Ali Baş Komandanın və Ordumuzun yanındayıq - İdmançılardan bəyanat

Ali Baş Komandanın və Ordumuzun yanındayıq -    İdmançılardan bəyanat
  17 İyul 2020    Oxunub:5369
Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutması ilə bağlı bəyanat yayıblar.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzindən Azvision.az -a daxil olan müraciətdə 30 ilə yaxın müddətdə doğma Qarabağımızın Ermənistanın işğalı altında olduğu vurğulanıb.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, işğalçı Ermənistan həmin sənədlərin tələblərini yerinə yetirmir. Beynəlxalq hüququn və ictimai rəyin, ən başlıcası tarixi ədalətin və faktların birmənalı şəkildə Azərbaycanın haqlı olduğunu sübut etməsinə baxmayaraq, Ermənistan bu illər ərzində işğalçılıq və təcavüzkarlıq mövqeyindən geri çəkilmir, hərbi təxribatlarını artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində davam etdirir. Təcavüzkarlıq siyasətini davam etdirən düşmən iyulun 12-də Tovuz rayonu istiqamətində növbəti hərbi təxribat törədərək ərazilərimizi - ordumuzun mövqelərini və mülki əhalini iriçaplı silahlardan atəşə tutub. Erməni təxribatı nəticəsində 12 hərbi qulluqçumuz və bir mülki vətəndaşımız şəhid olub, yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.

Erməni təbliğatından hiddətlənən minlərlə həmvətənimiz, ilk növbədə, gənclərimiz Ali Baş Komandanımız İlham Əliyev, Ordumuzla həmrəyliyini ifadə etmək üçün şəhər və rayonlarımızda kütləvi yürüşlər keçiriblər. Bu yürüşün ən möhtəşəmi iyulun 14-də Bakıda keçirilib. Həmin dəstək və həmrəylik yürüşündə bizlər də Azərbaycan vətəndaşı kimi iştirak etmişik. Bu yürüş Ali Baş Komandan və xalq birliyinin, ordu və vətəndaş həmrəyliyinin daha bir əyani göstəricisi oldu. Bir daha düşmənə və bütün dünyaya nümayiş etdirildi ki, Ali Baş Komandanımız İlham Əliyevə və onun rəhbərlik etdiyi Ordumuza, qəhrəman zabit və əsgərlərimizə tam güvənən xalqımız tarixi torpaqlarımızı, o cümlədən Qarabağımızı işğaldan mütləq azad edəcək, 30 ilə yaxın müddətdə davam edən status-kvo ilə qətiyyən barışmayacaq.

“Təəssüf ki, həmin gün Şəhidlər xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub, dağıntılar törədib. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz şəkildə daxil olmaq və orada dağıntılar törətmək cəhdi möhtəşəm birliyimizə kölgə salmaq cəhdidir.

Müstəqil Azərbaycanımızın müqəddəs bayrağını mötəbər idman yarışlarında zirvələrə qaldıraraq dalğalandıran, himnimizin sədaları altında müxtəlif millətlərin nümayəndələrini doğma Azərbaycanımızın qələbəsini alqışladığını görüb qürurlanan idmançılar olaraq belə hərəkətləri qınamağı özümüzə borc bilirik. Bu cür təxribatları təşkil edənlər, məkrli niyyətlərini həyata keçirmək üçün fürsət gözləyənlər birmənalı şəkildə bilməlidirlər ki, onların planları artıq işləməyəcək, gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və layiqli cəzalarına çatacaqlar. Açıq və gizli düşmənlərimiz bilsinlər ki, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin və qələbəyə köklənən Ordumuzun yanındadır. Qarabağımızın azadlığına aparan yeganə yol da yalnız bu yoldur.

Fürsətdən istifadə edərək, həmişə olduğu kimi, bu dəfə də Azərbaycanımıza açıq şəkildə dəstək ifadə etmiş qardaş Türkiyəyə, digər dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkürümüzü və ehtiramımızı bildiririk”, - deyə müraciətd qeyd olunub.

Azvision.az


Teqlər: İdmançılar   Ordu  





Xəbər lenti