Niyə çərşənbə axşamı? - ARAŞDIRMA

Niyə çərşənbə axşamı? - ARAŞDIRMA
  19 Mart 2013    Oxunub:12069
Bu gün ilaxır çərşənbə – torpaq çərşənbəsidir. Adətən xalqımız Novruz bayramı öncəsi dörd çərşənbə axşamını yüksək əhval-ruhiyyə ilə qeyd edir. Maraqlıdır, bəs bu mərasim niyə məhz çərşənbə axşamında qeyd olunur? Bunun hər hansı xüsusi bir tarixçəsi varmı?
Folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadənin sözlərinə görə, həmin mərasimlərin niyə məhz çərşənbə axşamlarında keçirilməsi ilə bağlı dəqiq fikir yoxdur. Ancaq bu barədə ehtimallar da müəyyən qədər məlumat verir.

Ehtimal 1: Təqvim çərşənbə axşamında hasil olub:

“Novruz qabağı bir aylıq boz ay deyilən bir müddət var. 4 çərşənbə də həmin boz ayda keçirilir. Onların tarixçəsi ilə bağlı bir neçə ehtimal var. Onlardan biri də odur ki, e. ə 487-ci ildə Şərq alimləri bir yerə yığışıb günləri, ayları illəri göstərən, həmçinin, illərin müxtəlif heyvanlar üzərində təhvil olunmasını əks etdirən təqvim hesablayıblar. Həmin təqvim çərşənbə axşamında hasil olub. Elə ona görə də, çərşənbə axşamlarında qeyd edirlər”.

Ehtimal 2: Xalq əvvəlcədən işini ehtiyatlı tutub ki, dörd ünsür acıqlanmasın

Foklorşünas ikinci bir ehtimalın da olduğunu bildirib: “Bu, ondan ibarətdir ki, bir çox dünya xalqlarında, o cümlədən də, bizdə çərşənbə günü ağır gün hesab olunur. Həmçinin, çərşənbə cahar-şənbə deməkdir. Yəni onda dörd çərşənbənin ağırlığı var. Dədə-babalarımız çərşənbələrin xətərsiz ötüşməsi, ruhların razı qalması üçün əvvəlcədən işlərini ehtiyatlı tutublar. Onları bol süfrə, şadyanalıqla qarşılayıblar. Belə rəvayət olunur ki, məhz çərşənbə axşamında təbiətin dörd ünsürü, Novruzun elçiləri bu xalqdan xəbər tutmağa gəlir. Onlar gələndə xalqın onları necə qarşılamasından asılı olaraq, özlərini aparırlar”. Onun sözlərinə görə, xalq əvvəlcədən işini ehtiyatlı tutub ki, həmin dörd ünsürü acılandırmasın: “Çünki insanların həyatı bilavasitə o ünsürdən asılıdır. Suyun, odun, küləyin, torpağın gücündən insanlar öz həyatlarında istifadə edirlər. Ona görə də, bu dörd ünsürü müqəddəs hesab ediblər”.

İlaxır yox, ilağır çərşənbəsi

Astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy isə bildirir ki, əslində ikinci gün həftə ərzində ən çətin gündür.: “Çünki həmin gün Marsın günüdür. Mars da cəngavərliyin, qan-qadanın, müharibənin himayəçisidir. Ona görə də, ikinci gün daha çox dava-dalaş olur, bir-biri ilə insanlar yola getmirlər, sözlərini həzm edə bilmirlər. Heç nədən qaşınmayan yerdən qan çıxır. Bu günün bir neçə adı var dilimizdə. Duz günü, çərşənbə, ağır çərşənbə. İlaxır sözü də “ilağır”dan yaranıb. Belə ki, ilağır, yəni ilin ağır çərşənbələri. Bunu xüsusi bayram şəklində keçirirlər ki, günün mənfi energetikası insanlara ziyan verməsin. Əslində camaat ilaxır deyir, amma bu ilağır olmalıdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti