Ermənistanın müxalifət lideri: “Ölkədə vəziyyət daha da pisləşir”

Ermənistanın müxalifət lideri:  “Ölkədə vəziyyət daha da pisləşir”
  25 Sentyabr 2020    Oxunub:3074
Əgər mənim həbsimlə Ermənistandakı sosial-iqtisadi vəziyyət yaxşılaşacaqsa, buna qarşı deyiləm.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı fraksiyanın rəhbəri Qaqik Tsarukyan deyib.

Bu gün İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Tsarukyanın həbsi ilə bağlı vəsatətinə baxır.

O, məhkəmədən əvvəl jurnalistlərə deyib ki, ölkədə çətin bir siyasi, sosial-iqtisadi vəziyyət yaranıb. Tsarukyanın fikrincə, bu, Ermənistanda əvvəl heç vaxt olmayıb, çıxış yolu axtarmağın vaxtı çatıb.

"Vəziyyətin daha da pisləşməməsi üçün onu düzəltməyə, nizamlamağa çağırdım. Ancaq iyundan bəri durum getdikcə daha da pisləşir. Hökumətin hazırkı tərkibi ilə daha yaxşı ola bilməz. İnsanların təcrübəsi yoxdur, sahələri ilə bağlı məsələləri bilmirlər".

Onun sözlərinə görə, əgər həbsi ilə vəziyyət yaxşılaşacaqsa, maaşlar artacaqsa, vergilər azalıb, yeni sərmayə axını olacaqsa, o zaman “problem yoxdur”.

Xatırladaq ki, Ermənistanın ən böyük iş adamlarından biri olan Tsarukyan külli miqdarda vergidən yayınma, habelə seçicilərə rüşvət vermək və torpaq sahələrini mənimsəməkdə ittiham olunur. Parlament onu deputat toxunulmazlığından məhrum edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müxalifət  





Xəbər lenti