Ukraynada erməni təxribatlarından danışılıb

  30 Sentyabr 2020    Oxunub : 1606
Ukraynada erməni təxribatlarından danışılıb
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sum şəhərində A.S.Makarenko adına Sum Dövlət Pedaqoji Universitetinin müəllim heyəti ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, Əfqan Salmanov görüş zamanı 30 ildir ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin, xüsusən də erməni təcavüzünün yaratdığı fəsadlardan söz açıb.

Natiq həmçinin Ermənistanın Azərbaycanın tarixi ərazilərini – Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonları işğal altında saxlamaqla yanaşı dünyada heç kəs tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ respublikasının" yaradılmasından da bəhs edib. O, Ermənistanın torpaqlarımızda məscidləri, dini abidələri təhqir etdiklərini, minillik yaşı olan tarixi abidələri, sosial obyektləri, yaşayış binalarını dağıtmaqla hansı vəziyyətə gətirdiklərini göstərən video görüntüləri nümayiş etdirib.

Qeyd edilib ki, BMT-nin Ermənistan qoşunlarının Azərbaycanın qanuni ərazilərindən çıxarılması ilə bağlı bir neçə qətnaməsi mövcud olsa da, 30 ilə yaxındır ki, bu qətnamələrə əməl edilmir. Bu illər ərzində Ermənistan nəinki BMT-nin qətnamələrinə, ümumiyyətlə dünya birliyinə, aparıcı beynəlxalq təşkilatlara - Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına, ATƏT-in qərarlarına və Avropa Parlamentinin qətnamələrinə heç bir məhəl qoymayıb:

“Azərbaycan və Ukraynanın ərazisinin bir hissəsinin işğal olunması kimi ümumi problemi və bəlası var. Əgər Ukraynada müharibə vəziyyət 6 ildir davam edirsə, Azərbaycanda artıq bu durum 30 ildir ki, mövcuddur.

Ermənistan baş nazirinin işğal olunmuş ərazilərdə, Xankəndində “Qarabağ Ermənistandır, nöqtə” sözlərinin deməsi son hədd oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də buna tutarlı cavab verdi:

“Qarabağ Azərbaycandır və nida”. Təxribat xarakterli bu bəyanat faktiki olaraq danışıqlar prosesinə böyük zərbə vurdu. Əgər Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyirsə, hansı danışıqlardan söhbət gedə bilər?!.
27 sentyabrda Azərbaycan Ordusunun ermənilərin növbəti genişmiqyaslı hücumlarına, təxribatlarına cavab verməsi ilə müharibənin qızğın fazası bərpa olundu”. Fəxri konsul Azərbaycan Prezidentinin xalqa müraciətini də xatırladaraq bizim mövqeyimizin beynəlxalq hüquq və ədalətə əsaslandığını söyləyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: QoşulmamaHərəkatı