“Lavrov danışıqların tezliklə bərpasının vacibliyini qeyd edib” - Səfirlik

 “Lavrov danışıqların tezliklə bərpasının vacibliyini qeyd edib” -  Səfirlik
  24 Sentyabr 2020    Oxunub:2564
Azərbaycanın Rusiyadakı səfirliyi Milli Məclisin Sədri Sahibə Qafarovanın sentyabrın 21-23-də Moskvaya rəsmi səfəri barədə məlumat yayıb.
Səfirliyin mətbuat xidmətindən Azvision.az-a bildirib ki, bu, Sahibə Qafarovanın spiker kimi Rusiyaya ilk rəsmi səfəridir.

Səfər zamanı Sahibə Qafarova rəhbərlik etdiyi nümayəndə heyəti ilə Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb, Federasiya Şurasının plenar iclasında çıxış edib, eləcə də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüş keçirib.

23 sentyabrda Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının payız sessiyasının açılışında çıxış edib.
Lavrov: "Ermənistan müttəfiqimizdir"

Dağlıq Qarabağın tarixindən bəhs edən xanım spiker, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini senatorların diqqətinə çatdırıb. Federasiya Şurasının yüksək tribunasından münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini qeyd edib və Azərbaycan xalqının tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyi vurğulayıb.

XİN rəhbəri Sergey Lavrovla görüşdə Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmasların ikitərəfli münasibətlərə dinamizm verdiyini vurğulayıb.

Sergey Lavrov görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş və onların mahiyyəti barədə Azərbaycan nümayəndə heyətini ətraflı məlumatlandırıb. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın münaqişənin sülh yolu və dinc vasitələrlə həllinə dair mövqeyini bir daha ifadə edib.

Bununla əlaqədar olaraq Lavrov tərəflər arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların tezliklə bərpasının vacibliyini qeyd edib. Nazirlə deputatlar arasında ətraflı fikir mübadiləsi aparılıb”, - deyə səfirliyin açıqlamasında qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Lavrov   Rusiya   Səfirlik  





Xəbər lenti