Yanukoviç müxalifətlə razılaşdı

Yanukoviç müxalifətlə razılaşdı
  24 Yanvar 2014    Oxunub:1219
Viktor Yanukoviç mitinqdə saxlanılanların hamısını azad etməyə söz verdi
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gecə Ukrayna müxalifəti ilə prezident Viktor Yanukoviç arasında görüş keçirilib. Gecə saat 2 radələrində “Udar” parlament fraksiyasının lideri Vitaliy Kliçko Meydanda etirazçılar qarşısına çıxaraq hökumətin etiraz aksiyaları zamanı saxlanılanları azad edəcəyinə söz verdiyini bəyan edib. “ Yanukoviçlə görüş zamanı razılaşdırdığımız yeganə məsələ aksiya fəallarının azad edilməsi oldu”-deyə müxalifət lideri bildirib.

“Səni aldatmaq istəyən insanla danışıq aparmaq çox çətindir. Prezidentdən istefası barədə soruşuruq, eşitmək belə istəmir. Hökumətin istefası barədə soruşuruq, eşitmək belə istəmir. Zaxarçenkonun (red-Daxili İşlər naziri) istefasını soruşuruq, deyir bilmirəm” –deyə Vitali Kliçko Yanukoviçlə görüşün təəssüratlarını bölüşüb.

Müxalifətin digər nümayəndəsi, “Svoboda” fraksiyasının lideri isə bildirib ki, danışıqlar zamanı onlara yanvarın 16-da hökumətin cavabdehliyi, eləcə də dekriminalizasiya ilə bağlı qəbul olunmuş qanunların ləvğ olunmasına vəd verilib. Onun sözlərinə görə, hakimiyyət həmçinin, aksiyaçılara qarşı odlu silahdan istifadə olunmasına qadağa qoymağa da söz verib.

Kliçko və Tyaqnibok müxalifləri hakimiyyətlə barışığı davam etdirməyə çağırıb. “ Təslim olmayacağıq” deyən Kliçko, mübarizə davam edərsə insan itkisinin daha da çox ola biləcəyindən narahatlığını ifadə edib.

Kliçko Viktor Yanukoviçlə 5 saat davam edən danışıqların çox ağır olduğunu söyləyib.

`Batkovşina” partiyasının sədri Arseni Yaçenyuk isə hakimyyətlə danışıqalrın davam etdiyini, əsas məsələnin hazırda intizamı qorumaq olduğunu bildirib.

“Biz danışıqları davam etdiririk ki, real nəticə əldə edək. Hər bir kəsə müraciət edirəm: istisnasız olaraq dinc aksiya keçiririk. Bir addım belə geri çəkilmədən müdafiə olunuruq. İntizam və məsuliyyət”- deyə Yaçenyuk mitinq iştirakçılarına müraciətində deyib.

Hakimiyyətin təklif etdiyi mexanizm isə belədir: burada bizimlə polis arasında bufer zonası yaradılır. Əgər biz onların planı ilə razılaşıb polisə müqavimət göstərmiriksə, sabahdan Daxili İşlər naziri Vitali Zaxarçenko həbs olunan tərəfdarlarımızın azad olunması ilə bağlı hüquqi prosedura başlayır. Bütün 40 tərəfdarımız həbsdən azad olunmalıdır. Hakimiyyət “Berkut”un odlu silahdan istifadəsinə qadağa qoyur. Qeyd etmək istəyirəm ki, onlar bizim şərtləri pozarsa, biz də onların şərtlərini pozacağıq”- deyə Tyaqnibok bəyan edib.

Qeyd edək ki, tərəflər arasında görüş dünən yerli vaxtla 17:30-da başlamışdı.

Müxalifət iddia edir ki, yanvarın 28-də Ali Radanın sessiyasında “1)16 yanvar qanunları, 2) Hakimiyyətin siyasi məsuliyyəti barədə, 3) Etirazların dekriminalizə olunması barədə məsələlər müzakirə olunacaq”.

Hazırda ölkədə axşam saat 23:00-dək sükut saatı elan olunub.

S. Həsənova


Teqlər:  





Xəbər lenti