AzVision: Vətən Müharibəsinin ilk həftəsi - TƏHLİL

      AzVision:    Vətən Müharibəsinin ilk həftəsi -    TƏHLİL
  04 Oktyabr 2020    Oxunub:20021
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Həftənin əsas hadisəsi birdir: Torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən Müharibəsi. Biz ona 3 tərəfdən – Hərbi, Diplomatik və İnformasiya istiqamətlərindən yanaşaraq, aydınlıq gətirməyə çalışacağıq ki:

- Ermənistan niyə lokal münaqişəni qlobal müharibəyə çevirməyə çalışır?
- İki əsrin toqquşması. 21-ci və 20-ci əsrlərin orduları üzləşəndə nə baş verir?
- Ermənilərin qorxulu yuxusu. HAROP necə bir silahdır?
- Azərbaycan müharibəni hara qədər davam etdirəcək?
- FEYKoa mövsümü. Tonlarla feyk istehsalı düzgün taktikadırmı?




Hazırda vəziyyət belədir ki, müharibə 3 müstəvidə gedir – savaş, diplomatiya və informasiya müstəvilərində. Ermənilər bunlardan birincidə tam şəkildə uduzduqlarından, gücü digər ikisinə veriblər. Bu haqda biz bir qədər sonra danışacağıq. Əvvəlcə isə həftə ərzində döyüş meydanında gedər prosesləri ümumiləşdirməyə və qiymətləndirməyə çalışaq.
Prosesləri izləyən ukraynalı ekspertlərdən birinin təbirincə desək, döyüş meydanında sanki 21-ci əsrin ordusu ilə 20-ci əsrin ordusu üzbəüz gəlib. Bu ifadə mənim çox xoşuma gəldi. Həqiqətən də, biz müharibə kadrlarına baxanda Azərbaycan tərəfdən düşmən texnikasına endirlən dəqiq nöqtəvi zərbələr, PUA çəkilişləri, dronların geniş miqyasda tətbiqini, canlı qüvvənin necə gəldi irəli verilmədən, insanların həyatının qorunmasını və ikinci mərhələ üçün saxlanmasını görürük. Bunların hamısı 21-ci əsrin yüksək texnoloji müharibəsini atributlarıdır. Amma bütün bu hərbi texnologiyaların arasında biri xüsusilə seçilir. Son günlərdə ermənilərin kabusuna, qarabasmasına çevrilən, səsi eşidiləndə qaçıb, girməyə deşik axtardıqları, Azərbaycanda isə dillərdə dastan olan məşhur HAROP. Yəqin, tezliklə maketi bizim oğlan uşaqlarının ən sevimli hərbi oyuncağına çevirləcək bu zərbə dronları haqqında düşünürəm ki, ayrıca danışmağa dəyər.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Erməni tərəf ilk dəfə 2016-cı ilin aprel döyüşlərində göydən başına gələn bəla - HAROP ilə tanış olmuşdu. Bu, dünya hərb tarixində ilk dəfə kamikadze-drondan istifadə faktı idi. Aprel döyüşlərində HAROP-un endirdiyi bütün zərbələr uğurlu alınmışdı.
Aradan 4 il vaxt keçib, amma gördüyümüz kimi, düşmən yenə də bu ultramüasir silahın qarşısında acizdir. Çünki ona qarşı hansısa tədbir görmək hazırda mümkün deyil. Düşmənin Hava Hücumundan Müdafiə qüvvələri iri hədəflərə hesablandığından, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkir. Ondan gizlənmək də olmur – radarları söndürsələr belə, HAROP hədəfi vizual izləyib və məhv edir.
İsrail Aerokosmos Sənayesi Korporasiyasının yaratdığı HAROP Pilotsuz Uçan Aparatlarını bəzən mütəxəssislər “uçan sursat” da adlandırırlar. Çünki o, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq, özü bütövlükdə döyüş başlığıdır. Yəni hədəfi özünü ona çırpmaqla məhv edir. Hədəfi həm özü tapa, həm də yerdən idarə oluna bilir. Hədəf aşkarlanmadığı halda dron avtomatik bazaya qayıdır.
Uzunluğu 2,5, qanad ölçüsü 3 metr, çəkisi 135 kq olan HAROP 23 kq ağırlığında döyüş başlığını saatda 185 kilometr/saat sürətlə daşıyaraq, 6 saat havada qala və 1000 km məsafəyə qədər uça bilir.
Hazırda Azərbaycan dünyada ən uzaq mənzilli “uçan sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır.


Bəs erməni tərəfə baxanda nə görürük? Səngərdə uzanıb, dronlara “Kalaşnikov” avtomatından atəş açan gerilla tipli yaraqlılar. Yəqin, düşmənin sosial şəbəkələrdə yayılan bu dialoqunu siz də görmüsünüz. Bir erməni digərindən soruşur ki, “bəs bizim dronlarımız niyə havaya qalxmırlar?” O biri isə cavab verir: “Çünki yoxdurlar”. Müasir texnikadan erməni ordusu ancaq “Photoshop”, “Premier”, “3D Max” kimi proqramlarla silahlanıb. Ona görə də, virtual meydanda – informasiya savaşında həmlələr edə bilirlər. Real döyüş meydanında isə bu silahlar vəziyyəti dəyişməkdə aciz olduqlarından, savaşın ilk həftəsi Azərbaycan Ordusunun tam, qəti və birmənalı üstünlüyü ilə keçib.
Bunun səbəbi heç də təkcə texnikanın daha müasir olmasında deyil. Əməliyyatların gedişi onu göstərir ki, Azərbaycan tərəfinin hərbi komandanlığında çox yaxşı, təfərrüatlı hazırlanmış, incəliklərinə qədər ölçülüb-biçilmiş savadlı plan var. Düşmənin müdafiəsini zəiflətmək üçün vurulan nöqtələrin necə zərgər dəqiqliyilə seçilməsi və məhv edilməsi də bunu təsdiqləyir. Məsələn, Hava Hücumundan Müdafiə sistemləri vurulur ki, aviasiyamız havaya qalxanda itkilər verməsin. Bunkerlər, istehkamlar, atəş nöqtələri dəqiq zərbələrlə sıradan çıxarılır ki, yerüstü qüvvələr hərəkata başlayanda itkilər minimum olsun. Hər şey planlı şəkildə və yüksək dəqiqliklə icra olunur.
Əlbəttə ki, bütün bu zərbələr, onların təsvirləri vəziyyətin nə yerdə olduğu haqda tam təsəvvür yaradır. Bu üstünlük özünü azad edilən ərazilərin ələ keçirilməsində də göstərməlidir və göstərir də. Sadəcə, Azərbaycan tərəfi çox sayda insan həyatı hesabına başa gələn sürətli müharibə yox, canlı qüvvəni qorumağa imkan verən nöqtəvi zərbələr müharibəsi aparılır. Bu zaman düşmənin müqaviməti qırılana qədər ərazilərin azad edilməsi prosesi nisbətən ləng gedə bilər, amma müqavimət qırılandan sonra xeyli sürətlənəcək. Müqavimətın tam qrırılması isə o qədər də uzun sürməyəcək. Niyə belə düşünürük? Çünki hadisələr onu göstərir ki, ermənilər bu savaşa hazır deyildilər. Nə erməni ordusu hazır idi, nə dövləti, nə də cəmiyyəti. Pandemiya ilə savaşdan zatən şil-küt vəziyyətdə çıxan Ermənistanın müharibə aparmağa dözüm limiti çox qısadır.

Bu il Ermənistan iqtisadiyyatı ötən illə müqayisədə 5,7 faiz azalıb. Müharibə başlayan ərəfədə Ermənistanın 2 milyonluq əhalisinin 23.3 faizi kazıblıq həddində yaşayır. Əhalinin 6 faizi gündəlik ərzaq ehtiyacını ödəməkdə çətinlik çəkir.
Döyüşlərin başlamasından cəmisi bir həftə keçməsinə baxmayaraq, artıq ölkədə ərzaq və dərman qıtlığı hiss olunur. Xüsusilə çörək çatışmazlığı haqqında yerli sosial şəbəkələrdə xeyli məlumatlar paylaşılır.
Ermənistanın 2020-ci il üçün hərbi xərcləri ümumilikdə 634 milyon dollar nəzərdə tutulmuşdu. Amma müharibənin ilk 4 günündə düşmənin 1 milyard 200 milyon dolladan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib. Bu, Ermənistanın iki illik hərbi xərcləri deməkdir.
Erməni əsgərlərinin ələ keçrilmiş bunkerlərinə baxanda düşmən də olsa, adamın yazlığı gəlir. Elementar şəraitin olmadığı, antisanitariyanın hökm sürdüyü bu termit yuvalarını hərbi sığınacaq saymaq üçün insana zəngin fantaziya tələb olunur.
Ona görə, təccüblü deyil ki, ermənilər daha çox qaçmağa üstünlük verir, buna görə hətta bir-birilərilə atışırlar.
Hazırda Ermənistanın hərbi hava qüvvələrində cəmi 4 qırıcı təyyarə var. Bu, Azərbaycandan 9 dəfə azdır. Demək, növbəti mərhələdə ermənilərin hava hücumundan qorunmaq üçün heç bir imkanları yoxdur.


Ermənistan ordusunun hazırda göstərdiyi müqavimət ancaq bircə şeyin sayəsində mümkün olur: 30 il ərzində qurulan istehkamlar, bunkerlər, yaradılan müdafiə xətti. Nə silahların, nə də şəxsi heyətin keyfiyyətinin burada heç bir rolu yoxdur. Sadəcə, onların vaxtı çox olub. Artıq ermənilərin silahlarının da, o silahı daşıyan əsgərinin şəxsi keyfiyyərlərinin də haqqında bizim erməni propoqandasının göstərmək istədiyi kimi yox, real, həqiqi məlumatlarımız var. Ələ keçirilən düşmən texnikası, silah-sursatın hamısı ötən əsrin qalıqlarıdır. Erməni bunkerlərindəki vəziyyətə baxanda görmək çətin deyil ki, biz dağırdana qədər də bərbad olub. Şəxsi heyət isə bayraqları da daxil, əllərində olan hər şeyi atıb qaçmaqdan başqa hələ ki, heç bir şücaət göstərə bilməyib. Paşinyanın bəh-bəhlə yığdığı könüllülər döyüşə girməkdən imtina edirlər. Ümid bircə qadın batalyonuna qalıb ki, onların da verəcəkləri qərarı yəqin, indi əsgərlərimiz böyük maraqla, hətta bəlkə də intizarla gözləyirlər.
Hələlik isə əsas suallardan biri budur: Azərbaycan Ordusunun əməliyyatları nə qədər, yaxud, hara qədər davam edəcək? Biz bu döyüşü Vətən Müharibəsi də, Azadlıq Müharibəsi də adlandrırq və bunların hər ikisi düzdür. Amma eyni zamanda bu, sülhə məcburetmə əməliyyatıdır. Nə zaman Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə danışıqlara razılıq versə, o vaxt döyüşlər dayana və danışıqlar başlaya bilər. Yəni əslində Azərbaycan qarşısına hərbi yox, siyasi məqsədlər qoyub. Niyyətimiz nə qədərsə erməni əsgərini öldürmək, nə qədərsə erməni tankını yandırmaq və ya neçə dənəsə bunkerini dağırtmaq deyil. Niyyətimiz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqların bərpa olunmasıdır. Ona qədər isə rəsmi Bakının döyüşlərə davam etmək niyyəti kifayət qədər ciddi görünür. Bunu prezident İlham Əliyev “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə növbəti dəfə kifayət qədər açıq və aydın şəkildə ifadə etdi.
Azərbaycan prezidentinin sözlərinin və niyyətinin nə qədər qəti olduğunu bu həftə gedən diplomatik proseslər də göstərdi. Aydın şəkildə bəlli oldu ki, digər dövlətlərin nə deməsindən asılı olmayaraq, Azəraycanın qarşısına qoyruğu məqsədə çatılmayınca, yəni Ermənistan sülhə məcbur edilməyincə əməliyyatlar dayandırılmayacaq. Keçmiş Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri Vladimir Putin, Donald Tramp və Emmanuel Arsan... üzr istəyirəm, Emmanuel Makron Qarabağda gərginliyin artmasını qəti şəkildə pislədilər. Qəribədir. Qarabağda gərginliyin artması kimin günahıdır ki? Elə həmin o keçmiş Minsk qrupunun həmsədrlərindən başqa? Axı onlar danışıqların 30 ildir nəticəsiz qalmasına rəvac verməsəydilər, həmsədrlik əvəzinə kəmsədrlik etməsəydilər, Ermənistanı BMT-nin qətnamələrinin icrasına vadar etsəydilər, indi Qarabağda gərginlik də artmazdı! Bugünkü Müharibənin əsas məsuliyyəti ilk növbədə Ermənistanın çiyninə düşürsə, ikinci yerdə keçmiş Minsk qrupunun həmsədrləri gəlirlər.
Mən bayaqdan bəri Minsk qrupunun adının qarşısında “keçmiş” sözünü heç də təsadüfən işlətmirəm. Çünki bu həftə diplomatiya müstəvisində baş verən hadisələrdən sonra aydın oldu ki, Minsk qrupunun daha indiki şəkildə mövcudluğunu sürdürməsi əslində mümkün deyil. Döyüşlər bitəndən sonra əgər vasitəçiliyə yenə də ehtiyac qalacaqsa – biz çox ümid edirik ki, qalmayacaq,- onda həmin institut tamam başqa cür və başqa formatda, hətta başqa fəlsəfə ilə təşkil olunmalıdır. Təkcə ona görə yox ki, bu format yararsızlığını və mənasızlığını 30 ildə daşdan keçən şəkildə sübut edib. Həm də ona görə ki, Emmanuel Makronun bu həftə ortaya qoyduğu açıq ermənipərəst mövqedən sonra Fransanın həmsədr olduğu bir vasitəçilik formatının davam etməsi praktik olaraq mümkün deyil.

Ermənilərin cılız propaqanda maşını feyk xəbərlər yayırsa, bunu haradasa başa düşmək mümkündür. Mediaları qədər yalançı olan hökumətlərinin də feyk xəbərlərə istinad etmələrini anlaya bilərik. Amma Fransa kimi dövlətin başçısı erməni propoqandasının yaydığı “feyk”lərə əsaslanaraq bəyanat verirsə, bu, artıq tamamilə anormaldır. Çünki normal halda özünə hörmət qoyan dövlətin başçısının istənilən xəbəri dəqiqləşdirmək üçün alternativ xidmətləri, kanalları, əgər bu yoxdursa, heç olmasa sağlam məntiqi olmalıdır. Sağlam məntiq isə asanlıqla öz sahibinə başa sala bilərdi ki, ermənilərin guya suriyalı terrorçuların gəlib Qarabağda döyüşməsi haqda yaydıqları xəbərlər banal feykdən başqa heç nə deyil.
Makronun sivil Avropa dövlətinin başçısına yaraşmayan, primitiv mövqeyi onun erməni diasporunun təsirində olduğunu sübut etməklə yanaşı, siyasətçi kimi də yetkinləşmədiyini ortaya qoydu. Onun bu addımı faktiki Minsk qrupunun tabutuna vurulan mıx da sayıla bilər, çünki vasitəçi əgər tərəf tutursa, demək, artıq vasitəçi ola bilməz. Beləcə, Makron mənasız və gülünc bir addımla öz ölkəsinin Güney Qafqaz kimi mürəkkəb və vacib regiondakı proseslərə təsir imkanlarını xeyli azaltmış oldu. Peşəkar, yetkin dövlət adamı heç bir halda belə davranmazdı. Vaxtilə de Qoll, Pompidu, Jiskar D`esten, Mitterran kimi təcrübəli siyasətçilərin əyləşdikləri postda bu gün Makron kimi natamam siyasətçini görmək tarixin Fransa dövlətinə ironiyası kimi də qəbul edilə bilər.


Makronun bu mövqeyini şərtləndirən amillərdən biri Fransadakı güclü erməni diasporudur. Fransada 2022-ci ildə növbəti prezident seçkisi keçiriləcək və cənab Emmanuel özünü Minsk qrupunun həmsədri olan bir dövlətin başçısı kimi yox, iki il sonrakı seçkiyə hazırlaşan siyasətçi kimi aparır. Və bununla da əslində Fransanın maraqlarını zərbə altında qoyur. Çünki indi belə dəstəyin Ermənistana onsuz da heç bir faydası olmayacaq, Fransanın isə Güney Qafqazın ən güclü dövlətilə arası pozula, demək, Parisin regional maraqları ciddi zərər görə bilər. Müharibə bitəcək, biz isə nə dostları unudacağıq, nə də düşmənləri. Bunu Ermənistana yardım göstərmək istəyən bütün dövlətlər məhz belə də qəbul etməlidirlər. Onların köməyi Qarabağ Müharibəsinin taleyi baxımından heç nəyi dəyişməyəcək, amma gələcəkdə özlərinin bölgədəki maraqlarına ağır zərbə vuracaq.
Digər tərəfdən, cənab Emmanuelin Türkiyə, konkret olaraq, qardaş dövlətin prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin xeyli kəskin olması da belə mövqe ortaya qoymasına təsirsiz ötüşməyib. Makron bir növ Ərdoğanla münasibətlərini Qarabağ konflikti müstəvisinə keçirir, eyni zamanda, Qarabağ amilindən istifadə edərək, Ərdoğana asimmetrik reaksiya verməyə çalışır. Ümumiyyətlə, Türkiyənin Şərqi Aralıq dənizində ortaya qoyduğu qətiyyətli mövqedən sonra ona qarşı çıxan Avropa liderlərinin arasında ən fəali Makron idi. Hərçənd, onun Ərdoğanla kəskin münasibətlərinin tarixçəsi bundan da əvvələ gedir. Dəfələrlə bu iki liderin arasında kəskin söz dueli olub, hər dəfə də Rəcəb Tayyib Ərdoğan kəskin cavablar verib.

Hazırda Türkiyənin Azərbaycana dəstək verdiyini demək o mənada bir qədər düz çıxmır ki, indi Türkiyə Azərbaycana sadəcə dəstək vermir, indi Türkiyə elə Azərbaycandır. Bu iki qardaş dövlətin maraqları o qədər çuğlaşıb ki, bir dövlət kimi sinxron hərəkət edirik. Doğrudan da, dünyada buna bənzər ikinci bir geosiyasi doğmalıq örnəyi tapmaq mümkün deyil. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağdan danışanda elə çıxış edir ki, sanki Azərbaycanın ikinci xarici işlər naziridir. Cənab Ərdoğanın Qarabağla bağlı mövqeyi cənab Əliyevdən zərrəcə fərqlənmir. Regionda marağı olan bəzi xarci dövlətləri qorxuya salan da məhz budur. Çünki Qarabağ Savaşı Azərbaycanın qələbəsilə yekunlaşandan sonra təkcə Azərbaycanın bölgənin ən güclü və nüfuzlu dövləti olmağı faktı qəti və birmənalı şəkildə təsdiqini tapmayacaq; eyni zamanda, Türkiyə də Güney Qafqazda sözükeçən dövlətə çevilməklə, bu statusu iddialı olan digər ölkələri geridə qoyacaq. Əgər 3 böyük dövlətin 30 ildə bacarmadığını edib, regiona sülhün və haqq-ədalətin gəlməyinə dəstək verirsə, lap yaxşı, bu, qardaş dövlətin haqqıdır. Amma erməni tərəf də öz diplomatiya oyununu əsasən bu məqamın üzərində qurmağa çalışır. Paşinyan ilk gündən saqqalını yola-yola dünyanı inandırmağa çalışır ki, Qarabağda döyüşən az qala Azərbaycan yox, Türkiyədir. Yalandan Türkiyə qüvvələrinin onun ərazisinə hücum etməsi, təyyarəsini vurması haqda hay-küy salaraq, məsələni qlobal müstəviyə keçirmək istəyir. Axı Türkiyə NATO-nun, Ermənistan isə KTMT-nin üzvüdür. Və əgər Türkiyə Ermənistan ərazisinə hər hansı zəbə endiribsə, bu, NATO-nun KTMT-yə zərbəsi kimi tövsif oluna bilər. Bu məqama cənab İlham Əliyev də diqqət çəkdi.

- Sinxron - Dünən onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər...
...Biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil.


Ermənistan xüsusilə də bu faktı Rusiyanın burnunu qabağına dürtməyə çalışır ki, döyüşlərin nöqtəsi Azərbaycanın istədiyi kimi qoyulsa, Güney Qafqazın geosiyasi səmasında türk ulduzu parlacaq. Amma əsas odur ki, bu halda əbədi olaraq axan bir ulduz da olacaq Güney Qafqaz səmasından – bu, Ermənistanın ulduzudur. Buna görə də Ermənistan bütün gücü ilə dünyanın proesə qarışmasını istəyir, fəqət alınmır – görünən budur ki, Azərbaycan əvvəlcədən işin diplomatik tərəfini möhkəm tutub. Yəqin ki, indi Ermənistanın qıcıqlandırıb, prosesə cəlb etməyə çalışdığı bütün dövlətlərlə hərtəfli danışıqlar da aparılıb, məsələlərin real mahiyyəti də izah olunub və olunmaqda davam edir. Gələcəyin diplomatiya kitablarına yazılacaq qədər möhtəşəm iş görülüb. İstisna deyil ki, Türkiyə ilə Rusiyanın arasında da bununla bağlı hansısa sövdələşmələr, anlaşmalar var; əlbəttə, bu, vur-tut, ancaq ehtimaldır, amma əgər belədirsə, onda məsələ həll olunmuş sayıla bilər.
Ermənilərin diplomatik cəbhədə hücum manevrlərinin istiqamətlərindən biri diasporunu işə salmaq, digəri İsraillə münasibətlərini kəsməkdir. Hətta İrəvanın İsraildəki səfiri geri çağırılıb. Amma bu, çox ağılsız bir addım idi. Çünki əvvəla, onsuz da ermənilərin yəhudilərlə heç bir yaxın münasibəti olmayıb ki, səfiri geri çağırmaları İsrailinə nəsə bir ciddi təsir eləsin. İkincisi, buna qədər də ermənilər hər zaman antisemit mövqeləri və yəhudilərə qısqanclıqları ilə seçiliblər. Əksinə, avqust ayında Ermənistanın xarici işlər nazirinin Misirə səfəri göstərdi ki, onlar ərəb dövlətlərinin düşərgəsində dəstək axtarırlar. Belə vəziyyətdə Ermənistanın İsraillə münasibətləri korlaması dünyada ermənii diasporundan daha güclü yəhudi diasporunu onların əleyhinə kökləyəcək.
Belə vəziyyətdə ermənilərin ən çox əli və gümanı çatan vasitələrin başında feyk xəbərlər istehsalı gəlir. Ermənistanın müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan hazırda dezinformasiya cəhənnəminin feyk mələyi vəzifəsində fəaliyyət göstərir. Bu günlərdə erməni təbliğat maşını həm Azərbaycanın daxili seqmentinə, həm də beynəlxalq arenaya buraxmaq üçün onları tonlarla istehsal edir.

Azərbaycan tərəfdə Türkiyə, Əfqanıstan, Suriyadan gəlmiş terrorçular, bir sözlə, azərbaycanlılardan başqa hamı döyüşür; səmada uçan dirijablımız vurulur; Azərbaycan əsgəri narkomandır, cibindən şpris çıxır; Türkiyənin “F-16”sı Gəncədən qalxıb, ermənilərin “Su-25”ini vurur... Bütün bu qeyri-ciddi, hətta gülməli feyklər tezliklə lağ obyektinə çevrildi. Məsələn, Rusiya qəzetlərindən biri ermənilərin bir gündə 30 tank vurması haqda xəbəri belə şərh etmişdi: “Uşaqlar, siz orada dağlarda Kursk döyüşü keçirirsiniz bəyəm?!” Dağlarda Azərbaycanın atom sualtı qayığının rəşadətli erməni Ordusu tərəfindən vurulması isə son günlərin əsas lətifələrindən biridir.
Feyk xəbərlərdə əsas istiqamətlər öz itkilərini gizlətmək, Azərbaycanın itkilərini həddindən çox göstərmək, dünya ictimaiyyətini aldadaraq, guya Azərbaycan tərəfdə terrorçuların vuruşduğunu, Türkiyənin döyüşlərə qatıldığını və Azərbaycanın Ermənistan ərazisinə zərbə endirdiyini göstərməkdir. Çox vaxt feyk xəbərlər Azərbaycan dilində yaradılmış saxta resurslardan yayılır. Ona görə də, vətəndaşlarımız sayıq olmalı və ancaq rəsmi xəbərlərə inanmalıdırlar.

Səmimi deyim ki, mən həmişə erməniləri qəddar, qaniçən, bic, hiyləgər, yaltaq, hətta qorxaq hesab eləmişəm, amma heç vaxt axmaq saymamışdım. İndi isə onların nə qədər axmaq olduqlarına heyrətlənməyə bilmirəm. 21-ci əsrdə informasiya müharibəsini feyk xəbərlərlə aparmaq son dərəcə yanlış taktikadır. Çünki məsələn, qəzet erasında hansısa yalan xəbər buraxılanda, o, təkzib olunana qədər bir neçə gün keçirdi və həmin bir neçə gündə “feyk nyus” öz işini görürdü. Sosial media əsrində istənilən yalanan ifşası bir neçə saniyə aparır. Məhz ona görə Azərbaycan tərəfi informasiya savaşında bu həftə ərzində tonlarla saxta xəbəri ifşa edib, üstünə “fake” damğası vuraraq, dünyaya göstərib. Ermənilərin feykləri də tankları kimi vurulur. Müasir dövrün informasiya müharibəsi də müasir vasitələrlə – məsələn, dronlardan çəkilən kadrları paylaşmaqla aparılmalıdır, daha vurulmuş tank kadrlarını montaj edib, üstünə rok musiqisi qoymaqla yox. Yeri gəlmişkən, mənə çox maraqlıdır ki, bu basa-basa Ermənistanın Müdafi Nazirliyi yaydığı kadrların üstünə musiqi də vurmağa necə vaxt, imkan və həvəs tapır. Klipmi çəkirsiniz, zalım uşağı?!
Qardaş türkiyə xalqının gözəl bir məsəli var: Qorxunun əcələ faydası olmaz. Bütün bu musiqli kiplərin, feyklərin, dezoların, diplomatik isteriya və çırpanmaların Ermənistanın məğlubiyyətinin qarşısını almaq baxımından heç bir faydası olmaycaq. İndi onların ancaq bircə yolu var: məğlubiyyəti qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh imzalamaq. Bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar, çünki müharibədə vaxt təkcə pul deyil, həm də insan həyatıdır. Bu halda xüsusən erməni həyatı. Biz isə həm ön, həm də arxa cəbhələrdə möhkəm olmalıyıq, qalanı ancaq vaxt məsələsidir. Möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti