Bugünkü qəzetlərdən seçmələr

Bugünkü qəzetlərdən seçmələr
  19 Mart 2013    Oxunub:1693
Yeni Müsavat

“Əqidə yoldaşlarım üstümə gəlirlər...”


Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə Qənimət Zahid arasındakı söz atışması dərinləşir. İsgəndərli bildirir ki, “1 il 9 ayda bu rejim mənə qarşı etdiklərini heç kimə etməyib. Amma türmədən çıxandan sonra “Yeni Müsavat”ın redaksiyasında Rauf bəy sual verdi ki, hamı türmədən çıxan kimi sakitləşdiyi halda siz rejimə qarşı daha sərt hücuma keçmisiniz. Qənimət Zahiddən, Əli Kərimlidən, İsa Qəmbərdən fərqli olaraq mənim içimdə bu rejimə qarşı qisas hissi yaşayır. Mənim əqidə yoldaşlarım türməyə girib çıxdıqdan sonra namizədliyimi irəli sürməyimə görə üstümə gəlirlər, lakin mənim çəkdiyim əzabları heç biri çəkməyib”.

Prezidentliyə namizədlərin sayı çoxalır

Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı getdikcə artır. Ümid Partiyasının İqbal Ağazadənin namizədliyini irəli sürməsi ilə iddiaçıların sayı 4-ə çatıb. Ekspertlərin proqnozlarına görə, bu gedişlə prezidentliyə namizədlərin sayı 10-u keçəcək. Bu mövzuda proqnozunu öyrənmək üçün müraciət etdiyimiz İqbal Ağazadə isə hesab edir ki, sonda təxminən beş-altı nəfərin seçkidə iştirakı gözlənilir.

Gənclər Ağdama yürüş edəcək

Sosial şəbəkələrdə Ağdama yürüş kampaniyası başladılıb. Bununla bağlı “Facebook” şəbəkəsində səhifə yardılıb və burda yürüşlə bağlı müraciət yerləşdirilib. Müraciətdə qeyd olunur ki, “Bizlər gözləməyə davam etsək, Qarabağı itirməyə davam edəcəyik”. Gənclər piyada, əliyalın Qarabağa yürüşə çağırırlar: “20 il həll olunmayan məsələnin həlli yolu özümüzük. Nə beynəlxalq qüvvələr, nə də mövcud hakimiyyət bizim addımlarımızı qınamayacaq. Təşkilatçılar 2013-cü il mayın 8-də Ağdam rayonunun girişində toplaşmağa çağırış edirlər.


Ziya Məmmədovun bankını “Hafka” aldı

Ziya Məmmədov «Bank of Azerbaijan»ı satıb. Məlumatlı şəxs bildirdi ki, bankın səhmlərinin böyük bir hissəsi bir neçə ay əvvəl nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən satılıb. Alıcı isə tanınmış iş adamı mediada «Hafka» kimi tanınan “Bağlan Qrup” holdinqinin prezidenti Hafiz Məmmədovdur. Məlumatlara əsasən bankın əsas səhmdarlarından olan «ZQAN» Holdinqin sahibi Anar Məmmədov 80 faizlik payını «Hafka»ya devr edib.

“Azərbaycan” qəzeti də İsmət Abbasovu topa tutdu

Rəsmi dövlət qəzeti “Azərbaycan” kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ilə tənqidi material dərc edib. “Bazara çevrilən yarmarkalar” başlıqlı materialda yarmarkalara möhtəkirlərin, alverçilərin ayaq açdığı, sahibkarların incidildiyi, yarmarkalarda antisanitariyanın baş alıb getdiyi vurğulanır. Təbii ki, rəsmi dövlət qəzeti olan “Azərbaycan”da belə bir yazının getməsi təsadüfi sayıla bilməz. Bu yarmarkaların təşkilinə Kənd Təsərrüfatı Nazirliyi cavabdehdir. Deməli, hədəfdə kənd təsərrüfatı naziri İsmət Abbasovun olduğu şübhə doğurmamalıdır. Yazıda İ.Abbasovun adı açıq mətnlə çəkilməsə də tənqidlərin məhz ona yönəldiyi şübhəsizdir. Görünür, 12 fevral konfransından sonra İ.Abbasova qarşı kompromat savaşı başlayıb.

Bakı ilə Ankara arasında soyuq küləklər əsməyə başladı

“İrəvan-Van aviareysinin açılması şəxsi təşəbbüsdür, dövlətin təşəbbüsü deyil. Bunu unutmamaq lazımdır”. Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Diplomat qeyd edib ki, Türkiyə hər məsələdə Azərbaycanın yanındadır: “Türkiyənin Qarabağ məsələsində mövqeyi hamıya məlumdur. Ölkəmizin mövqeyində hansısa dəyişiklik olduğuna şübhə etməyə heç bir əsas yoxdur. Türkiyə XİN-in rəsmisinin ənənəvi dostluq və qardaşlıq bəyanatlarını səsləndirməsi də çox güman ki, rəsmi Bakını sakitləşdirməyə hesablanıb. “Türkiyə Azərbaycanla bütün sahələrdə yaxın əlaqələrə malikdir” - deyə Türkiyə Xarici İşlər Nazirliyinin Araşdırma və Təhlükəsizlik İşləri üzrə baş direktoru Tunc Üğdül deyib. YAP icra katibinin müavini Siyavuş Novruzov isə hakim partiyanın türk diplomatının izahatı ilə qane olmadığını vurğuladı.


Unikal

İsa Qəmbərdən müxalifətə ağır ittiham


Müxalifətin vahid namizəd məsələsi bir dəfəlik dəfn edildi. Əslində bunu Müsavat başqanı İsa Qəmbər dəfn etdi. Bunu da qeyd edək ki, son zamanlar vahid namizəd problemini çözmək üçün iki real təşəbbüskar tərəf var idi. Birinci təşəbbüskar Məşvərət Məclisidir ki, burada da əsas hərəkətverici qüvvə AMİP-dir. Müxalifət hələ ki, “EL” hərəkatı ilə əməkdaşlığın formatını ortaya qoymayıb. İsa Qəmbər açıqlamasında mövqeyini ortaya qoydu:- “Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi isə İranın nəzarətindədir. Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər”.


“İsa Qəmbər hakimiyyətin işini asanlaşdırmaq xidmətini açıq-aşkar nümayiş etdirir”

Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev müsahibəsində bildirdi ki: “İsa Qəmbərin seçki ilində ölkədəki siyasi partiyaları Rusiya və İrana işləməkdə ittiham etməsini mənfi qiymətləndirirəm. İsa Qəmbər həm namizədliyini əvvəlcədən elan etməklə, həm də bu cür bəyanatlarla müxalifətin parçalanmış imicini yaratmaq və bununla da hakimiyyətin işini asanlaşdırmaq xidmətini açıq-aşkar nümayiş etdirir; “Milyarderlər İttifaqı”nı birmənalı olaraq, Azərbaycanın suverenliyinə qarşı layihə hesab edirəm; PA rəhbəri Ramiz Mehdiyevi Azərbaycandakı mövcud siyasi konfiqurasiyanın müəllifi sayıram; “El” hərəkatı təzə yaranıb. İddia olunur ki, onun arxasında Rusiya dayanıb, lakin mən hesab edirəm ki hələ tezdi bu məsələyə qiymət vermək. Ancaq Eldar Namazov birmənalı siyasi qüvvənin təmsilçisi deyil. Nə elektoratı var, nə də ciddi bir xarizması”.


Azadlıq

Gülər Əhmədovadan gözlənilməz etiraf və sərt mesaj


Dünən Elşad Abdullayevin Bakı Apelyasiya Məhkəməsində Səbayel Rayon Məhkəməsinin verdiyi qərardan şikayətinə baxılıb. Bunu “E.Abdullayevin vəkili Adil İsmayılov dedi. Vəkilin sözlərinə görə, şikayət sabiq rektorun keçmiş YAP-çı deputat Gülər Əhmədovaya qarşı açılan cinayət işində zərərçəkən kimi tanınmaması ilə bağlı olub və hakim daha öncəki məhkəmənin qərarını qüvvədə saxlayıb. G.Əhmədovanın vəkili Raqif Mustafayev isə müvəkkilinin daha bir mesajını çatdırdı. Gülər xanım deyir, istəyirlər 40 dənə video göndərsinlər. Deyir, mən artıq hər şeyimi itirmişəm. Mandatımı itirmişəm, partiyadan çıxarılmışam, həbs olunmuşam. Həyat yoldaşım işdən çıxarılıb. Artıq məni video yox, Abdullayevlə görüşmək maraqlandırır” - deyə R.Mustafayev bildirib.

Gülər Əhmədova psixotrop dərmanlar qəbul edib

Bir müddət əvvəl həbs olunun və Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədovanın səhhətində irəliləyiş müşahidə edilmir. Bu barədə G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Vəkil bildirib ki, sabiq deputat müalicə olunur: “Gülər xanım çox ağır sarsıntılar keçirib. Buna görə də bədəni müalicələri qəbul eləmir. Təzyiqi düşmür. Həkim gəlib kamerada iynə vurur, dərmanlarını qəbul edir, amma səhhətində irəliləyiş hələ də müşahidə edilmir. Mən hər dəfə görüşə gedəndə başı sarıqlı halda gəlir. Beynində-başında ciddi ağrılar var”. R.Mustafayev onu da bildirib ki, məlum hadisələrdən sonra Gülər Əhmədovanın səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün psixiatr ona psixotrop dərman preparatları yazıb və Gülər Əhmədova həmin müalicəni qəbul edib. Lakin həbs edildikdən sonra G.Əhmədovanın həmin psixotrop dərman preparatlarını qəbul etməsi dayanıb. Daha doğrusu, həmin dərmanların cəzaçəkmə müəssisəsinə keçirilməsi qadağan edildikdən bu, mümkün deyil. Bu səbəbdən də sabiq deputatın ağrılarını kəsmək xeyli çətinləşib.


Gündəm Xəbər

Litva ilə Azərbaycan arasında diplomatik qalmaqal


“Litva Seymin nizamnaməsi istənilən qrupları yaratmağa icazə verir, lakin qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupun yaradılması Seymin rəsmi mövqeyini bildirmir”. Bu açıqlamanı Litva-Azərbaycan parlamentlərarası dostluq qrupun sədr müavini Mantas Adomenas verib. Onun sözlərinə görə, bu qrupun digər parlamentlər arası qruplardan fərqi ondadır ki, bu qrup bir neçə parlament üzvünün şəxsi təşəbbüsü ilə yaradılıb: “Litva Seymində balıqçıların, siqar sevənlərin də qrupu yaradıla bilər. Amma “DQR” ilə dostluq qrupu rəsmi statusu daşımır. Çox təəssüf olsun ki, erməni mediası bu qrupa daha geniş status verməyə çalışır, bununla da insanları çaşdırır. M.Adomenas vurğulayıb ki, Litva Seymi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.



Teqlər:





Xəbər lenti