Yanukoviç xalqa müraciət etdi

Yanukoviç xalqa müraciət etdi
  21 Yanvar 2014    Oxunub:904
Kiyevdə nümayişçilərlə polis arasında toqquşmalar davam edir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, müxalifət “özünümüdafiə dəstələrini” silahlandırmaqda davam edir. Bu arada polisin məlumatına görə, Kiyev sakinlərinin əlində 400 min ədəd silah var. Onların hamısı qanunidir.

Ölkədəki kütləvi toqquşmalarla bağlı Ukrayna prezidenti Viktor Yanukoviç xalqa müraciət edib. “Müharibə, dağıntı, zorakılıq Ukraynanı məhv edə bilər”-deyə Viktor Yanukoviç müraciətində bildirib.

Onun çıxışının mətni prezidentin saytında yerləşdirilib.

Soydaşlarına dialoq və kompromis çağırışı ilə müraciət edən Viktor Yanukoviç öz tərəfindən ictimai asayişin bərpası üçün hər şey edəcəyini bildirib.

“Mən dialoqa, güzəştə, doğma torpaqlarımızda sakitliyə çağırıram. Ukrayna xalqına inanıram. İnsanlarımızın müdrikliyinə inanıram. Gücüm çatan qədər dövlətimizə və xalqımıza xidmət etməyə hazıram”-deyə Yanukoviç müraciətində bildirib.

Yanukoviç qeyd edib ki, kütləvi qarşıdurmaya çevrilən aksiyalar təkcə Kiyevin yox, bütün Ukraynanın ictimai həyatı üçün təhlükə törədir. O bir daha əmin edib ki, vətəndaşların təhlükəsizliyi və ictimai asayişin bərpası üçün Ukrayna qanunvericiliyində nəzərdə tutulmuş bütün qanuni və əlverişli üsullardan istifadə edəcək.
“Əminəm ki, siz məni eşidirsiniz və insan qanı hesabına hakimiyyətə gəlmək istəyənlərin yaratdıqları qarşıdurmaları dayandırmaqda mənə yardımçı olacaqsınız”-deyə Yanukoviç müraciətdə deyib.

Kiyevdəki toqquşmalar isə hələ də davam edir. Asayiş keşikçiləri, müxalifətçilərin daşatan dağıdıcı konstruksiyasını –katapultu məhv etməyə müvəffəq olublar. Lakin bundan sonra geri çəkiliblər.

Bu arada, Freedom House beynəlxalq hüquq təşkilatının sədri Devid Kremer ABŞ-ın Viktor Yanukoviçə qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirib. Onun sözlərinə görə, baş verənlərin məsuliyyəti məhz onun üzərinə düşür. Bəzi xarici KİV-lərin yaydığı məlumata görə isə ABŞ-ın sanksiyalar tətbiq etməyi planlaşdırdığı ən yüksək çinli məmur Ukraynanın Daxili İşlər naziri Vitali Zaxarçenkodur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti