Şəkidə yollar yenidən qurulub
Çınqıl, qara örtük və asfalt-beton örtükdən ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub.
Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması, eyni zamanda atmosfer və suvarma sularının yolun torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə yaşayış məntəqələri daxilində zəruri yerlərdə beton küvetlərin çəkilməsi məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-dən çoxdur.
Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlərin tikintisi, yol əsasın alt layının 20 sm hündürlükdə qum-qırmadaş, üst layının isə 16 sm hündürlükdə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla təmiri aparılıb. Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri görülüb.
Bundan başqa, avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boryların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, dördbucaqlı su keçidinin inşası də layihə üzrə icra olunan işlərdəndir.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi həyata keçirilib.
Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.
Azvision.az