Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib.
Matçın 11-ci dəqiqəsində "Qarabağ" hesabı açıb. Xayme Romero fərqlənib.
Ağdam təmsilçisi ikinci qolunu vurub. 40-cı dəqiqədə Donald Gerye adını qol siyahısına yazdırıb.
Görüşün ilk hissəsi Azərbaycan çempionunun üstünlüyü ilə başa çatıb.
Donald Gerye 51-ci dəqiqədə özünün ikinci, komandasının 3-cü qolunu vurub. "Qarabağ" klubunun dördüncü qoluna Mahir Emreli imza atıb. Milli komandanın üzvü 80-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Maraqlı epizodlarla yadda qalan qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsilə yekunlaşıb.
Qeyd edək ki, təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün Ağdam komandası növbəti mərhələyə vəsiqə qazanıb.
Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) matçının qalibi ilə üz-üzə gələcək.

Azvision.az