Ukrayna müxalifəti nazirliyi ələ keçirdi
Ədliyyə binasına hücum edən radikal müxalifətçilər binanın qapısını və pəncərələrini sındırıb, hər dörd mərtəbədəki mebel və əşyaları məhv ediblər. Bundan öncə, müxalifət tərəfdarları Kiyevin mərkəzindəki Ukrayna Evini zəbt etmişdi. Polisin məlumatına görə, radikallar onlara doğru bir neçə qumbara atsalar da, xoşbəxtlikdən partlayış baş verməyib. Ukraynanın Ədliyyə naziri Yelena Lukaş isə müxalifət liderlərinə müraciət edərək tərəfdarlarından Ədliyyə binasını tərk etməsini tələb edib.
Xanım nazirin sözlərinə görə, əks halda o, Milli Təhlükəsizlik və Müdafiə Şurasına müraciət edərək fövqəladə rejimin tətbiq olunmasını təklif edəcək. Lukaş zəbt olunmuş Ədliyyə Nazirliyinin binasında yeni Konstitutsiya və amnistiya layihələri müzakirə olunduğunu söyləyib. O əlavə edib ki, prezident Yanukoviçə müraciət edərək müxalifətlə istənilən danışıqların dayandırılmasına çalışacaq.
Xatırladaq ki, Viktor Yanukoviç müxalifətlə danışıqlardan sonra baş nazir postunu “Batkovşina” partiyasının sədri Arseni Yaçenyuka təklif edib. Baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini isə müxalifətin digər lideri,“UDAR” partiyasının sədri Vitali Kliçkonun tutacağı gözlənilir. Bundan əlavə, Yanukoviç ölkənin parlament-prezident respublikasına keçidini təmin edəcək konstitutsiya layihəsininin də hazırlanacağına zəmanət verib. İqtidardakı Regionlar partiyası sədr müavini Mixail Çeçetov isə Nikolay Azarovun rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefaya göndərməyə hazır olduqlarını bildiriblər. Lakin bundan öncə, müxalifətin öz tərəfdarlarının radikal aksiyalarını dayandırmasını və ölkədə sabitliyin bərqərar olmasını önə çəkib.
Vüqar İsmayılov