İş yerlərinin “ağardılması” sosial daxilolmaları artırdı - CƏDVƏL

   İş yerlərinin “ağardılması” sosial daxilolmaları artırdı -    CƏDVƏL
  28 İyul 2020    Oxunub:4972
“Kölgə iqisadiyyatı”nın həcminin azaldılması, iqtisadi proseslərdə şəffaflığın artırılması, o cümlədən əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının “ağardılması” ilə bağlı dövlət başçısı tərəfindən müəyyən edilmiş vəzifələr İqtisadiyyat Nazirliyinin prioritet fəaliyyət istiqamətilərindən biridir.
Dövlət Vergi Xidmətindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ildə sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsindən sonra, bu sahədə aparılan islahatlar və görülən işlər nəticəsində iş yerlərinin rəsmiləşdirilməsi prosesləri daha da sürətlənib, muzdlu işçilərin zəruri pensiya kapitalını toplamaq imkanları yaranıb, onların gələcəkdə pensiya almaq hüquqları və sosial müdafiəsi təmin edilib, habelə dövlətin maliyyə yükünün azalmasına müsbət təsir edib.

Vergi və sosial yığımların vahid dövlət orqanı tərəfindən həyata keçirilməsi, vergi ödəyicilərinin dövlət büdcəsinə və sosial fondlara ödəmələri üzərində daha effektiv nəzarətin təmin edilməsinə imkan verib. Vahid inzibatçılığın tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində köklü dəyişikliklərə gətirib. Dövlət Vergi Xidməti sahibkarların sosial yığmlarının ödənilməsindən yayınmasının qarşısını alıb, iş yerlərinin “ağardılması”, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün ödənilməsinə nail olub. Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin artırılması, xüsusilə də 2020-ci ildə koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən dövlət dəstək mexanizmlərinin əsas şərtlərindən biri kimi əmək münasibətlərinin şəffaflaşdırılması tələbi iş yerlərinin leqallaşdırılması prosesinə müsbət təsir edib.



2020-ci ilin 1 iyul tarixinə əmək müqavilələrinin sayı 1.661,7 min təşkil edərək ilin əvvəlindən 107,3 min artıb, o cümlədən qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min artıb. Təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20,7 min təşkil edib. Təhlillər göstərir ki, cari ilin əvvəlindən ölkə üzrə əmək müqavilələrinin sayının ümumi artımının hamısı qeyri-neft qeyri-dövlət sektoru hesabına baş verib.



Sosial sığorta yığımlarının vergi orqanlarına həvalə edilməsindən sonra yaranmış statistik mənzərəyə nəzər salsaq, son il yarımda bu artımın daha əhəmiyyətli olduğunu görə bilərik. 2019-cü ilin 1 yanvar tarixindən qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında artım 208,9 min təşkil edir. Qeyri-neft qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin cəmi əmək müqavilələrində xüsusi çəkisi 2018-ci ildəki 38,5%-dən cari ilin altı ayının yekunu üzrə 45,1%-ək yüksəlib.

Əmək bazarında şəffaflaşma proseslərinin yüksək dinamikası əmək haqqı fondunun həcminin böyüməsinə şərait yaratmaqla məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların yüksək artım dinamikasını şərtləndirir. 2019-cu ildə qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunun artım tempi (29,1%) əhalinin pul gəlirlərinin nominal artım tempini (7,4%) əhəmiyyətli üstələyib, cari ildə də bu proses davam edib. Belə ki, 2020-ci ilin birinci yarısında qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunun artım tempi 11,0% təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin nominal artım tempi 0,6% olub.



2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olub.

İşsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur.

Sosial yığımların ödənilməsi sahəsində aparılan islahatlar Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığının da azalmasına şərait yaradıb. Əgər 2017-ci ildə dövlət büdcəsindən fondun büdcəsinə ödənilən transfertin onun gəlirlərində xüsusi çəkisi 38,2% təşkil edirdisə, 2019-cu ildə sosial yığımların hesablanması və ödənilməsinə nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsinə başladıqdan sonra, bu göstərici 28,7%-ə enib.

Azvision.az


Teqlər: İş   Vergi  





Xəbər lenti