“Mədəniyyət” kanalı “Mən də əsgərəm” adlı layihəyə start verir

“Mədəniyyət” kanalı “Mən də əsgərəm” adlı layihəyə start verir
  22 İyul 2020    Oxunub:11877
Bizi birləşdirən “Mədəniyyət” kanalı yeni “Mən də əsgərəm” adlı layihəyə bu gündən start verir.
Azvision.az xəbər verir ki, bu barədə kanalın direktoru Ramil Qasımov məlumat verib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd müharibə şəraitində olan ölkəmizdə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, gənclərdə Vətənə sevgi hissi formalaşdırmaq, onlarda mübarizə ruhunu daha da artırmaqdır.

“Bildiyiniz kimi, son günlər cəhbə xəttində, xüsusilə Tovuz istiqamətində baş verən hadisələr xalqımızın mübarizə əzmini bir daha bütün dünyaya göstərdi. “Mən də əsgərəm” layihəsi vasitəsilə hər bir istedadlı və yaradıcı şəxs öz yaradıcılığı ilə gəncləri vətənpərvərliyə, mübarizəyə səsləyə bilər. Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər kəs - bəstəkar, musiqiçi, heykəltaraş, rəssam, aktyor, rejissor, bir sözlə, mədəniyyətlə məşğul olan hamı bu layihədə iştirak edə bilər”, - deyə R.Qasımov əlavə edib.

TV direktoru Vətəninə xidmət etmək istəyən incəsənət xadimlərini bu layihədə iştiraka dəvət edib.

Layihədə iştirak etmək istəyənlər vətənpərvərlik mövzusunda olan əsərini 2 dəqiqədən artıq olmamaq şərti ilə çəkərək +99450-492-14-58 nömrəsinə “WhatsApp” vasitəsilə göndərə bilərlər.

Layihə başa çatdıqdan sonra iştirakçılar “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçiriləcək Telefestivalda iştirak edəcəklər.

Azvision.az


Teqlər: Mədəniyyət   TV   Layihə   Əsgər  





Xəbər lenti