Koçaryan Sarkisyanı pensiyaya göndərir? – TƏHLİL

Koçaryan Sarkisyanı pensiyaya göndərir? – TƏHLİL
  22 Yanvar 2014    Oxunub:1627
Ermənistanda bu ilin yanvarın 1-dən etibarən tətbiq olunmağa başlayan icbari yığım pensiya sistemi böyük narazılıqlara səbəb olub. Yeni qanuna əsasən, 1974-cü ilin 1 yanvar tarixindən bu yana anadan olmuş bütün işləyən vətəndaşların aylıq gəlirindən 5 faiz tutulub, onların pensiya hesabına toplanacaq.

Hökumət nümayəndələri bildirirlər ki, bu qanun vətəndaşlara daha layiqli qocalıq təmin etməyə hesablanıb. Qeyd edək ki, Ermənistanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 63 yaş müəyyən olunub.

Əhali arasında qanunun tətbiqi ilə bağlı narazılıqlar insanların kütləvi şəkildə meydanlara çıxması ilə özünü biruzə verib. Yerevanın mərkəzi meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi artıq mütəmadi xarakter alıb. Ermənistan parlamentində təmsil olunan “Erməni Milli Konqresi”, “Daşnaksutün”, “Çiçəklənən Ermənistan” və “İrs” partiyaları adıçəkilən qanunun ləğv olunması üçün Konstitusiya məhkəməsinə müraciət ediblər.

Ermənistan əhalisinin bu addımla bağlı narazılığının səbəbini anlamaq heç də çətin deyil. Günü-gündən ağırlaşan sosial-iqtisadi vəziyyətdə yaşamağa məcbur olan ermənilər üçün keçən ilin sonundan etibarən enerji daşıyıcılarının qiymətinin də artması əlavə zərbə oldu. Üstəgəl, bu ilin əvvəlindən onların maaşlarının 5 faizinin əlavə olaraq tutulmasının ciddi narazılığa səbəb olacağını əvvəlcədən ehtimal etmək olardı.

Problem ondan ibarətdir ki, Ermənistan hakimiyyəti təbii qazın qiymətlərinə ümumiyyətlə, müdaxilə etmək imkanından məhrumdur. Çünki ölkədə qazın alınması və əhaliyə satılması işini həyata keçirən “Armqazprom” şirkətinin 100 faizlik səhm paketi Rusiyanın “Qazprom” şirkəti tərəfindən alınmışdır. Ermənistan hökumətinin İrandan daha ucuz qaz almaqla bağlı apardığı danışıqlar da uğursuzluqla nəticələndi.

Avropa Birliyi ilə Amerikanın iqtisadi sanksiyalrının girovuna çevrilmiş Tehranın üçüncü ölkəyə kömək etmək imkanları tükənib desək, yanılmarıq. Eyni zamanda, Tehranla Qərb arasında gedən danışıqlarda sanksiyaların yumşaldılması müqabilində Gömrük İttifaqına daxil olmaqla Avropanı qəzəbləndirmiş Ermənistana yardım göstərməmək tələbi də irəli sürülə bilər. Nəticə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi əhalini ucuz enerji daşıyıcıları ilə təmin etmək iqtidarında deyil.

Ermənistanda keçirilən pensiya islahatına gəlincə, əslində irəli sürülən bu sistem mahiyyət etibarilə dövlət üçün effektiv hesab oluna bilər. Belə ki, əhalidən toplanan vəsait lazımi qaydada idarə oluna və iqtisadiyyatın müəyyən sahəsinə investisiya şəklində yatırılmaqla əlavə gəlir gətirə bilər. Lakin iflic vəziyyətinə düşmüş Ermənistan iqtisadiyyatı üçün bu sxem təbii ki keçərli deyil.

Hökumət rəsmi şəkildə bəyan edib ki, pensiya üçün maaşların 5 faizi kəsilməklə toplanan və illik 200 milyon dollar təşkil edən vəsait xaricdə fəaliyyət göstərən maliyyə institutlarına veriləcək və ölkə bundan gəlir götürəcək. Faktik olaraq, bununla hakimiyyət ölkə iqtisadiyyatının iflic vəziyyətdə olduğunu sübut edir. Ancaq 200 milyonun xaricə ötürülməsində başqa səbəblər də ola bilər. Məsələn, Ermənistanın qaza görə “Qazprom” şirkətinə 200 milyin dollar borcunun olması və şirkətin borcu tələb etməsi. Yerevan qış aylarında təbii qazın kəsilməsindən ehtiyatlanaraq, təcili tədbir kimi pensiya islahatına əl ata bilər.

Prezident Serj Sarkisyan hakimiyyətinin ciddi narazılıqla üzləşdiyi bir dövrdə , ona alternativ olaraq “İrs” partiyasının rəhbəri Raffi Ovanesyanın deyil, daha çox sabiq prezident Robert Koçaryanın adı hallanır. Koçaryan keçən ilin sonunda Ermənistan hökumətinin fəaliyyətini tənqid edən məqaləsi ilə gündəmə gəldi. Artıq erməni mətbu orqanları Koçaryanın böyük siyasətə qayıdışı barədə ehtimallar irəli sürməyə başlayıblar. Koçaryan son müsahibəsində özünün siyasətə qayıtmaq planları ilə bağlı suala konkret cavab verməkdən yayınıb, əvəzində növbəti dəfə hökuməti tənqid edib.

Koçaryanın çıxışlarında öz hakimiyyət dövrünün statistik rəqəmləri ilə indiki rəqəmləri müqayisə etməsi və bununla öz hakimiyyətinin üstünlüyünü göstərməsi keçmiş prezidentin şəxsi piarla məşğul olduğunun göstəricisidir. Digər tərəfdən, unutmaq olmaz ki, Koçaryan Ermənistanın bəlalarının səbəbkarı olan “Qazprom” şirkətinin idarə heyətində təmsil olunan şəxsdir və istədiyi vaxt vətənində hakimiyyətə qarşı narazılıq yaratmaq rıçaqlarına malikdir.

Hər halda Koçaryanın mövqeyi onu göstərir ki, bir vaxtlar birgə komanda olmuş və Ermənistanda hakimiyyəti zəbt etmiş “Qarabağ klanı” daxilində parçalanma var. Hazırkı prezident Serj Sarkisyan və Koçaryan eyni klanın üzvləri idilər və Sarkisyan Koçaryan dövrünün müdafiə naziri və baş naziri olmuşdu.

Azərbaycanın maraqları baxımından yanaşsaq, Koçaryanın yenidən hakimiyyətə qayıtması haradasa daha məqsədəuyğun sayıla bilər. Koçaryan Sarkisyandan fərqli olaraq daha praqmatik siyasətçidir və daha cəsarətlidir. Xatırlamaq yerinə düşər ki, 2002-ci ildə Koçaryanla prezident Heydər Əliyev arasında Qarabağ probleminin həllilə bağlı demək olar ki, razılıq əldə olunmuşdu. Amma üçüncü qüvvələrin müdaxiləsi sülhün əldə olunmasına mane oldu.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti