“Bakılı oğlan”ın ermənilərlə iş birliyi

“Bakılı oğlan”ın ermənilərlə iş birliyi
  27 Yanvar 2014    Oxunub:10136
“Parni iz Baku” Şən və Hazırcavablar klubunun ( “Bakılı oğlanlar”) üzvü erməni həmkarı ilə birlikdə film çəkib.

AzVision.az-ın məlumatına görə, Rusiyada fəaliyyət göstərən “Bakılı oğlanlar”ın tanınmış siması Timur Vaynşteyn “Tutuquşu klubu” adlı animasiya filminə prodüserlik edib.

Layihənin ərsəyə gəlməsində onun prodüser ortağı kimi “Novıe Armyane” komandasının keçmiş üzvü, erməni prodüser Artur Canibekyan çıxış edib. Artıq Rusiya kinoteatrlarında nümayişə başlanan film 3D formatında çəkilib. Tropik tutuquşunun və buqələmunun başına gələn müxtəlif sərgüzəştlərdən bəhs edən cizgi filminin səsləndirilməsində Rusiya Dövlət Dumasının deputatı Mariya Kojevnikova, komediya aktyorları Mixail Qalustyan, Dmitri Xrutalyox, Aleksandr Revva, Pavel Volya, Vadim Qalıgin və s. iştirak ediblər.

Layihənin “Comedy Club Production” və “Vayt Media” şirkətlərinin ortaq layihəsi olduğu bildirilir. 2003-cü ildə “Novıe Armyane” KVN komandası tərəfindən yaradılan “Comedy Club” ilk vaxtlar həftəlik stend-up janrında yumoristik proqramlarla çıxış edirdi. Yüksək reytinq qazanan proqram tezliklə böyüyərək prodakşna çevrilib və “TNT” telekanalında müxtəlif yumoristik veriliş və teleserialların istehsalına başlayıb.
“Comedy Club Production”un prezidenti Artur Canibekyan “Tutuquşu Klubu” adlı cizgi filminin çəkilişlərində Timur Vaynşteynin 2009-cu ildə televiziya və kino sahəsində prodüserlik etmək üçün yaratdığı təsis “Vayt Media” şirkətlər qrupu ilə sıx əməkdaşlıqda layihəni gerçəkləşdirib.
Xatırladaq ki, Timur Vaynşteyn 1974-cü ildə Bakı şəhərində anadan olub. O, “Parni iz Baku” KVN komandasının heyətində 1992-ci il KVN Ali Liqasının qalibi olub. 2000-ci ildə Mokvada ən yaxşı 10 KVN komandasının arasında keçirilən “10-LAR KUBOKU” adlı turnirdə iştirak edən Timur Vaynşteyn “Parni iz Baku” komandasının heyətində “XX əsrin çempionu” adını qazanıb.

Qeyd etmək yerinə düşər ki, Şahmat üzrə keçmiş Dünya çempionu Harri Kasparov Timur Vaynşteynin doğma əmisi oğludur.



Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti