Emoməli Rəhmon yenidən prezidentliyə namizəd oldu

 Emoməli Rəhmon yenidən prezidentliyə namizəd oldu
  03 Sentyabr 2020    Oxunub:3667
Tacikistanın hakim Xalq Demokratik Partiyası (XDP) hazırkı dövlət başçısı Emoməli Rəhmonun 11 oktyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürüb.
Azvision.az xəbər verir ki, onun namizədliyini qurultayın min nümayəndəsi yekdilliklə dəstəkləyib.

Ölkə Prezidenti forumun nümayəndəsi olmasına baxmayaraq, qurultayın işinə qatılmayıb. O, həmin vaxt Milli Qvardiyanın 25 illiyinin yubiley tədbirlərində iştirak edib.

Daha əvvəl İ.Rəhmon Müstəqil Həmkarlar İttifaqları Federasiyası və ölkənin Gənclər Birliyi tərəfindən qarşıdakı seçkilərdə prezidentliyə namizəd olaraq irəli sürülüb.

Ölkədəki altı partiya artıq öz namizədlərini açıqlayıb. Kommunistlər isə 5 sentyabrda keçiriləcək qurultayda öz namizədlərini seçəcəklər.

Tacikistan Sosial Demokrat Partiyası prezident seçkilərini boykot etməyə qərar verib.

Qeyd edək ki, bu, Tacikistanın müstəqillik qazandığı 1991-ci ilin sentyabrından bəri keçiriləcək 6-cı prezident seçkiləridir.

Rəhmon 1994-cü ildən bütün seçkilərdə qalib gəlib. Tacikistanda prezident yeddi il müddətinə gizli səsvermə ilə seçilir. Seçki nəticələrinin etibarlı sayılması üçün iştirakçılıq ən azı 50 faiz olmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan  





Xəbər lenti