“Mən də əsgərəm” müsabiqəsi başlayır - VİDEO

“Mən də əsgərəm” müsabiqəsi başlayır -    VİDEO
  26 Avqust 2020    Oxunub:19514
“Mədəniyyət” kanalı Müdafiə Nazirliyi ilə birgə vətənpərvərlik mövzusunda “Mən də əsgərəm” mahnı müsabiqəsi elan edib.
Azvision.az xəbər verir ki, avqustun 27-dən sentyabrın 15-dək davam edəcək müsabiqəyə vətənpərvərlik, hərbi-vətənpərvərlik və qəhrəmanlarımızın həyatından bəhs edən əsərlər, həmçinin marşlar təqdim edilə bilər. Göndərilən əsərlər mövzu ilə əlaqədar olaraq milliliyin və müasirliyin vəhdətini özündə ehtiva etməlidir. Münsiflər seçim mərhələsində müəllifin səsli sənədlərinə və təqdim olunan əsərlərin elektron variantına əsaslanacaqlar. Müsabiqə “Mədəniyyət” kanalının inzibati binasında (Bakı, Mehdi Hüseyn küçəsi, 1) keçiriləcək.



Sentyabrın 15-i müraciət üçün son tarixdir. Müsabiqə ilə bağlı ətraflı məlumatı (012)4921458 əlaqə telefonu və (050)4921458 mobil telefon nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etməklə öyrənmək mümkündür.

Qalib olan əsərlər Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında səslənəcək və “Mədəniyyət” kanalında təbliğ olunacaq.

Müsabiqədə iştirak və qeydiyyatdan keçmək istəyənlər [email protected] elektron ünvanına öz əsərlərinin yüksək keyfiyyətli audio və video versiyasını, şəkil və qısa yaradıcılıq xülasəsini göndərə bilərlər. Əsərlər daha öncə heç bir kütləvi informasiya vasitəsində və tədbirdə səslənmiş olmamalıdır. Müsabiqədə yalnız musiqi təhsili olan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə qalib olan şəxslər əsərini təqdim edərkən klavir, eyni zamanda hərbi orkestr və ya kiçik estrada heyəti üçün yazılmış partitura və partiyaları təqdim etməlidir.

Münsiflər heyəti yerlərdən hər hansını heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir. Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır.

Azvision.az


Teqlər: Mədəniyyət   Kanal   Müsabiqə  





Xəbər lenti