Tramp edam olunacaq iranlı idmançıya dəstək verdi

 Tramp edam olunacaq iranlı idmançıya dəstək verdi
  04 Sentyabr 2020    Oxunub:2895
ABŞ Prezidenti Donald Tramp iranlı döyüşçü Navid Afkariyə qarşı çıxarılmış edam hökmü xəbərinə reaksiya verib.
Azvision.az -ın məlumatına görə, Amerika lideri öz “Twitter” səhifəsində idmançının cəzalandırılması ilə razılaşmayanlara qoşulub və İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə çağırıb.

“Eşitdim ki, bütün cinayəti hökumət əleyhinə küçə nümayişində iştirak etmək olan İranın məşhur idmançısı 27 yaşlı Navid Afkarini edam etmək istəyirlər. Onlar ölkədə pisləşən iqtisadi vəziyyətə və inflyasiyaya qarşı çıxdılar. İran liderlərinə deyirəm ki, bu gəncin edamından imtina edib, onun həyatını xilas etməyinizi yüksək qiymətləndirərəm. Təşəkkür edirəm”, - deyə Tramp yazıb.

Daha əvvəl Afkariyə qətl ittihamı elan olunub, habelə onun hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi məlum olub.

Döyüşçünün ailəsi isə onun işgəncə altında ifadə verdiyini və polis zorakılığına görə bir neçə dəfə intihara cəhd etdiyini bildirib.

İdmançıya dəstək haştaqı sosial şəbəkələrdə populyarlıq qazanmaqdadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti