“Həyatda ilk və son dostum Hikmət idi” - LAYİHƏ
Beləliklə Azvision.Az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti tanınmış bəstəkar Nailə Mirməmmədlidir. Tanınmış bəstəkar bizə keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.
“İtirdiklərim mənim yaralarımdır..”
Allah necə yazıbsa elə də olacaqdı. Mən yaradıcılığımda onu dəyişdirərdim ki, az işləmişəm, lap çox işləyərdim. Həyatıma gəlincə isə hamı yaxşı bilir ki, itirdiklərim çox olub. Onları geri qaytarmaq, yazılan taleyi dəyişmək məndən asılı olan bir şey deyil axı! İtirdiklərim mənim yaralarımdır. Özü də elə bir yaradır ki, onlara toxunmaq olmaz. Geriyə boylansam , baxsam , xatırlasam da, kaş ki desəm də itirdiklərimlə bağlı nəyisə dəyişməyə gücüm çatmaz, buna qadir deyiləm. Onlar sadəcə mənim həyatımda olmalı idilər ...
“Uşaq vaxtı heç oyuncağım belə olmayıb”
Mən uşaqlığımda da bir uşaqlıq görməmişəm. Uşaqlar kimi həyətdə oynamamışam, uzağı balkondan uşaqlara baxardım vəssalam. Elementar onu deyim ki, mənim heç oyuncağım belə olmayıb. Gün ərzində 8 saatdan 12 saat –a qədər ancaq royal arxasında olmuşam. Onun la belə deyirəm ki, az işləmişəm. Gərək çox işləyərdim.
Mən 2 yaş yarımdan artıq fortopianoda ifa edirdim. Artıq bəlli idi ki, mənim sənətim nə olmalıdır. Oyuncağım, yeməyim , içməyim hər şey musiqi olub. Özümüm də heç meylim olmayıb ki, uşaqlarla oynayım, qızlarla harasa gedim- gəlim, indi də heç rəfiqəm yoxdur və elə bir marağım yoxdur ki, rəfiqələrim olsun . Mən belə şeylərdən uzağam. Mənim ki, işləməkdir, sənətdir, bu sənətdə elə özünəməxsus yol tərzi açmaqdır ki, Azərbaycan musiqi tarixində izim qalsın. Mən uşaq vaxtından onu fikirləşirdim. Yenidən uşaqlığa qayıtsa idim , yenə də həmin yolu seçərdim, heç nəyi dəyişmək istəməzdim. Mənə elə gəlir ki, mən düz yolda oluşam. Sadəcə olaraq gərək bir az da çox işləyərdim.
Orta ixtisas musiq məktəbində 11 il oxumuşam. Bu bilirsiniz nə deməkdir? Bu o deməlkdir ki, bir dəqiqə belə olsun heç nəyə vaxtım olmayıb. 3 ay yay istirahətində belə istirahət etmirdim. Onda da fortopiano arxasında olurdum , dərs öyrənirdim. Xaraktercə istəmişəm həmişə atamın xarakteri məndə olsun. Elə yəqin ki, bunu aşılamışam. Bilirsiniz onun xarakteri belə idi ki, kişinin sözü bir olar. Bir dəfə dedimsə onu etməliyəm. Yalançılığı yoxdur, mənim prinsipim, yaşam meyarım düzgünlükdür. İndi fikirləşirəm ki, düzgün yaşamaq mənə ola bilsin ki, haradasa, nədəsə mane olub. Yəni ki, bəlkə də hər şey baçşqa cür ola bilərdi. Ancaq heç nəyə peşiman deyiləm . Yaxşı ki elə düzgün yaşamışam adım da düzünə çıxıb.
Biz indiki gənclər kimi geyinib-keçinmirdik
Mən ailənin son beşiyi olmuşam. İki böyük qardaşım, ondan sonra bir bacım var, məndən başqa. Mənim ilə bacım arasında 14 yaş fərq var. Elə onların da yanında körpə, oyuncaq kimi olmuşam. Ancaq onunla belə ərköyün də olmamışam. Onlar özləri də elə mənim kimi məsuliyyətli idilər. Atamın, qardaşlarımın sənəti başqa olsa da onlara gəzən ensklopediya deyirdilər. Hansı sahədən istəyirsən onlar danışardılar. Elə mən də onlar kimi olmuşam? həmişə istəmişəm ki, hər sahədən az da olsa təsəvvürüm olsun.
Çingiz Abdullayevi çox xoşlayıram
Uşaqlar kimi uşaqlıq keçirtmədiyim kimi, gənclik kimi gənclik də keçirtməmişəm. Ancaq çalışmışam kitab oxuyum, kitab oxumamış gözüm yumulmur. Elə indi ona görə də gözüm zəifdir. Yenə də gün ərzində ən azı 200-300 səhifə oxumalıyam. Bədii əsərlər, rus qəzetləri oxuyuram. Hətta evdə kitabxanam da var. Çingiz Abdullayevi çox xoşlayıram. Mən onun 12 əsərini oxumuşam.
Biz indiki gənclər kimi geyinmirdik. O vaxt bizim məktəb formamız var idi, bir evdə geyinmək üçün palatarımız ,bir də qonaq getmək üçün, vəssalam. İndi Maşallah qızım mənə deyir ki , bu paltar, ayaqqabı bu sumka ilə getmir. Əvəllər nəyimiz var idisə, onu geyinirdik. Heç kim də, heç kimin nəyindəsə ayıb tutmurdu. Geyim ilə heç nə ölçülmürüdü.
“Həyatda ilk dostum Hikmət olub“
Birinci kursu bitirəndən sonra Hikmətlə tanış olduq. Bununla da dostluğumuz, münasibəimiz başladı. O dostluq sonradan sevgi- məhəbbətə çevrildi. Mənə elə gəlir ki, qurban olduğum mənim üçün elə yazı yazıb ki, onu dəyişməyə ehtiyac yoxdur. Yaxşı ki, mən Hikməti tanımışam, 25 il onunla ömür sürmüşəm. O da Allahın bir yazısıdır ki, dəyişə bilmərəm. Necə yazıbsa eləcə də qəbulumdur, vəssalam. Bundan sonra da arzularım , həyata keçirmək istədiklərim var. Həyatımda dəyişmək istədiklərimi dəyişə bilməyəcəyimi bildiyim üçün yaradanın yazdığı tale ilə razıyam, barışmışam bu tale ile.
Mən çox istərdim ki, nəyinki incəsənət adamları, bütün gənclərimiz cavanlarımız elə yaşasınlar ki,sonra sizə belə hesabat verəndə utanmasınlar. Həyatlarını elə qursunlar ki, sonra onu dəyişməyə heç ehtiyac da olmasın.
Şahanə RƏHİMLİ