AzVision: Həftənin real təhlili - VİDEO

      AzVision:    Həftənin real təhlili -    VİDEO
  14 Sentyabr 2020    Oxunub:15665
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Sizi verilişin şənbə günü efirə gedən buraxılışına baxmağa dəvət edirik:



Xoş gördük. “AzVision”un analitik buraxılışına - Həftənin real təhlilinə baxırsınız. Həftəmiz təhlil ediləsi hadisələrlə zəngin idi. Biz onların arasında daha maraqlı hesab etdiklərimizi sizin üçün seçmişik. Ümid edirik ki, proqram bitəndən sonra bu suallar daha sizin üçün sual olmayacaqlar:

- Piyadalar vəzirə çevrilir. Piyada keçidləri müasir şəhərlərdə hansı funksiyaları yerinə yetirirlər?
- 10 ilə iki dəfə böyümək. Azərbaycan Rusiyanın edə bilmədiyini bacaracaqmı?
- Rəqəmli İpək qurdları. Digital ipək yolunun çəkilməsinə kim və niyə mane olur?
- Qurdların səssizliyi: Niyə türk dövlətləri Türkiyəni Aralıqda tək qoyurlar?!
- Livan erməniləri Qarabağa niyə köçürülür və bunun sonrası nə ola bilər?


Bu həftə prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etdi. İlk baxışdan sual yarana bilər: Piyada keçidinin açılışı axı nə qədər önəmli hadisədir ki, dövlət başçısı ona şəxsən qatılmağı lazım bilib? Məsələyə əks tərəfdən yanaşmaq daha doğrudur: Əgər prezident bunu lazım bilibsə, deməli, önəmli hadisədir. Gəlin görək, niyə.
Hər şeydən əvvəl, dövlət başçısının ora getməsi ictimai diqqəti piyada keçidilərindən istifadə etməyin əhəmiyyətinin üzərində cəmləşdirir. O mənada bu hərəkət sadəcə hansısa açılışa qatılmaq deyil, həm də sosial mesajdır. Azərbaycanda istər sürücülərin, istərsə də piyadaların yoldan istifadə mədəniyyətinin yüksəldilməsinə ehtiyac var. Bu gün də çoxumuzun tez-tez belə mənzərənin şahid oluruq ki, piyadalar üçün körpü və ya tunel ola-ola, həmin ərazidə insanlar özlərini maşın yoluna vurur, bununla lazımsız risklər, təhlükəli vəziyətlər yaradırlar. Səbəb odur ki, müasir şəhərdə yol hərəkətinin iştirakçısı olmaq mədəniyyəti hələ də çoxumuzda yoxdur. Bu həftə açılışı olan körpü kimi gözəl yol infrastrkturunun qurulması və dövlət başısının şəxsən onun açılışına getməsi bir tərəfdən diqqəti həmin problemə cəlb etmək məqsədi daşıyır. Çünki yol mədəniyyətinin yüksəlməsi avtomatik olaraq, həm də təhlükəsizliyin artması deməkdir. Bu həftə istifadəyə verilən piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, orada məktəbin mövcudluğu, insanların daha çox yolun hansı hissəsindən keçməsi və digər amillər nəzərə alınıb. Ümumilikdə son illərdə Bakıda 113 piyada keçidi tikilib ki, onların 41-ü yerüstü, 72-si yeraltı keçidlərdir.
Bəzən sosial şəbəkədə bununla bağlı mübahisələrə, etirazlara rast gəlirik. Əks mövqedə olanlar belə arqument irəli sürürlər ki, bütün dünyada şəhərlərdə yollar piyadalarındır, avtomobillər onlara yol verməlidirlər və piyadalar üçün infrastrukturun tikintisinə də pul xərcləmək lazım deyil. Əlbəttə ki, bu yanaşmanı ciddi qəbul etmək olmaz. Tam əksinə, müasir dünyada piyada körpüləri artıq şəhər arxitekturasının elementinə çevrilir, onlar ətrafdakı mənzərəni daha maraqlı və gözəgəlimli edəcək şəkildə dizayn olunurlar. Fikir versəniz, Bakıda tikilən son keçidlər də belədir. İstər bundan qabaq Əhmədlidə, “Ukrayna” dairəsinin yanında istifadə verilən, istərsə də bu həftə açılışı olan körpü – ikisi də maraqlı, unikal görünüşə malikdirlər. Mən özüm lap uşaqlıqdan Əhmədlidə, Ukrayna dairəsinə yaxın ərazidə yaşamışam və tam səmimi deyə bilrərəm ki, oradakı piyada keçidindən sonra mənzərə köklü şəkildə dəyişib, sanki futuristik bir atmosferə qərq olub. Maraqlısı odur ki, dünyanın başqa ölkələrində də müasir şəhər quruculuğunda piyada keçidlərindən həm də bu məqsədlə istifadə olunur. İndi buna özünüz də əmin ola biləcəksiniz.

***

Bakıda tikilən son piyada keçidləri əslində keçiddən daha çox, piyada körpüsüdürlər. Müasir şəhərlərdə piyada körpüləri şəhər arxitekturasının çoxfunksiyaları elementlərindən sayılır. Əgər şəhərdən çay axırsa, yaxud, Venesiya kimi çoxlu kanallar varsa, bu, avtomatik olaraq, piyada körpülərinin tikintisində də geniş yaradıcılıq və fantaziya imkanları açır. Amma müasir şəhərlərdə avtobanları, yaxud sıx hərəkətin olduğu şosseləri, bəzən dəmir yollarını keçmək heç də çayı keçməkdən asan deyil, hətta daha çətin təhlükəlidir. Ona görə də, artıq istənələn şəhər özünün piyada körpülərini qurmağa məcburdur və bu, meqapolis arxitekturasının yeni, maraqlı elementinə çevrilir.
Bu gün demək olar ki, bütün meqapolislərdə piyada körpüləri var. Onlar həm piyada və velosipedçilərin hərəkətinin təhlükəsizliyi təmin edir, həm də bir sıra başqa funksiyalar yerinə yetirirlər. Piyada körpülərinin daxilində mağazalar, hətta kafelər qurulur, əyləncə imkanları yaradılır. Buna görə də mühəndislər, arxitektorlar piyada körpülərinin dizayn və funksionallığı ilə eksperimentlər aparmağı sevirlər.
Bir çox şəhərlərdə piyada körpülərinin özləri turistik obyektə çevrilirlər. Uzağa getməsək, Tiflisdə Kür çayının üzərindən çəkilmiş körpünü və ya Tehrandakı Təbiət körpüsünü göstərmək olar. Yox, əgər bir az uzağa getsək, İsraildəki məşhur Beer Şeva piyada körpüsü yada düşür. Daha da uzağa getsək isə, dünyada kifayət qədər maraqlı misallar mövcuddur. Məsələn, Melburndakı Uebb, Londondakı Millenium, Nidelanddakı Palasburq, Oklenddəki Nelson, Fransada la Roşe-sür-yon piyada keçid-körpüləri şəhər arxitekturasının çox gözəl elementləridirlər.
Bakı da artıq bu yolla – yəni çoxfunksiyalı və arxitektura baxımından qeyri-adi piyada körpüləri salmaq yolu ilə getməyə başlayıb. Şəhər inkişaf etdikcə piyada körpülərinə də ehtiyac çoxalacaq və demək, biz yaxın gələcəkdə daha gözəl, maraqlı nümənələrlə rastlaşacağıq.

Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”
Bu həftə Prezidentin Fərmanı ilə Azərbaycanda İqtisadi Şura yaradıldı və onun ilk iclası keçirildi. Bu Şuranın yaradılmasına ölkədə iqisadi islahatların davamı və qarşıya yeni, kifayət qədər iddialı hədəfələrin qoyulması konteksində yanaşmaq lazımdır. Əsas strateji hədəf isə budur: Növbəti 10 ildə ölkə iqtisadiyyatının iki dəfə böyüməsi, yəni, ümumi daxili məhsulun iki dəfə artması.
Bu hədəfi xüsusilə iddialı edən amil odur ki, qarşıdakı 10 ildə ölkə iqtisadiyyatının enerji ixracı hesabına ciddi artım göstərməsi mümkün olmadığından, ikiqat böyümə əsasən qeyri-neft iqtisadiyyatının hesabına baş verməlidir. Bunun üçün isə həqiqətən köklü tədbirlər görülməli, ciddi islahatlar aparılmalı, geniş investisiyalar cəlb edilməli, iqtisadi idarəçilikdə keyfiyyət dəyişikliyi baş verməlidir. Azərbaycan sanki 10 illik bir çağırışa, yarışa - dəbdə olan müasir terminlə desək, “challenge”ə qoşulur. Bunun necə bir “challenge” olduğunu təsəvvür etmək üçün yada salaq: 2003-cü ildə Rusiya prezidenti Vladimir Putin hökumətin qarşısında 1 ilə ÜDM-i iki dəfə böyütmək tapşırığını qoymuşdu. Medianı və siyasəti izləyənlərin yaxşı yadında olar: Həmin illərdə Rusiya mətbuatı gecə-gündüz “udvoit VVP” mövzusundan yazırdı. Burada bir kalambur da var idi, çünki Rus dilində həm ÜDM VVP kimi oxunur, həm də Vladimir Vladimiroviç Putin inisialı elə səslənir. Yəni belə alınırdı ki, VVP VVP-nin 10 ilə iki dəfə böyüməsini istəyir.
Amma sonda hər şey elə kalambur olaraq da qaldı, Rusiya həmin iddialı məqsədə nail ola bilmədi. 15 ilə ölkənin iqtisadiyyatı təxminən 94 faiz artdı. İnsaf naminə bura 2008-2009-cu illərin qlobal iqtisadi böhranının vurduğu zərbəni da əlavə etmək lazımdır, amma fakt faktlığında qalır.
Eyni məqsədi Ukrayna hökuməti 2010-cu ildə qarşıya qoymuşdu, amma onlarda da alınmadı.
Hesablamaq çətin deyil ki, iqtisadiyyatın 10 ilə iki dəfə böyüməsi üçün ÜDM hər il orta hesabla 7,2 faiz artmalıdır. Ötən il Azərbaycanda bu gösərici təxminən 2.5 faiz olub. Bu il əksinə, pandemiya səbəbindən 2.8 faiz geriləmə var. Demək, qoyulan hədəfə nail olmaq üçün biz pandemiya başlayana qədər olan illik iqtisadi artım tempini təxminən 3 dəfə artırmalıyıq.
Həqiqətən də çox iddialı və ciddi bir məqsəd qoyulub qarşıya. Hazrkı illik artımı 3 dəfə çoxaltmaq keyfiyyətcə tamam fərqli iqtisadi modellərə keçid tələb edir. Çünki aydın məsələdir ki, indiki iqtisadi model çərçivəsində qaldıqca belə güclü kəmiyyət dəyişikliyinə nail olmaq mümkün deyil. Bu dərəcədə fərqli nəticə üçün nələrisə dəyişmək lazımdır. Və Azərbayan buna hazırdır. Yeni yaradılan İqtisadi Şura da məhz bu məsəlni həll etməlidir: 10 ilə iki dəfə böyümək üçün lazım olan modelləri, şərtləri, islahatları, innovasiyaları təmin etmək.
Bu hədəf ölkənin özü-özü ilə, qiyabı olaraq isə başqa dövlətlərlə çox maraqlı bir yarışa girməsi deməkdir. 10 ilə iki dəfə artan iqtisadiyyat bütün bu proses dövründə yeni açılan iş yerləri, sabit maliyyə mühiti, sosial rifahın getdikcə artması deməkdir.
Amma bütün bunlardan əlavə, ən vacib məqam ondadır ki, qarşıya böyük, qlobal hədəflərin, layihələrin qoyulması ölkənin toparlanıb, gələcəyə yönəlməsini təmin edən vacib stimul kimi çıxış edir. Böyük milli ideyalar, hədəflər, qlobal layihələr xalqı gələcəyə, inkişafa həvəsləndirir, özünə və dövlətin gücünə inamı artırır. Azərbaycanın belə qlobal layihələri var, onların bəzilərini artıq reallaşdırmışıq, bəziləri gerçəkliyə çevrilmək mərhələsindədir, bəzilərinin isə həyata keçməsinə mane olmağa çalışanlar var. Bunun özü də bir çağırış, həll edilməsi qarşıda duran məsələdir. Elə layihələrdən biri hazırda “Rəqəmsal İpək Yolu” adlandırılan, Qara Dənizin dibindən keçən fiberoptik internet magistralıdır. Azərbaycan bu layihəni reallaşdırmaqla regionda bir növ internet qovşağına, informasiya “hub”ına çevrilməyə çalşır. Bu istiqamətdə artıq xeyli işlər də görülüb, amma təəssüf ki, hazırda Gürcüstan hökumətinin mövqeyi layihənin icrasına mane olur. Niyə? Qərb qonşumuzun istədiyi nədir? Gəlin, aydınlaşdıraq.

Brüssel mərhələsi: MQ öldü, yaşasın AB?! – VİDEOTƏHLİL
Təxminən bir il əvvəl Azərbaycanın “Neqsol Holding” şirkəti Qara dənizin dibi ilə gedən fiberoptik kabelin operatoru olan “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni 61 milyon dollara almışdı. Avropadan Cənubi Qafqaza gələn internetin əsas yükü məhz Qara dənizin dibi ilə gedən xəttə düşdüyüdən, bu şirkət bölgənin internetlə təminatında strateji rol oynayır. Şirkət Ermənistanda internet-trafik bazarının 85, Gürcüstanda 65, Azərbaycanda 50%-nə nəzarət edir.
Müqavilə bağlanana qədər tərəflər bir ildən çox danışıqlar aparmış və məsələdən baş nazir Baxtadzenin hökumətinin xəbəri olmuşdu. Gürcüstan hökuməti sövdələşməyə qarşı deyildi. Lakin Georgi Qaxariya baş nazir təyin olunandan sonra problemlər ortaya çıxmağa başladı. Hazırda Gürcüstan hakimiyyəti iddia edir ki, satınalma onunla razılaşdırılmadığı üçün qanunsuzdur. Üstəlik, qanunvericiliyə postfaktum dəyişiklik də etdilər ki, “Caucasus Online” şirkətini tam nəzarətə götürə bilsinlər.
Bu vəziyyət layihənin Qərb tərəfdaşlarının da təəccübünə və tənqidinə səbəb olub. Çünki əvvəla, azad biznesə müdaxilədir. İkincisi, bu dəhlizin əsas alternative Rusiya marşrutudur. Üçüncüsü, layihəyə görə Tiflisdə Netflix, Amazon, Google kimi kontent tədarükçülərinin məlumatlarının saxlanılması mərkəzinin yaradılması da nəzərdə tutulmuşdu. Yəni bu, Gürcüstanın da maraqlarına tam uyğundur.
Hökumət nümayəndələri niyə azərbaycanlı investorun Gürcüstan telekommunikasiya bazarına girməsinə qarşı çıxmalarını izah etmirlər. Bəzi fikirlərə görə, burada Azərbaycanın bölgənin telekommunikasıia bazarında rolunun artmasına qısqanc yanaşma var. İkinci versiyaya əsasən, Gürcü hökuməti “Caucasus Online” şirkətini çoxdan ələ keçirmək istəyir, sadəcə, bacarmırdı. İndi bu sövdələşmə onların əl-qolunu açıb.
Hazırda “Neqsol” beynəlxalq arbitraj məhkəməsinə müraciət etməyə hazırlaşır. Amma bütün hallarda, Gürcüstan hökumətinin belə yanaşması normal deyil və ölkələrimiz arasındakı münasibətlərin məntiqinə tamamilə ziddir. Çünki Azərbaycanın bütün şirkətləri Gürcüstan ərazisində gördükləri bütün işlərdə hər zaman həmin ölkənin də maraqlarını nəzərə alıblar.

Həsas məqamlardan biri budur ki, Ermənistan da internet magistralın Azərbaycandan keçməsini istəmir. Əvvəla, İrəvan qorxur ki, bununla Azərbaycan onların internet trafikini analiz edə biləcək. Digər tərəfdən, ermənilərin dəstəklədiyi alternativ layihə var. 2019-cu ilin fevralın 27-28-də Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı İran, Qətər və Ermənistan arasında “Qətər-İran-Avropa optik kommunikasiya kanalına” dair Memorandum imzalanmışdı. Sənədə əsasən, 3 ölkənin operatorları Fars körfəzi və Asiya ölkələrini Avropa ilə əlaqələndirəcək internet bağlantısı üçün yeni tranzit marşrutu yaradılmasında əməkdaşlıq edəcəklər.
Bu quru xətti mövcud dəniz xəttinə alternativ olamaqla, Türkiyə və Azərbaycandan yan keçəcək. Türkiyə və Azərbaycandan olan şirkətlər layihədə iştirak etmək istəsə də, seçimin Ermənistanın üzərinə düşməsi onun siyasi mahiyyətindən xəbər verirdi. Qətərin “Gulf Bridge İnternational” şirkətinin saytında layihə üzrə göstərilən marşrutun Ermənistan üzərindən Gürcüstana gedən 2 qolu var. Onlardan biri Azərbaycanın işğal olunmuş ərazilərindən keçir.
Hazırda İranın sanksiyalar altında olması bu sahəyə beynəlxalq təşkilatlardan böyük investisiyaların cəlb edilməsi prosesini çətinləşdirir. Ermənistan tərəfdən də problemlərin kifayət qədər olması layihənin reallaşmasını sual altında qoyur. Bütün baxımlardan Rəqəmsal İpək Yolunun şansı da çoxdur, regiona fayda vermək potensialı da. Sadəcə, Gürcüstan hökuməti yersiz qısqanclığı və yaratdığı qanunsuz əngəlləri kənara qoymalıdır. Çünki alternativ variant reallaşarsa, itirənlərdən biri də elə Gürcüstan özü olacaq.
İrana gəlincə, cənub qonşumuzun bizimlə daha səmimi davranması hər iki tərəfə həm iqtisadi, həm də siyasi baxımdan daha çox faydalar gətirə bilər. Bu notları həftənin əvvəlində İranın ölkəmizə yeni təyin olunmyş səfirinin etimadnaməsini qəbul edərkən prezident İlham Əliyevin çıxışından da sezmək mümkün idi.

- Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır. Əminəm ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir. Bütün başqa sahələrdə - sərmayə qoyuluşu, elektroenergetika sahələrində və digər sahələrdə yaxşı nəticələr var. O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir və yeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək.

Müsəlman dövlətləri, təəssüf ki, adətən ümumi maraqlar uğrunda birləşməyi bacarmırlar, xristianlarda isə bu, çox yaxşı alınır. Hazırda Avropada Türkiyəyə qarşı güclü geosiyasi cəbhəformalaşmaqdadır. Avropa Birliyinin sentyabrın 24-25-də keçiriləcək sammitinin əsas mövzusu da Şərqi Aralıq dənizindəki gərginlik, Türkiyə-Yunanıstan konflikti olacaq. “Aralıq dənizi yeddiliyi” adlanan ölkələr – ora Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Kipr və Malta daxildirlər,- məsələni Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qədər dərinləşdirməyə hazırdırlar. Bunu bu həftə Korsikaya səfər etmiş Emmanuel Makronun Ayaçço şəhərindəki çıxışından da anlamaq mümkün idi. Halbuki, təxribatlar da, qanunsuzluq da məhz Türkiyəyə qarşıdır. Göründüyü kimi, Avropa dövlətləri Türkiyə ilə mübaizədə Yunanıstanın yanındadırlar. Bəs Türkiyənin yanında kim var? Bəli, Azərbaycan. Heç bir qeydsiz-şərtsiz. Cənab Prezidentin də dediyi kimi.

- Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanıb. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.

Amma türk və müsəlman dövlətlərinin siyahısı təkcə Azərbaycandan ibarət deyil axı. Orta Asiyanın türkdilli dövlətləri - Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan niyə susurlar? Bunun səbəbi nədir: Səmimiyyətsizlik, yoxsa, cəsarətsizlik?
Bəli, bu ölkələrin müəyyən mənada Rusiya ilə Çindən iqtisadi-siyasi asılılığı var, onların arasında manevr etməyə məhkumdurlar, amma Türkiyəni dəstəkləmək bu mənada onların vəziyyətinə ciddi bir problem yaratmayacaq axı. Ən azından, beynəlxalq hüququn aliliyinin tərəfdarı kimi Türkiyənin mövqeyinin diplomatik dillə, ümumiləşdirilmiş qaydada dəsklənməsi beynəlxalq arenada Ankaranın hərəkətlərinin legitimliyinin qüvvətləndirilməsində rol oynaya bilərdi. Təəssüf ki, Orta Asiyanın türkdilli ölkələrinin özləri də bu məsələdə fəallıq göstərməyə bir o qədər həvəsli deyillər. Bu isə, hər şeydən əvvəl, türk birliyi ideyasının ruhuna ziddir.
Yeni qlobal qütbləşmənin dəqiq konturları hələ ki, tam müəyyən olunmasa da, İlham Əliyevin birmənalı şəkildə Türkiyənin yanında olduğunu bildirməsi o deməkdir ki, Azərbaycan yeni dünya düzənində özünü Türkiyənin olduğu geosiyasi düşərgədə görür. Bəs digər türk və müsəlman dövlətləri necə, özlərini hansı düşərgədə görürlər?
Məhz bu cür sualların açıq qalması hamının mövqeyini zəiflədir. Nəzəri cəhətdən bir-birini tərəfdaş, dost elan edən müsəlman və türk dövlətləri bunu real syasətdə praktik amilə çevirə bilmirlər. Xristianlardan fərli olaraq. Xristanlar bunu bütün istiqamətlərdə çox yaxşı bacarırlar – fərqi yoxdur, Avropa dövlətlərinin Yunanıstanı dəstəkləməsi olsun, yoxsa, Livan ermənilərinin Qarabağa köçürülməsi. Hər ikisi beynəlxalq hüququn pozulmasıdır, amma hər iki halda Avropa qanunu pozanların xeyrinə susur, həta onların yanındadır.

Qarabağdakı cinayətkar rejimin rəhbəri Araik Arutyunyanın bu həftə öz feysbuk hesabında paylaşdığı videoda Livandan gəlmiş bir erməni ailəsinin Şuşada necə yerləşdiyi göstərilirdi. Bu ailənin böyüyü Toni Hacar adlı bir ermənidir, verdiyi müsahibədə aşpaz olduğunu və kulinar layihələrini reallaşdırmaq istədyini deyir. Qəribədir. Beyrutdan gəlmiş erməni Hacar işğal altında olan Şuşada hansı kulinar layihəni reallaşdıra bilər axı? Cındırından cin hürkən Livan qaçqını orada restoranmı açacaq? Yoxsa tində lavaş yayıb, dolma bükəcək?
Yada salaq ki, cinayətkar rejimin rəhbərliyi Livandan 150-200 erməni ailəsinin Qarabağa gətirilməsinin planlaşdırıldığını elan edib. Bu zaman onlar Beyrutda baş vermiş partlayışı bəhanə gətirərək, niyyətlərini humanitar pərdəyə bükməyə çalşırlar. Halbuki, haradan və niyə gəlməsindən, daha doğrusu, gətirilməsindən asılı olmayaraq, işğal altında olan torpaqlarda heç kimi məskunlaşdırmaq olmaz. Bunun beynəxalq qanunvericiliyə zidd olduğunu Prezidentin köməkçisi Hikmət Hacıyev də vurğuladı.
Avqustun sonlarında Azərbaycanın xarici işlər nazirliyi məsələ ilə bağlı bəyanat yaymışdı. Amma eyni əməlləri davam etdirməklə Ermənistan açıq şəkildə və həyasızcasına göstərir ki, Qarabağ probleminin həllilə bağlı danışıqların bərpasında maraqlı deyil. Söhbət təkcə Azərbaycanı qıcqlandırmaqdan da getmir. Ermənistan bu hərəkətilə Minsk qrupunun həmsədrlərinə, geniş mənada isə bütün dünya birlyinə və beynəlxalq hüquqa da meydan oxuyur.
Amma yada salmaq pis olmazdı ki, bu, işğal altındakı torpaqları məskunlaşdırmağa yönəlmiş heç də birinci cəhd deyil. Suriyada müharibə gedəndə İrəvan Suriya ermənilərini də Qarabağa köçürməyə çalışmışdı. Amma hətta Suriya kimi cəhənnəmi görənlər belə, Qarabağda uzun müddət qala bilməmişdilər – çünki heç kim sahibsiz torpaqlarda qeyri-leqal yaşamaq istəmir – insanlara gələcəklərilə bağlı təminat lazımdır.
Nəticədə, bu gün Qarabağda guya 150 min adamın yaşadığı deyilsə də, reallıqda heç 100 min nəfər də yoxdur. Bütün işğal altındakı ərazilərdə düzgün təşkil olunsa, 3-4 kəndin əhalisi var. Yəni torpaqlar faktik olaraq, boşdur. Boş torpağın adından isə danışmaq olmur. Görünür, həm də buna görə Ermənistan nə yolla olursa-olsun, Qarabağ üçün sakinlər yapmağa və ya tapmağa çalışır. Xaricdəki soydaşlarını avantüraya qurban vermək bahasına olsa belə.

Bu məsələdə əsas sual belə qoyulmalıdır: Niyə? Bəli, Livan hazırda dünyanın heç də ən sabit yeri deyil, amma Qarabağ da heç bir halda ailəni-uşağını götürüb, köçmək üçün münasib ünvan sayıla bilməz. Çünki o, bitməmiş, hər an başlaya biləcək savaşın cəbhə xəttinin bir tərəfidir. Bu halda oradan köçən ermənilər üçün Beyrutda baş verən selitra anbarının patlayşı bayram atəşfəşanlığı kimi görünə bilər.
Aydındır ki, Livandan Qarabağa köçürülən ermənilərə müxtəlif imkanlar yaradılır, həvəsləndirici tədbirlər görülür. Amma niyə? Tutaq ki, 100-150 ailənin gəlməsi Qarabağda nəyi dəyişəcək ki?!
Erməni politoloqları və mediası bununla bağlı müxtəlif nağıllar danışır. Məsələn, guya hazırda Livanda yeni siyasi sistemin yaradılması prosesi gedir, Türkiyənin orada rolu güclənir, nəticədə ermənilərin taleyi təhlükə altında qala bilər. Bu nağıl sadəcə, Türkiyədən “xoxan” obrazı yaratmağa xidmət edir, vəssalam.
100-150 ailə kiçik də olsa, hər halda, bir icma deməkdir. Belə görünür ki, İrəvan Qarabağda və işğal olunmuş ərazilərdə yeni bir icma – Livan erməniləri icması yaratmaq niyyətindədir. Bu, ona nə verəcək? Əvvəla, həmin icma istər-istəməz münaqişədə iştirak edən aktorlardan birinə çevrilir, onun özünün maraqları formalaşır.
Məskunlaşdırma siyasəti etnoərazi konfliktləri zamanı ən hiyləgər taktikalardan biri sayılır. Ərəb-İsrail konfliktində də bu taktikadan aktiv isifadə olunurdu. Görünür, indi də ermənilər onu öz maraqlarına uyğun tətbiq etməyə çalışırlar.
İkincisi, təbii ki, Livan erməniləri gəldikləri ölkə ilə iqisadi-sosial əlaqələr saxlayacaqlar, bu isə işğal olumuş ərazilərin qeyri-leqal da olsa, xarici əlaqəsinin yaranması deməkdir.
Üçüncüsü, onların orada məskunlaşması adiləşərsə, tədricən başqa ölkələrdən də ermənilərin Qarabağa köçü başlaya bilər. Ona görə də, heç bir halda bunun adiləşməsinə imkan verilməməlidir. Azərbaycan dövləti də, belə görünür ki, işğal olunmuş ərazilərdəki məsunlaşma siyasətilə mübarizə aparmaq əzmindədir. Biz isə vətəndaş olaraq əlimizdən gələn köməyi etməliyik. Məsələn, xarici dillərdə bu haqda materiallar paylaşmaqla diplomatiyamıza dəstək verə bilərik.
Belə. Hadisələri izləməkdə və çıxardığımız nəticələri sizinlə bölüşməkdə davam edəcəyik. Görüşərik. Möhkəm olun.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti