Vəzifəli şəxsin Qarabağda həlak olan övladı - `Daşaltı` tarixçəsi

Vəzifəli şəxsin Qarabağda həlak olan övladı - `Daşaltı` tarixçəsi
  26 Yanvar 2014    Oxunub:16358
Bu gün daha bir ağır faciənin – “Daşaltı əməliyyatı” kimi tanınan faciənin ildönümüdür. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən xususi döyüş əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saatlarında başlanıb və... yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında əlaqənin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

Müasir Azərbaycan tarixinin qara səhifələrindən birinin qısa tarixçəsi belədir.
“Daşaltı əməliyyatı”nda qurban gedən hər bir soydaşımızın xatirəsi əzizdir. Amma bu faciədən söz düşəndə, nədənsə, ən birinci Riad Əhmədov yada düşür. Bəlkə Riad Əhmədovun faciəsi, ölüm (ölümmü?!) tarixçəsi döyüş dostlarından daha fərqli, daha ağırdır, ona görə?
Bilmirəm...

Amma onu bilirəm ki, onun faciəsi, onun döyüş yolu barədə ilk dəfə 1997-ci ilin yanvar günlərində “Panorama” qəzetində söhbət açmışdım. Riad faciəsi ilə, Riad qəhrəmalığı ilə ilk dəfə onda yaxından tanış olmuşdum. Daha doğrusu, nə qədər ağır olsa da, anası ilə o günlərdə söhbət etmişdim. Və Bahar xanım Əhmədova onda igid oğul itkisinin hələ beşinci ildönümünü yaşayırdı və hələ ümidlə yaşayırdı...

Kimdir Riad Əhmədov?

Bu suala cavab vermək üçün Azərbaycan Respublikası Prezidentinin fərmanından bir parçanı xatırlatmağa ehtiyac var: “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
...Əhmədov Riad Fikrət oğlu – podpolkovnik”.
İlk baxışda ümumi və standart görünən belə bir mücərrəd mətn və sonda:
“Bakı şəhəri, 7 iyun 1992-ci il”.
Bu fərmana əlavə sərh kimi xatırlatmaq lazımdır ki, Riad Əhmədov müasir Azərbaycan hərb tarixinin qara səhifəsi olan uğursuz “Daşaltı əməliyyatı”ndan geri dönməyib...
Adətən, belə fərmanlarda bəzən mötərizə içərisində kədərli bir söz birləşməsi də yazılır – ölümündən sonra...
Bu fərmanda belə bir qeyd yoxdur. Çünki Riadın öldüyünü görən olmayıb.
Riad sağ da deyil. Amma bu fərman imzalananda həyatda olmayan Riadın hələ sağ qaldığına inam böyük idi. Özü də təkcə anası, doğmaları, əzizləri bu inamla yaşamırdılar. Onu tanıyanlar əmin idi ki, Riad Əhmədov ölə bilməz!
Niyə?
Bu barədə bir qədər sonra.

***

Bu fərmandan görünür ki, Riad Əhmədov Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olub.
Amma bu fakt hələ onu tanıtmağa kifayət eləmir...

Arayış

Əhmədov Riad Fikrət oğlu
1956-cı ildə Bakı şəhərində doğulub.
134 nömrəli orta məktəbi bitirib.
1979-cu ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə dipomu ilə bitirib.
Əvvəl Ədliyyə Nazirliyində, sonradan Dövlət Təhlükəsizliyi Komitəsində işləyib.
1981-1982-ci illərdə DTK-nın Minck Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra müxtəlif döyüş bölglərində olub, döyüş əzmi, vətənpərvərliyi ilə seçilib.
1991-ci ildə “Çaykənd əməliyyatı”nda göstərdiyi şücaətə görə qiymətli hədiyyə ilə mükafatlandırılıb.
1992-ci ilin yanvarında Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsilə Şuşaya gedib. Burdan keçmiş “əfqan” döyüşçülərlə birlikdə “Daşaltı əməliyyatı”nı keçirmək üçün kəşfiyyata göndərilib. Ağır döyüşlərdən sonra 11 nəfərlik dəstə mühasirəyə düşüb...

İkinci zəruri arayış

Əhmədov Fikrət Həmid oğlu
Sovet dövründə uzun illər partiya-sovet işlərində çalışıb, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində elm və tədris müəssisələri şöbəsinin müdiri olub.
1988-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb.
Fikrət Əhmədov Riadın atası idi...


Bu arayışlardan çıxarlan birinci nəticə:

Uzun illər yüksək vəzifələrdə işləmiş Fikrət Əhmədovun oğlu döyüş bölgəsinə getməyə bilərdi!
Heç kimə sirr deyil ki, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən Riadı o cür yüksək vəzifədə çalışan ata ən azı prokurorluq sitemində işə düzəldə bilərdi. Yaxud, heç olmasa, o dövrdə dəbdə olan komsomol xəttilə gələcək rahat karyerasını təmin edə bilərdi.
İndi kim nə deyir-desin, sovet dövründə belə yazılmamış qaydalar var idi! Və bu qaydaları o vaxt atası yox, Riad özü “pozub”. O, atasının vəzifəsindən və nüfuzundan istifadə etməklə özünə rahat həyat yolu seçməyib, çətiniliklərdən keçməyi qarşısına məqsəd qoyub...

İkinci nəticə:

Daşaltıda neçə-neçə igidimiz hərbi-taktiki səhvin, yaxud xəyanətkarlğın qurbanı olub. Bu uğursuz əməliyyata görə çoxları yüksək vəzifəsini itirib. Məhkəmə qurulub...

Bu da həqiqətdir ki, adətən, uğursuz əməliyyata görə mükafat vermirlər. Amma Riad istisna olub!

Təbii ki, bu işdə - onun mükafatlandırılmasında artıq atasının kimliyi heç bir rol oynamayıb və oynaya da bilməzdi - ən azı ona görə ki, həmin vaxt hakimiyyətdə olanlar tərəfindən “köhnə partokrat” sayılan Fikrət Əhmədov artıq həyatda yox idi. Amma həmin “partokrat” Vətənə sədaqətli, döyüşkən və igid bir oğul qoyub getmişdi.
Riadın yüksək ada layiq görülməsi barədə təqdimatı isə onun şəxsi şücaətini öz gözləri ilə görənlər, xarakterinə bələd olanlar, Riadı Çaykənddə, Goranboyda döyüş meydanlarından tanıyanlar yazmışdı...

“Daşaltı əməliyyatı”nı Müdafiə Nazirliyi həyata keçirməli idi. Riad ora kəşfiyyatçı kimi getmişdi. Özü bu əməliyyata könüllü qoşulmaq istəyəndə “Müdafiə Nazirliyində işləməyin barədə əmr yoxdur”, - deyib onu əməliyyatdan yayındırmaq istəyənlər öz gözləri ilə görmüşdülər ki, Riad komandir kimi yox, sıravi kəşfiyyatçı kimi getməyə də özü razı olub. Təki düşmən Şuşaya girməsin!..
Bax, həmin o gün Riad Əhmədov bilə-bilə özünü odun-alovun içinə atmışdı.

Axı niyə?

Oğul həsrətli ana ilə - Bahar Əhmədova ilə 1997-ci ilin bir soyuq yanvar günündə o vaxt hələ “Leçkomissiya” adlanan xəstəxananın həyətində bu suala cavab almaq istəyirdim.

Aradan neçə illər keçəndən sonra - elə indinin özündə də qəhrəman oğul itirmiş ana ilə bu görüşü və həmin anda onun nələr çəkdiyini ürək ağrısı ilə xatırlayıram...
Çətinliklə danışırdı:

- Uşaqlıqdan hərbi işə böyük marağı vardı,- deyirdi. – Lap balca olanda plastilindən əsgər fiqurları düzəldirdi, “bu, bizimkilər, bu da düşmənlərdi”,- deyirdi. Kaş ki o vaxt onun bu marağının qabağını alıb başqa istiqamətə yönəldəydik...

O vaxt, ötən əsrin sakit 60-cı illərində kim ağlına gətirə bilərdi ki, aradan daha 25-30 il keçəcək və doğurdan da Riad “bizimkilər”lə “düşmənlər”in bir addımlığında dayanmalı olacaq və... həlledici anda cəsarətlə həmin düşmənin üstünə gedəcək. Kim bilə bilərdi?
Heç kim...

Nə ata o günləri təsəvvür edə bilərdi, nə də ana...
Ana həmin yanvar günlərində hıçqırıqla deyəcəkdi ki, ata babası Həmid Əhmədov dövrünün tanınmış və cəsur sərhədçisi olub. Ana babası da ikinci dünya müharibəsindən qayıtmayıb.

Bəlkə bu, bir gen yaddaşının təkrarı idi?..
Bu, artıq mənim fərziyyəmdir...
Onda ana bir də onu deyə bilmişdi ki, universiteti bitirəndən sonra Dövlət Təhlükəsizliyi Komitəsində işə girmək istəyib, amma atası razı olmayıb. Riad sərhəd qoşunlarında xidmət etmək qərarına gəlib...
Dekabrın 20-də 35 yaşını ailə ilə birlikdə qeyd ediblər. Düz bir ay sonra – yanvarın 20-də deyib ki, qaçqınlarla görüşə gedirik.
Həmin gün soyuqladığı üçün bir az nasaz olub. Ana təkid edib ki, heç olmasa, bir neçə gün evdə qalsın, sağalsın, sonra gedər...
Razılaşmayıb, soyuqdəymənin tez keçəcəyini söyləyib və odun-alovun içinə doğru gedib. Növbəti gün evə zəng vurub, vəziyyətinin yaxşı olduğunu deyib. Amma harda olduğunu anasından gizlədə bilməyib, “Şuşadayam”,- deyib...
O vaxt Şuşada vəziyyətin son dərəcə ağır olduğunu isə Azərbaycanda hamı bilirdi...

Son döyüş

“Daşaltı əməliyyatı”, onun uğursuz təşkili barədə çox deyilib, çox yazılıb. Və o da yazılıb ki, düşmənin diqqətini yayındırmaq üçün kəndə göndərilən 11 döyüşçüdən ibarət dəstə bələdçilərin satqınlığı ucbatından düz ermənilərin üstünə gedib çıxıb və mühasirəyə düşüb.
Sonra nə olub?
Bunu bilən azdır...
Amma həmin yanvar günlərinin birində Riadın həyat yoldaşı Bahar xanıma ehtiyatla söyləyib ki, deyirlər, Riad ayağından bir balaca yaralanıb. Dərhal Müdafiə Nazirliyinə gediblər. Və orda da deyiblər ki, Riadı saxlaya bilmədik...
Niyə saxlaya bimədiniz?
Nədən saxlaya bilmədiniz?
Artıq bu sualları vermək gec idi...

Bahar xanım bu söhbətdən sonra uzun müddət ümidlə oğlunun qayıdacağı günü gözləyib. Lakin ondan xəbər-ətər çıxmayıb. Nəhayət, bir gün Riadın ailəsinə pensiya təyin edilməsi üçün yenidən Müdafiə Nazirliyinə müraciət olunub və ordan bildiriblər ki, Riadın Müdafiə Nazirliyində işə götürülməsi barədə əmr yoxdur (?!)...
Bu da o dövrün dövlət orqanlarının daha bir qeyri-peşəkarlığı!
Və ananın mənə təkidli suallarını xatırlayıram: “Bu necə ola bilər? Əgər əmr yox idisə, Riad necə döyüşə gedə bilərdi?”

Onda bu suallara mən cavab verə bilməmişdim. Heç o da məndən cavab gözləmirdi. Və ardınca “Daşaltı əməliyyatı”nın iştirakçısı olmuş bir hərbiçinin ona dediklərini danışmışdı. Sən demə, əməliyyat axşam saat 6 radələrində başlamalı imiş. Bakıdan gələn yüksək rütbəli iki nəfər Riada deyir ki, sənin əmrin olmadığı üçün döyüşə getməyəcəksən. Onda Riad xidməti vəsiqəsini və tapançasını təhvil verib sıravi döyüşçü kimi kəşfiyyata gedəcəyini bildirib...
Riad öz xarakterini, kimliyini bax onda göstərib!
Yüksək rütbəli məmurlara da, sıravi döyüşçü dostlarına da!

Ananın o soyuq yanvar günlərində mənə dedikərindən: “Axırıncı dəfə onu döyüşdə möcüzə nəticəsində sağ qalmış İlyas adlı bir döyüşçü görüb. Riad ayağından yaralanıbmış. İlyas deyib ki, Riad, gəl səni döyüşdən çıxaraq. Razı olmayıb. Amma deyib ki, İlyas, yanıma gəl, çıxış yolu tapmışam. Bu vaxt onların yanında mərmi partlayıb və Riad huşunu itirib. Sonra nələr baş verdiyindən İlyas da xəbərsiz qalıb...”
Bu tarixçəni ağır-ağır danışandan sonra ana susmuşdu. Sanki ardınca “o yol nə yol imiş?” sualını vermək istəmişdi. Amma verməmişdi. Görünür, özü də anlamışdı ki, o yol daha yoxdur...
O yol çoxdan bağlanıb...

Bir az susandan sonra başqa sual vermişdi:
- Ayağından yaralanıb. 3-4 saat qan itirib. Bəlkə huşunu itirib, doğurdan da ermənilər onu əsir götürüblər?
Bu, Riadın anasının 1997-ci ilin bir soyuq yanvar günündə mənə verdiyi növbəti sual idi. Və həmin anlarda ananın hələ də ümidlə yaşadığı aydın görünürdü. O deyirdi ki, bəlkə heç Riad barədə yazmaq lazım deyil, ermənilər də oxuyar, Milli Qəhrəman olduğunu bilsələr, onu bizə qaytarmazlar...
Ananın həmin 97-ci ildə hələ ümidlə yaşamağa haqqı var idi.

Millət qızı, ağlama

“Daşaltı əməliyyatı”na rəhbərlik etmiş sabiq müdafiə nazirinin bir mətbuat konfransında çoxdan dedikləri indi də qulaqlarımda səslənir: “Riad Əhmədov ölməli oğlan deyildi. Riad ölə bilməzdi. Mən inanıram ki, Riad sağdır...”
97-ci ilin o yanvar günlərində sabiq nazirin bu sözlərini mən ürəyimdə təkrarlamışdım. Amma cəsarət edib dilimə gətirə bilməmişdim.
Sükutu onda yenə ana pozmuşdu:
- Moskvada ailəvi yaxın olduğumuz bir rus generalı deyib ki, Riad sağdır...
Sağ idimi?
Sağdırmı?
Riad, təbii ki, sağdır – onu yaxından tanıyanların, əzizlərinin qəlbində həmişə sağdır, salamatdır.
Bu, igid oğul itirən anaya, mərd ömür-gün yoldaşı itirən həyat yoldaşına, əziz ata itirən iki qızına bir təsəlli deyil. Bu bir reallıqdır ki, torpaq uğrunda, Vətən yolunda ölənlər əbədiyaşar olurlar!
Amma tanınmış bəstəkar, Riadın bacısı Mehriban Əhmədova 90-cı illərin ortalarında anasına təsəlli üçün daha bir cəhd edib. Məmməd Arazın bir şeirinə - “Millət qızı, ağlama” şeirinə mahnı bəstələməklə könlünü almaq istəyib:

Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür,
Ağlayanı tezcə tapır dərd-hüzür...
Bəlkə belə Tanrı yazıb, ağlama,
Səsini boğ millət qızı, ağlama...


Onda ananı hətta Məmməd Araz hikməti də ovundura bilməmişdi...
Onda bu ananı hətta doğma qızının həzin və kədərli melodiyası da sakitləşdirmək gücündə deyildi.
Ana yol gözləyirdi...
Ana xəbər gözləyirdi...
Ana möcüzə gözləyirdi...
Möcüzələr isə tez-tez olmur. Və bəzən də, ümumiyyətlə, olmur!
Bu dəfə də möcüzə baş verməyib.
Oğul həsrətli ana ötən il dünyasını dəyişib.
Bu dünyadan Riadsız gedib.
Gedib ki, heç olmasa, o dünyada qovuşsun oğluna...


Müsəllim Həsənov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti