İran da Ermənistanı forposta çevirməyə çalışır – TƏHLİL

İran da Ermənistanı forposta çevirməyə çalışır – TƏHLİL
  20 Yanvar 2014    Oxunub:1581
İranın Ermənistanla əlaqələrində aktivlik getdikcə artmaqdadır. İranın Ermənistandakı səfiri M.Rəisi bir müddət əvvəl bildirmişdi ki, ölkəsinin “qaz əvəzinə elektrik enerjisi” layihəsinə ehtiyacı yoxdur. İran özünə lazım olan Elektrik enerjisini Pakistandan alır: “Yalnız Ermənistana xüsusi münasibətimizə görə qazın əvəzinə pul deyil, elektrik enerjisi alırıq”.

Bu layihəyə görə 1 m3 qaz 3 KVt elektrik enerjisinə dəyişdirilərək İrana qaytarılır. Beləcə, İran qazının 1000 m3 Ermənistana cəmi 173 dollara başa gəlir. İranın qazını başqa dövlətlərə 400 və daha yuxarı qiymətə satır. Məsələn, Türkiyəyə İran qazı 505 dollara başa gəlir.

Bundan başqa, İran Ermənistan ərazisindən öz qazını Avropaya nəql edə bilərdi. Bunun üçün Ermənistan infrastruktur təqdim etməlidir. Rusiya “ArmRosqazprom”a tam sahibləndikdən sonra bu, İran üçün arzu olaraq qalacaq.

Mehri və Qaraçilər SES-lərin tikintisinin dayanmasına səbəb Ermənistan banklarının İranın Milli Bankından bu tikinti üçün ayrılmış pulu ala bilməməsidir. Ermənistan bankları Qərbin sanksiyalarının qorxusundan bu əməliyyatı reallaşdıra bilmirlər. Başqa sözlə, İran öz xalqının boğazından kəsib, pul verməyə hazırdır, lakin Ermənistan bankları İran bankından bu pulu qəbul etmirlər.

Rəsmi Yerevan Ermənistan-İran dəmiryolunun Ermənistan sərhədindən başlayan tikintisini maliyyələşdirməyə hazırdır. Bunun üçün Ermənistan öz daxilindəki hissənin tikintisinin maliyyəsini tapmalıdır. İran açıq şəkildə dəmiryolunun Ermənistanın daxilindəki hissəsini tikməkdən çəkinir. Səbəb həmin dəmiryolun Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın keçməsidir. Ehtimal ki, İran Azərbaycanın Zəngəzuru geri qaytaracağına və ya Rusiyanın Zəngəzuru Ermənistandan alıb Azərbaycana verəcəyinə inanır. Çünki Ermənistanda başqa digər heç bir layihəyə qarşı İran belə inamsızlıq nümayiş etdirmir. Elə bu fakt özü sübut edir ki, İranın Ermənistanla əməkdaşlığının əsas qanadı antiazəbaycançılıqdırsa, digər qanadı antirusiyaçılıqdır.

İrandan Ermənistana hər il 100 mindən çox turist gəlməsi haqda qərar qəbul edilib. Sanksiyalara görə İran əhalisinin sosial-iqtisadi vəziyyəti ağır olduğu üçün turist səfərlərinə gedənlərin sayı da azalmışdı.

“Azərbaycanın Ermənistana ərazi iddiaları tamamilə əsassızdır”. Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan torpaqlarının işğal olunması fonunda İranın Ermənistandakı səfiri M.Rəisinin bu bəyanatı həyasızlığın ən yüksək nümunələrindən biri hesab oluna bilərdi. O, həmçinin bildirmişdi ki, “İran tarixinə görə Qafqazın 17 şəhəri İrana məxsus idi. Sonradan çar Rusiyası bu şəhərləri işğal edib. İrəvan, Zəngəzur və Qarabağın adları bu 17 şəhərin arasındadır”. Sadəcə, səfir üçün Ermənistanla münasibətlər İslam dini normalarından qat-qat üstündür. M.Rəisinin xüsusi fəallaşması, müxtəlif rəsmilərlə görüşməsi Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsinə düşmüşdü. Şərait İranı məcbur etdi ki, gizli və ya yaxşıca maskalanmış antirusiyaçılığını aşkarlasın. Baxmayaraq ki, səfir İranın Rusiya ilə Ermənistan arasında parçalanma yaratmaqda maraqlı olmadığnı bildirir, real fəaliyyəti tamam əks istiqamətdədir.

İranda antirusiyaçılıq yeni geosiyasi istiqamət üçün mühüm mənbədir. İranda başa düşürlər ki, o ABŞ-ın regional canişini olacağı təqdirdə, ABŞ ona ərəb dövlətlərinə və İsrailə qarşı çıxış etməyə icazə verməyəcək. Amma İranın antirusiyaçılığına ABŞ-da ehtiyac var. ABŞ Türkiyəni antirusiyaçılığa təhrik edə bilmədi. Bu işi İran görə bilər. İran Qafqazı və Mərkəzi Asiyanı özünün tarixi torpaqları hesab edir, bu torpaqlar da indi Rusiyanın təsiri altındadır. İranın ABŞ-a lazım olan antirusiyaçılığı üçün ən yaxşı start ərazisi Ermənistandır. Çünki Ermənistan kifayət qədər zəifdir, İran da onu asanlıqla idarə edə bilər. Ermənistan Rusiyanın ciddi maraqlarının cəmləşdiyi dövlətdir, RF-nin forpostu kimi qəbul edilir. Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Üstəlik, Qərb Ermənistanın RF-in təsirindən çıxmasına çalışır. İran Ermənistanın ictimai-siyasi mühitində böyük gücə malikdir. Ermənistanın ictimai-siyasi mühitində İranın pulunu dadmayan siyasətçilərin sayı çox azdır.

İran Ermənistandakı ekspertləri vasitəsilə Rusiyanın gücünü tədqiq edib və bu ekspertlər vasitəsilə güclü antirusiya baza yaradıb. Hətta Ermənistandakı siyasətçilər vasitəsilə Rusiyanın bəzi nüfuzlu ekspertlərini də ələ alıb, onları müəyyən sifarişlər icra etdirib. S.Tarasov və M.Kolerovun “Gülüstan” sülh müqaviləsinin 200 illiyi adı ilə Gizlərə qədər (Dağıstan) Qafqaz ərazisinin tarixən İrana məxsusluğu ideyasını dəstəkləməsi təsadüfi deyil. İndi Rusiya Ermənistanı Gömrük İttifaqına daxil etməklə həm də onun İranın təsir zonasından çıxarmış olur. Çünki Rusiya ABŞ-la İranın əlaqələrindən şübhələnib, antiiran imicə malik dövlətlərlə əlaqələri genişləndirməyə və ya qurmağa başlayıb. İran isə Ermənistanda qurduğu bazanı itirmək niyyətində deyil. Hər halda erməni siyasiləri də başa düşüblər ki, Rusiya İran-Ermənistan əlaqələrindən narahatdır. RF xarici işlər naziri Lavrovun İrana səfəri zamanı İran Ermənistan əlaqələrinin də müzakirə olunacağını ehtimal edirlər.

Ötən il Ermənistanın xarici işlər nazirinin müavini Ş.Koçaryan geniş proqramla İrana dəvət edilmişdi. İranın xarici işlər nazirinin müavini İ.Rəhimpur onun İranda çoxsaylı görüşlər keçirməsinə şərait yaratdı. Ş.Koçayan xarici işlər naziri C.Zəriflə görüşdü. İkitərəfli əlaqələrlə yanaşı DQ münaqişəsinin tənzimlənməsi də ciddi müzakirə edildi.
İranda Ş.Koçaryanın təyinat istiqamətlərini yaxşı bilirlər. Ermənistan Xİ müavini Ş.Koçaryan yalnız Azərbaycan və Türkiyəni söyməklə məşğuldur. İran prezidenti H.Ruhani yeni il münasibətilə S.Sərkisyanı təbrik etdi, İranda erməni ailəsi ilə milad bayramını qeyd etdi. Ruhani Tehranda erməni icmasının Avbisyan xəstəxanasına 10 milyard rial (350 min dollar) pul yardımı etdi. İranın birinci vitse-prezidenti İ.Cahangiri Ermənistanın baş naziri T.Sərkisyanı yeni il münasibətilə təbrik etdi.

Ermənistanın enerji naziri A.Movsisyan “Armrosqazprom”un Ermənistana üçüncü dövlətdən qaz almağa maneçilik etmədiyini bildirdi. İran 189 dollardan aşağı Ermənistana qaz təklif edəcəksə, Ermənistan bu qazı alacaq. Ekspertlər A.Movsisyanı nazirlər içərisində ən bacarıqlı yalançılardan hesab edirlər.

İran və Ermənistanda belə bir inam mövcuddur ki, İranın ABŞ-la münasibətlərinin yaxşılaşması Ermənistan-İran münasibətlərinə yeni təkan verəcək, onu çox yüksəklərə qaldıracaq. İranda Ermənistanın ABŞ-dakı səfirinin özlərini ABŞ-dakı səfiri kimi qəbul edirlər. Ermənistanın ABŞ-dakı səfiri T.Markaryanın Ermənistanın enerji və təbii ehtiyatlar naziri A.Movsisyanın doğma qardaşı olması İranda inamyaradan faktordur. Bəlkə də enerji layihələrinin İran-Ermənistan münasibətlərində ön planda olmasının əsas səbəbi də budur.

“Tehranın Qərblə yaxınlaşması “Dağlıq Qarabağ Respublikası” üçün əlavə imkanlar yaradır”- “Dağlıq Qarabağın eks- xarici işlər naziri”nin müavini, politoloq Masis Mailyan belə fikirdədir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin hesabatından
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti