Operanın nümayişindən qabaq Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova çıxış edərək bir neçə gün əvvəl Şəfiqə Axundovanın 90 illiyinin tamam olduğunu söyləyib.
Vurğulanıb ki, bütün ömrünü musiqiyə həsr edən, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundova ilk növbədə gözəl mahnı bəstəkarı kimi sevilir. Onun mahnıları, melodiyaları artıq zamanın sınağından çıxıb və müxtəlif ifaçıların repertuarında yer alıb.
Tamaşanın dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.
Əsas rolları xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Şahlar Quliyev, Əli Əsgərov, əməkdar artistlər Gülüstan Əliyeva, Sahibə Abbasova, Nizami Bağırov və digərləri ifa ediblər.