AzVision-11 I Sosial şəbəkədəki qəhrəmanqayırma və onun fəsadları - VİDEO

      AzVision-11 I    Sosial şəbəkədəki qəhrəmanqayırma və onun fəsadları -    VİDEO
  20 Avqust 2020    Oxunub:36708
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Xoş gördük. Pir və onun kəramətindən başlayacağıq. Yəni sosial şəbəkə kütləsi və onun insanı saldığı hallardan. Sosial şəbəkənin insanları bədbəxt, hətta məhv eləmək potensialını hələ də düzgün anlaya bilmirik. Bizə elə gəlir ki, orada xalq var, halbuki, oradakı kütlədir. Bu ikisini fərqləndirə bilməməyin axırı hər zaman faciəli qurtarır. Xalq müdrikdir, təmkinlidir, onun mənəvi dünyası var və o, xeyir qüvvədir; kütlə isə ağılsız, aqressiv və heç bir mənəvi ölçüsü olmayan dağıdıcı gücdür. Hər şey bu fərqi anlamaqdan, yaxud, anlaya bilməməkdən başlayır. Xalq dənizdir, kütlə dalğa. Sən düzgün dalğanı tutsan, bir müddət səni qaldırıb irəli apara bilər, amma gec-tez batıracaq.

Demə Qoq:
- Bura bax ey, nə xalq, nə kütlə? Onları kim bölüb elə? Niyə insanları təhqir edib, “kütlə” adı qoyursunuz? Şəxsən mən kütlə-zad deyiləm, xalqın nümayəndəsiyəm. Niyə mənə “kütlə” deyib, dəyərdən salmalısınız?

Rüsxət verin, xalqın nümayəndəsini təqdim edim: Demə Qoq. Bloger, hakimiyyəti tənqid etməyi qəhrəmanlıq sayan sosial şəbəkə fəalı. Nəsə, mənə elə gəlir ki, söhbətimiz çətin olacaq.

1. “Xalqın səsi”, yoxsa kütlənin bağırtısı?

- Təklikdə, əlahiddə götürəndə hər birimiz xalqın nümayədəsiyik. Amma bu nümayəndələr hansısa müvəqqəti məqsədin, ideyanın, trendin ətrafında birləşəndə dönüb olurlar kütlə. Fərdiyyətlər silinir, hami kütlənin zərrələrinə çevrilir. Heç kim öz ağlı ilə hərəkət etmir. Bu zaman çoxlu maraqlı proseslər baş verir. Hamını sadalayıb, başını ağrıtmaq istəmirəm. Biz yeri düşdükcə onlardan danışacağıq. Kütlənin parametrlərinə ən uyğun gələn şəxslər onun favoritinə çevrilir. Və kütlə başlayır ona yalançı özgüvən, yalançı inam, yalançı güc hissi verməyə - layklar, paylaşmalar, dəstək kommentləri... Binəvaya elə gəlir ki, arxasında nəsə böyük bir qüvvə var. Daha fərqində olmur ki, bu, müvəqqəti dalğadır. O dalğa yatanda, yaxud istiqamətii dəyişəndə heç kim olacaq. Və vaxtı çatanda kareta dönüb olur balbaqabaq, faytonçu dönüb olur... yadımda da deyil e, pişik olur deyəsən.
interşum – karetanın balqabaq olmağı

Demə Qoq:
- Bax, elə hər şeyiniz bu qədər düzdür. “Pişik olur”. Yox bir, Bayram Nurlu olur. Sənə elə gəlmir ki, bütün bunlar nəsə çox qurama nəzəriyyəyə oxşayır? Bir adamın dediyi sözlər camaatın ürəyinə yatırsa, onlar da bəyənirlərsə, niyə adını “kütlə” qoymalısan ki?!

- Ay sağ ol. Camaatın ürəyinə yatır, düz deyirsən. Çünki həmin anda beyinlər sönmüş olur. Heç kim öz ağlı ilə düşünmür ki, axı nə baş verir? Nədən danışırıq? Kimi söyürük? Niyə söyürük? Söysək, nə düzələcək? Kütlədə ağıl olmur çünki. Məhz buna görə biz kütlələşməyə qarşıyıq. Həmin o ürəyinə yatan adamların istənilən biri ilə 15 dəqiqə şəxsən danışsam, mən onu inandıra bilərəm ki, yanılır, qoşulduğu axın haqsızdır və ona bu lazım deyil. Və o, özü də düşünüb, bu qərara gələcək. Amma kütlənin zərrələrinin belə düşünmək imkanı olmur. Bəli, eşitdikləri onlara ləzzət eləyir. Aydın məsələdir. Amma ona görə eləyir ki, başla düşünmürlər. Beyinləri söndürülüb.

2. İdiotların qəhrəman(lıq)ları

Bu gün Azərbaycanda sosial şəbəkədə çox pis və ziyanlı tendensiya var: Kim hakimiyyəti pisləyirsə, qısa müddətə dönüb olur qəhrəman, hətta qəhrəmandan da o yana... bilmirəm, qəhrəmandan sonra hansı dərəcə gəlir – tutaq ki, “əməkdar qəhrəman”. Günümüzə bax da. Bunu edəni zorla dissident qayırırlar. Halbuki, hakimiyəti tənqid etmək, pisləmək, lap söymək özlüyündə heç bir dəyər daşımır. Bu, bir insana qiymət verməyin meyarı ola bilməz və olmamalıdır.
İnsana dəyər vermək üçün ona kompleks yanaşmaq lazımdır: Savadına, tərbiyəsinə, mədəniyyətinə, qarşısına qoydğu məqsədlərə... Amma sosial şəbəkədəki qəhrəmanqayırma prosedurunun absurdluğunu təsəvvür edin: Axtarıb, hakimiyyəti pisləyən bir adam tapırıq. Deyirik ki, "sən igidsən, al, layklarımız, sənə halaldır. Keç yuxarı başa. Status yaz, bəyənək. Video çək, baxaq. Əl çalaq". Niyə, hansı kəramətinə görə? Çünki hakimiyyəti söyür. Nonsesndir. Amma di gəl ki, bu nonsens sosial şəbəkədə gündəlik yaşam normasına çevrilib. Nə edək, necə edək, hansı dildə danışaq, hansı formada başa salaq ki, bir insan yalnız hakimiyyəti pisləyir deyə, onu qəhrəman mərtəbəsinə yüksəltmək idiotizmdir. Axı hakimiyyəti pisləmək üçün heç bir xüsusi qabiliyyət tələb olunmur. Bunu hamı bacarar.

Demə Qoq:
- Pahhh... Hamı bacarırmış... Hamı bacarar, bəs niyə eləmir? Eləsinlər, biz də görək ki, bacarırlar da...

- Lənət şeytana. Bu, nə yanaşmadır axı?! Bax, elə bəziləri məhz sizin bu anormal yanaşmanın məişət tullantılarının içinə düşüblər.

Demə Qoq:
- İndi sən belə mədəni olmusan? “Məişət tullantısı” nədir?! Denən ki, zibilinə düşüblər də!

- Yaxşı, zibilinə düşüblər də. Hakimiyyəti pislə, əmin olaq ki, sən ləyaqətli adamsan. Hakimiyyəti pislə, görək ki, sən yaltaq deyilsən. Niyə? Niyə belə tələb qoyulmalıdır. Axı bununla nəyə nail olunur? Bu yanaşma çox iblisanə, çox hiyləgər bir plandır və iki şeyə hesablanıb: 1) Vətəndaşları öz dövlətlərinə qarşı kökləmək və 2) İnsanları bir-birilə düşmən etmək, parçalamaq, didişdirmək... Bu yanaşmaya görə şəxsən mən neçə dostumla, yoldaşımla münasibəti kəsmişəm. Oturub çörək kəsdiyimiz, yoldaşlıq elədiyimiz şəxslər gətirib söhbəti ora çıxarıblar və bütün münasibətimiz korlanıb. Niyə belə olmalıdır? Doğrudanmı başa düşmək bu qədər çətindirmi ki, insanların öz dövlətlərini, hakimiyyətlərini, liderlərini dəstəkləmələri, sevmələri tamamilə normaldır və onların qarşısında “ya sən hökuməti pislə, ya da ləyaqətsiz adamsan” kimi dilemma qoymaq olmaz; əgər qoyulursa – necə ki, qoyulur,- bunun yeganə nəticəsi vətəndaş qarşıdurmasını dərinləşdirmək olacaq, başqa heç nə. Və əldə olunan yeganə nəticə həqiqətən də məhz budur. Doğrudanmı, heç kim düşünmür ki, bizim ölkədə vətəndaş qarşıdurmasının bu şəkildə dərinləşməsində kimlər maraqlı ola bilərlər?!

3. Hamı hamıya qarşı

Bu haqda açıq danışmağın vaxtıdır. Məsələni süni yollarla gətirib elə bir həddə qədər qəlizləşdiriblər ki, ölkədə artıq iqtidar və müxalifət tərəfdarları normal insan kimi ünsiyyət saxlaya da bilmirlər. Halbuki, mən həmişə buna çalışmışam. Tutaq ki, kimlərləsə bizi birləşdirən müxtəlif maraqlar olub – elmi mövzular, kinoya, kitablara olan həvəs və s. Amma sosial şəbəkənin təsiri bu insanları gec-tez elə bir həddə çatdırıb ki, artıq ünsiyyəti davam etdirmək mümkün olmayıb. Hər bir psixoloji müqavimətin qırılma nöqtəsi olur və sonra onlar başlayərlar altında olduqları təbliğatın təsirilə hakimiyyəti dəstələyən insanları nəsə bədheybət varlıqlar kimi görməyə. Halbuki, real həyatda heç nə dəyişməyib – biz yenə də çay içə, söhbət edə, ümumi maraqlarımızı birgə müzakirə edə bilərdik, amma virtual təzyiqlər daha buna iman vermir.

Demə Qoq:
- İnsanlar ürəklərini soyudurlar da. Bunu başa düşmək üçün akademik olmağa ehtiyac yoxdur ki.

Qəribə yanaşmadır e. Niyə sənə heç bir ziyanı keçməyən vətəndaşlarını söyməklə ürəyini boşaltmalısan axı?! Bunun əvəzində nə qazanırıq? Tanıdığımız, normal salam-əleyk elədiyimiz insanları söyüb, "yaltaqlıq"da, "ləyaqətsizlik"də ittiham etməklə, əlimizə nə gəlir, nə düzəlir, nə yoluna düşür? Hansı problem aradan qalxır bununla? Ölkədə korrupsiyanın kökümü kəsiləcək? Hamı yaxşımı yaşayacaq? Bu, siyasi mübarizə də deyil axı. Tutaq ki, bir YAP-çının üstünə düşüb, onu söysək, YAP-danmı çıxacaq? Əlbəttə yox, tam əksinə: Əmin olacaq ki, qarşı tərəfdə doğrudan da təhlükəli bir qaragüruh var.
Bu haqda çox ciddi düşünməyin vaxtıdır. Bəlkə də yanılıram (kaş ki yanılım), amma mən bunun hansısa ciddi düşünülmüş plan olmadığına inanmaya bilmirəm. Çünki ayrı cür belə çıxır ki, biz dəli olmuşuq. Səbəbsiz, əsassız yerə bir-birimizi təhqir edir, münasibətləri pozur, vətəndaş nazrazılığnı getdikcə dərinləşdiririk.

Demə Qoq:
- Plan-zad yoxdur. Bu ictimai qınağın bir növüdür. Haimiyyətin tərəfini tutanları qısnamaq lazımdır ki, onlar mövqelətini dəyişdirsinlər. Bu bizim – yəni sosial şəbəkə fəallarının ideologiyasıdır.

İndiyə qədər kim yolunu dəyişib sizin bu qısnamaların nəicəsində? Demək ki,nəticə vermir, boş yerə bir-birimizlə düşmən olmaqdan başqa heç nə qazanmırıq.

4. Uçuruma doğru ilk addım

Məni belə fikirlərə - yəni sosial şəbəkədə insanların arasında siyasi düşüncə fərqinin vətəndaş qarşıdurmasına çevrilməsinin düşünülmüş plan olması qənaətinə,- yönəldən deyim, nədir. 4-5 il əvvəl Xədicə İsmayıl təxminən belə bir status yazmşıdı ki, guya hansısa kafedə Xəzər TV-nin işçisi uzaqdan başı ilə ona salam verib, bu da bərkdən qayıdıb deyib ki, utanmısan mənə salam verirsən? Verilən mesaj o idi ki, iqtidar mediasında çalışanlar, geniş mənada isə ümumiyyətlə, hakimiyyəti dəstəkləyənlər müxaliflərlə salamaşa, ünsiyyət saxlaya, yoldaşlıq edə bilməzlər. Sonda da əlavə etmişdi ki, “belə olmur e, olmur”.
O vaxtdan bəri bu parçalanma dərinləşmək istiqamətində gedib. Ona görə də, mən açığı, düşünürəm ki, bu uçurumun dərnləşməsində maraqlı qüvvələr var. Anlamaq lazımdır ki, əgər biz – bir ölkənin vətəndaşları bu gün öz aramızda salamı normal alıb-verə bilmiriksə, bu yol uçrumdan başqa heç yerə aparmır.

Demə Qoq:
- Pah. Bəs nə eləməlidir? Kimsə hakimiyyəti tərifləməlidir, biz də sakit yanaşmalıyıq? Onunla mübarizə aparmamalıyıq?

- Bu, mübarizədir ki? 27 il həbsxanada yatan Nelson Mandela Piter Botanın siyasi təkliflərini rədd etsə də, kamerasında ona səndəl toxumuşdu. Bununla göstərirdi ki, biz əks ideyaları daşısaq da, şəxsən düşmən deyilik. Bax, bu, həqiqətən mübarizə idi. Bizsə burada bir-birinin şəxsinə hücuma keçir, təhqir edir, nə var-nə var, siyasi mövqeyi əksdir deyə, soydaşlarımızı şəxsi düşmənçilik cığırına düşməyə vadar edərək, başqa yol qoymuruq. Bu, mübarizə deyil.
Gözümüzün qabağında Belorusda mitinqçilər polislərə gül, xanımlar isə həttta busə də verdilər. Bu, nə deməkdir? Bununla polis vəzifə borcunu unudub, aksiya iştirakşılarının tərəfinəmi keçəcək? Yox, əlbəttə. Hərə öz mövqeyində qalacaq. Sadəcə, onların ikisi də vətəndaşdırlar və bir-birlərinə göstərirlər ki, mövqeyimiz zidd olsa da, biz düşmən deyilik. Biz yenə sabah üz-üzə gələcəyik. Azərbaycan balaca ölkədir, eyni qaydada, biz də sabah bir-birinin rastına çıxacağıq. Ona görə də, sosial şəbəkənin bütün təsirlərinə baxmayaraq, orada elə davranmalıyıq, pərdələri elə saxlamalıyıq ki, rastlaşanda bir-birinə salam verməyə üzümüz qalsın.

5. Mitinq tamarzıları


Madam ki, Belarusdan danışdıq, deməsək, olmaz: Lukaşenkoya qarşı aktiv mübarizə aparanlardan biri də AXCP sədri Əli Kərimlidir. Adam blokadada olmasına baxmayaraq, ruhdan düşmür, usanmır, dayanmadan videolar, şəkillər paylaşır, statuslar yazır. Məsələn, Minskdən izdihamlı şəkillər paylaşıb, yazır ki, “Belorus xalqının etirazından bir görüntü”. Maraqlıdır, cənab Kərimliyə nə düşüb ki, Azərbaycanda oturub, Belorusda mitinq keçirənlərin öz dillərilə desək, trolluğunu edir?
Əgər bu fincanda su yox, qəhvə olsaydı, biz fala baxmağa cəhd edərdik, amma xoşbəxtlikdən, ehtiyac yoxdur – indi Əli Kərimli bizimlə Skype bağlantısında olmalıdır.

- Əli bəy, necəsiniz? Çoxdandır danışmırdıq. Blokada necə gedir?
- Yaxşıyam. Ha-ha. Blokada da əla gedir. Hər gün canlı yayımlara çıxıram, videolar paylaşıram, həbsdən çıxan cəbhəçilərə baş çəkirəm... Həqiqətən, əla blokadadır!
- Məncə də. Lap belə dosta-qardaşa qismət olası blokadadır. Əli bəy, Belorusda baş verənlər sizi niyə bu qədər tərpədib? Xarici bir ölkədə baş verənlərə niyə hər gün xeyli diqqət ayırırsınız?
- Çünki xarici ölkə olsa da, bizim oradan çıxarmalı olduğumuz çox vacib nəticələr var.
- Çox maraqlı gəldi... Davam edin.
- Məsələn, bir: Əgər xalq etiraz etmək istəsə, heç bir qüvvə onun qabağını ala bilməz.
- Bir dəqiqə. Əminsiniz?
- Yüz faiz!
- Siz Minskdəki mitinqdən şəkillər paylaşanda mənim hər dəfə gözümün qabağına indi olmasın, “Məhsul” stadionunda keçirilən mitinqlər gəlir. Bir xatırlayın o Minskdəki yuxarıdan çəkilmiş şəkilləri və “Məhsul” stadionu ilə tutuşdurun. Onda sizin sözünüzdən belə çıxır ki, xalq etiraz etmək istəmir də, düzdürmü?
- Ihı... öhö-öhö... ıhııı... hıııı... kxe-kxe
- Sizi çətinə salmaq istəmirəm, amma paylaşdığınız şəkillərə baxanda və onu Milli Şuranın aksiyalarına gələn adamların sayı ilə müqayisə edəndə hansı nəticəni çıxarırsınız?
- Vüsal bəy, mənim zaryadkam qurtarır, ona görə də gəlin...
- Neçə faiz qalıb?
- İki faiz.
- Yaxşı. Minskdən bir şəkil diqqətimi çəkdi: Aksiya keçirən insanlar səliqəli şəkildə zibillərini bir yerə necə toplayıblar. Amma sizin mitinlərdə hər dəfə “Məhsul” stadionunda xeyli zibil qalırdı. Bu fərqin səbəbi nədir?
- (......)

6. Teleqram vuran kimdir

Belarus hadisələrinə gəlincə, bəlkə də çoxlarının diqqət yetirmədiyi maraqlı bir nüans var. Dünyanın müxtəlif yerlərində baş tutmuş əvvəlki etiraz dalğalarında feysbuk və tvitter əsas rol oynayırdılar, Belarusda isə “Telegram” önə çıxdı. Burada rəmzilik ondadır ki, Feysbuk və Tvitter Amerika, Telegram isə rus şirkətidir. Düzdür, onun qurucusu, çox maraqlı və ekssentrik insan olan Pavel Durov hazırda Rusiyada yaşamır və Telegramın məxfiliyini qorumaq üstündə bir neçə dəfə Rusiya hakim dairələrilə sözü çəp gəlib. Amma bu, məsələnin mahiyyətini dəyişmir.
Pavel Durov maraqlı fiqurdur. O, vkontakte platformasını yaradanda mən düşünürdüm ki, burada məqsəd feysbukun Rusiya informasiya məkanındakı monopoliyasına imkan verməməkdir. Amma sonra məlum oldu ki, vkantakte öz yerini tutsa da, feysbukda rəqabət apara biləcək bir proyekt deyil, çünki feysbukun yaratdığı bazara ondan sonra girib. Belə olanda Pavel Durov “vkontakt”ı “mail.ru” qrupuna satır və Telegramı yaradaraq, aktiv şəkildə inkişaf etdirməyə başlayır. Bu zaman açıq-aşkar feysbukun üstünə də gedir. O, tez-tez bəyan edirdi ki, feysbuk artıq dünənki gündür, batmaqda olan gəmidir və sair və ilaxır.
Xarici jurnalistlər Durovu “Rusiyanın Zukerberqi” adlandırsalar da, o, ekssentrikliyinə görə hətta İlon Maskı da geridə qoyar. Maraqlıdır ki, hazırda Telegram heç bir gəlir gətirmir və Durov hər il öz cibindən ona 13 milyon dollar pul xərcləyir. İstifadəçi sayı aırtdıqca, qoyulan vəsait də çoxalacaq. Açığı, Telegramın bu pulları geri qaytara biləcəyi inandırıcı görünmür. Elə isə maraqlıdır: Doğrudanmı, Pavel Durov sadəcə, insanların gizli yazışmaq hüququnu təmin etmək uğrunda savaşan idealist-milyonçudur, yoxsa, ortada başqa məqsədlər də var?!

***

İdealistlər fərqli düşünə bilərlər, amma həyat və təcrübə məni tam realist edib. Mən elə variantlara, xüsusilə idealist-milyonçulara inana bilmirəm. Telegram məqsədli düşünülmüş bir konsepsiya idi ki, sosial media ən azından qismən də olsa, feysbukun monopoliyasından çıxarılsın. O, sanki votsapp ilə Feysbukdakı “page” funksionalının birləşməsi idi. Və bu zaman insanların Feysbukda və Votsappda ən çox arzuladıqları, amma tapa bimədiklıri bir şeyi onlara vəd edirdi: Həqiqi məxfilik, şəxsi informasiyaların gizli qalması.
Feysbuk kimi, o da özü üçün bazarı özü yaratdı və bu dəfə Zukerberg “Votsap Business” ilə ona rəqib olmaq istəsə də, bacarmadı.
Belarus etirazçılarının telegramdan istifdə etmələri buna görə simvolikdir: Bu proseslər Rusiya işarəsi altında gedir. Belorusda meydanı idarə edən liderlər yoxdur, kütlə telegramla idarə oolunur. Teleqramı vuranlar isə bir az dərinə baxanda Rusiyaya bağlı fiqurlardır. Və onların istədikləri bu idi ki, Lukaşenkonun Qərb ilə münasibətləri tamam korlansın, daxildə isə başının üstündən böyük bir Domokl qılıncı asılsın onun Rusiyanın qanadığının altına sığınmağqdan başqa çərısi almasın. Hazırda mənə ə real görünən versiya budur. Amma əlbəttə ki, proseslər hələ davam edir, izləyəcəyik və maraqlı məqamlar olsa, şənbə günü AzVisionun analitik buraxılışında bu haqda geniş danışarıq. Özünüzdən muğayat və möhkəm olun!..



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti