“Əmanətlərlə bağlı qərar vətəndaşların xeyrinədir” - Vüqar Bayramov

“Əmanətlərlə bağlı qərar vətəndaşların xeyrinədir” -   Vüqar Bayramov
  11 Avqust 2020    Oxunub:6636
"Konstitutsiya Məhkəməsi blok olunmuş əmanətlərlə bağlı qərarını elan etdi. Qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, təshih tədbiri bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur.

"Yəni, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilib. Bu, o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyrinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir. Qərarda eyni zamanda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan Atabank ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.

Güman olunur ki, qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondunun vətəndaşları məlumatlandırması gözlənilir", - deyə V.Bayramov qeyd edib.

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov   Əmanət  





Xəbər lenti