Bu gün Suriyanın taleyi həll olunur

Bu gün Suriyanın taleyi həll olunur
  24 Yanvar 2014    Oxunub:1003
3 illik fasilədən sonra Suriyadakı münaqişə tərəfləri ilk dəfə üz-üzə danışıqlar aparacaqlar.

Danışıqlar BMT-nin Cenevrədəki mənzil qərargahında baş tutacaq. Ayrı-ayrı otaqlarda yerləşəcək nümayəndə heyətlərinin arasında BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi vasitəçilik edəcək.

Suriya hakimiyyətini rəsmi olaraq Xarici İşlər naziri Valid Muallem, müxalifəti isə Milli Koalisiyanın rəhbəri Əhməd Carba təmsil edəcək.

Ötən gün tərəflər arasında məsləhətləşmələrkeçirilib. Hökumət nümayəndələri görüşün təfərrüatları barədə heç bir açıqlama verməyiblər. Müxalifət isə Bəşər Əsəd hakimiyyətinin devrilməsini və bu məsələdə dünya birliyindən dəstək gözləyir.

Suriya müxalifəti Cenevrə kommunikesinin yerinə yetirilməsində maraqlıdır. Kommunikeyə əsasən ölkədə ordu və təhlükəsizlik səlahiyyətlərini özündə ehtiva edən keçid hökumətinin yaradılması nəzərdə tutulur. “Milli Koalisiya” rəhbəri Əhməd Carba keçirdiyi brifinqdə “Əsəd getməlidir, onun rejimi keçmişin bir parçasıdır” – deyə açıqlama verib.

Suriya Xarici İşlər naziri Valid Muallem isə hakimiyyətin əsas məqsədinin terrorizmlə mübarizə olduğunu xatırladıb. “Suriyanın prioriteti terrorizmlə mübarizədir. Bu siyasi münaqişənin həllinə başlamaq üçün münbit şərait yarada bilər”.

Suriyanın İnformasiya naziri Amran Əz-Zoubi isə ölkəsində yeni prezident seçkilərinin keçiriləcəyi halda, Bəşər Əsədin namizədliyini irəli sürmək hüququnun olduğunu vurğulayıb.

“Suriyada Konstitusiya, seçkilər kimi demokratik proseduralar mövcuddur. Bəşər Əsəd namizəd olmaq üçün bütün hüquqlara malikdir. Əgər qalib gəlsə, deməli qalib gəlib, əgər məğlub olsa, deməli, məğlub olub”.

BMT Baş katibi Ban ki- Mun isə keçid hökumətinin yaradılmasına alternativ həll variantının olmadığını düşünür. Onunla birgə mətbuat konfransında iştirak edən ABŞ Dövlət katibi Con Kerri isə Suriya prezidentinin “terrorçular üçün əsas maqnit” adlandırıb və qeyd edib ki, “Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə Suriyanı xilas etmək mümkün deyil”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində ölkəsinin münaqişənin həllində hər iki tərəfin əldə edəcəyi istənilən qərarı dəstəkləməyə hazır olduğunu bəyan edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti