Yanukoviç və Rusiya uduzdular - TƏHLİL

Yanukoviç və Rusiya uduzdular - TƏHLİL
  29 Yanvar 2014    Oxunub:2093
Ukraynada davam edən böhranda ölkədaxili miqyasda qarşıduran tərəflərlə yanaşı, geosiyasi mənada qarşıduran tərəflər razılığa gəlmək üçün danışıqlara başlayıblar. Ölkə daxilində iqtidarla müxalifət arasında aparılan danışıqların artıq ilkin nəticələri məlum olub. Ukrayna uğrunda mübarizəyə qoşulmuş Avropa Birliyi ilə Rusiyanın danışıqlarının nəticələri isə hələ ki, məlum deyil.

Dünən Ukraynadakı hadisələrinə həsr olunmuş birgünlük AB-Rusiya sammiti keçirilib. Danışıqlarda hər iki tərəfin əsas söz sahibləri – Rusiya tərəfindən prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, AB tərəfindən isə Avropa Şurasının sədri Herman van Rampey, Avropa komissiyasının sədri Joze Manuel Barrozu və AB diplomatiyasının rəhbəri Ketrin Eşton iştirak ediblər.

Sammit öncəsi Ukraynada prezidentlə müxalifət nümayəndələri arasında müəyyən kompromisin əldə olunması Rusiyanın danışıqlarda mövqeyini nisbətən zəiflədir. Avropa Birliyi ilə Rusiya Ukrayna məsələsində bərabər nüfuza malik qarşılıqlı asılılıqları olan tərəflər kimi danışıqlar masasına əyləşiblər.

Ukraynada iqtidarla müxalifət arasında aparılmış danışıqların nəticələrini qarşılıqlı razılıq deyil, prezident Yanukoviçin geri çəkilməsi və müxalifətin irəli sürdüyü bütün tələbləri yerinə yetirərək, birtərəfli kompromisi kimi qiymətləndirmək olar.
Ukrayna parlamenti tərəfindən yanvarın 16-da qəbul olunmuş və ölkəni avtoritarizmə sürükləməsi iddia edilən bütün qanun layihələri ləğv olundu. Həmin qanun layihələrində kütləvi aksiyaların keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulur, hakimlərin səlahiyyətləri artırılır, jurnalistlərin fəaliyyətində müəyyən qadağalar nəzərdə tutulurdu.

Baş nazir Nikolay Azarov istefa ərizəsini yazdı və prezident onun istefasını qəbul etdi. Ölkə qanunvericiliyinə əsasən baş nazirin istefasıyla Nazirlər Kabineti tam tərkibdə istefaya getdi. Yeni kabinet formalaşanadək əvvəlki nazirlər öz vəzifələrini icra edəcəklər.

Yanukoviç ölkə konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı işçi qrupunun yaradılması və məsələnin referenduma çıxarılmasına da razılıq verib. Müxalifət konstitusiyada müvafiq dəyişiklik edilərək 2004-cü ilə dək olan variantın qəbul olunmasını istəyirlər. Belə olan halda, baş nazir və parlamentə prezidentdən daha çox səlahiyyət verməsi nəzərdə tutulur.

Nəhayət, prezidentin sonuncu kompromisi ondan ibarət olub ki, o, “Maydan” və küçələrin etirazçılardan boşaldılması müqailində nümayişlər zamanı həbs olunanların əfv olunacağına razılıq verib. Hələlik müxalifət prezidentin bu vədinə inanmır və tələblərin yerinə yetirildikdən sonra etirazçıların dağılacağını bildirirlər.
Hadisələrdə diqət çəkən əsas məqam isə ondan ibarətdir ki, prezident Yanukoviç müxalifətçilərə hökumətə rəhbərlik etməyi təklif edib.

Prezident Yanukoviçin ölkədə yaranmış belə bir vəziyyətdə güzəştlərə getməkdən başqa çıxış yolu qalmırdı. Prezidentin bütün tələbləri yerinə yetirməsi müxalifətə narazı kütlə formalaşdırıb etiraz aksiyası keçirmək və prezidentin istefasını tələb etmək üçün heç bir əsası qalmır. Yanukoviç hətta Gömrük İttifaqına daxil olmadı. Keçmiş baş nazir Azarov istefaya getməmişdən qabaq hələlik ölkəsinin Gömrük İttifaqına daxil olmağa hazır olmadığını bildirdi.

Beləliklə Yanukoviç ən azı prezidentlik müddəti başa çatana qədər öz hakimiyyətini qorudu, ölkədəki etirazları bəhanə edərək Rusiyanın Gömrük İttifaqına daxil olmaq tələbindən müvəqqətidə olsa boyun qaçıra bildi. Üstəgəl Moskvadan 15 milyard yardım və qazın qiymətinin əz azı bu il üçün 404 dollardan 268 dollara endirilməsinə nail oldu.

Hələlik müxalifət liderləri Yasenuk və Kliçko prezidentin hökumətə rəhbərlik etmə təklifinə heç bir cavab verməyiblər. Yanukoviçin bu təklifi verməsi də özü üçün uduşlu hesab oluna bilər. Belə ki, prezident Yasenuka baş nazir, Kliçkoya baş nazirin müavini vəzifələrini təklif edib. Milliyyətçi “Azadlıq” partiyasının rəhbəri Tqibkoya isə heç bir vəzifə təklif olunmayıb.

Müxalifətçi liderlər anlayırlar ki, prezidentin istefasını tələb etmək üçün nə qanuni nə də başqa əsaslar qalmadığı üçün onların iqtidardan qopara biləcəkləri ən böyük mövqe hökumətə rəhbərlik etməkdir. Ancaq prezidentin liderlərdən birinə baş nazir, digərinə müavin postunu təklif etməsi hər bir halda onlar arasında fikir ayrılığı yaradacaq. Bu isə tədricən müxalifətin daxildən parçalanmasına şərait yaradacaq.

Müxalifətçilərin prezidentin təklifini qəbul etməsi Yanukoviçin üçün ən uduşlu variant hesab oluna bilər. Belə ki, iqtisadiyyatı iflasla üz-üzə dayanan dövlətdə baş nazir olmaq istənilən figur üçün siyasi ölümə bərabərdir. Əhalinin müxalifətçi liderlərdən böyük gözləntiləri olduğu dövrdə onların hökumət rəhbərliyinə keçərək yekunda heç bir hiss olunan irəliləyişə nail olmamaları Yasenukla Kliçkonun siyasi həyatına son qoyacaq. Ukraynanın iqtisadiyyatının hazırki vəziyyətində qısa müddətdə hər hansı irəliləyişin əldə olunması qeyri-mümkündür.

Kiyevin məhz belə bir siyasi mənzərə ilə üz-üzə olduğu bir dövrdə Ukraynaya həsr olunmuş AB-Rusiya sammiti keçir. Tərəflərin bir-birinə zidd geosiyasi ambisiyaları öz yerində ancaq onları birləşdirən əsas maraq var – Avropa qaz almaq, Rusiya isə qaz satmaq istəyir. Qaz körpüsü isə Ukraynadan keçir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti