810 metrdir. “Castoro Sei” gəmisi gündəlik orta hesabla 1,2 kilometr və bir gündə isə maksimum 2,8 kilometr boru düzüb.

TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri də tamamlanıb. Mayın 20-dən isə təbii qazın TAP-ın Albaniyadakı 4 kilometrlik hissəsinə - Yunanıstan-Albaniya sərhədində və Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyasına nəqlinə başlanılıb. Bu hissə istifadəyə verildikdən sonra qazın qarşıdakı həftələrdə və aylarda boru kəmərinin Albaniyadakı digər hissələrinə tədricən daxil edilməsi həyata keçiriləcək.

Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılmış, Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilmişdi. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi olmuşdu. Daha sonra sınaq işləri boru kəmərinin Yunanıstan hissəsinin hamısı əhatə etmişdi. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Xatırladaq ki, üç ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.

TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin təqribən 70 faizi başa çatıb. TAP-ın Yunanıstan hissəsində torpaq örtüyünün bərpası işləri yekunlaşır. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq.

TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada (8 kilometr) boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.

Yunanıstan, Albaniya və İtaliyada boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb, xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb. Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib.

Layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Azvision.az



Teqlər: TAP  





Xəbər lenti