ABŞ kiberqoşunlara xərcləri iki dəfə artırır
Müdafiə Nazirliyindən “Nextgov” nəşrinə verilən məlumata görə, kiberkomandanlıq üçün xərclərin artırılması əsasən bölmənin ştat vahidinin çoxaldılması ilə əlaqədardır. 2013-cü ilin martına olan vəziyyətə görə, bölmədə 830 əməkdaş çalışıb. Hökumətin hazırda qəbul etdiyi proqrama əsasən, 2016-cı ilədək kiberbölmənin ştatının hər il 2 min artırılması planlaşdırılır.
ABŞ Kiberqoşunları xarici dövlətlər tərəfindən hərbi və sənaye hesablayıcı şəbəkələri üçün təhlükə törədən təhdidlərin aşkarlanması və təcrid edilməsi ilə məşğul olur. Bundan başqa, hərbi qurumun vəzifələri sırasına dövlətin kommunal və sosial infrastrukturunun haker hücumlarından mühafizəsi daxildir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, 2012-ci ildə ABŞ-ın hesablayıcı şəbəkələrinə edilən kiberhücumlar haqqında məlumatların sayı 153 minədək və ya 2011-ci illə müqayisədə 42 faiz artıb.
Bununla yanaşı, Daxili Təhlükəsizlik Nazirliyinin büdcəsi çərçivəsində kibermühafizə xərclərinin də artacağı gözlənilir. 2014-cü il büdcəsində bu bənd üzrə 792 milyon dollar ayrılacaq ki, bu da 2013-cü illə müqayisədə 35,5 milyon dollar çoxdur.
Beləliklə, Pentaqon və Daxili Təhlükəsizlik Nazirliyi 2014-cü ildə kiberhücum və kibermühafizəyə ümumilikdə 1,2 milyard dollardan çox vəsait xərcləyəcək (2013-cü ildəki 948 milyon dollarla müqayisədə 30 faiz çox). Lakin hər iki strukturun büdcəsi ABŞ Senatı tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.