“Xalqımızı nə top səsi, nə də təxribatlar qorxudur” - Politoloq

 “Xalqımızı nə top səsi, nə də təxribatlar qorxudur” -  Politoloq
  04 Oktyabr 2020    Oxunub:2855
Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal olunmuş ərazilərini azad etməsi rəsmi İrəvan üçün arzuolunmaz mənzərə yaradıb. Ölkəsinin sosial partlayışın bir addımlığında olduğunu görən Paşinyan hakimiyyəti insanları sakitləşdirmək üçün nəinki yalan maşınını işə salaraq dezinformasiyalar yayır, hətta orduya daha çox yaşayış məntəqələrini hədəf almağı tapşırır. Azərbaycan hərbçilərinin döyüş əzmi qarşısında tab gətirə bilməyən erməni ordusu son günlər bu cür beynəlxalq konvensiyalara zidd hərəkətləri ilə daha çox seçilirlər. Məsələn, bu gün Gəncənin artilleriya hücumuna məruz qalması buna bariz nümunədir.
Döyüş meydanından qaçan erməni ordusunun son təxribatlarını Azvision.az -a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Ermənistanın indiki səbatsız rəhbərliyinin orduya “yaşayış məntəqələrini vur” əmri verməsi təsadüfdən yaranmayıb. Onun sözlərinə görə, döyüş bölgəsindən uzaqda olan yaşayış məntəqələrinin belə vurulması Ermənistan ordusunun terrorçu mahiyyətini ortaya qoymuş oldu:

“Hazırda Ermənistan rəhbərliyinin orduya dinc əhalini, yaşayış məntəqələrini hədəf almasını tapşırmaqda əsas məqsədi Azərbaycan xalqında panika yaratmaqdır. Amma bu bir həqiqətdir ki, hazırda özləri panikadadırlar. Sadəcə olaraq ermənilər dinc əhalini atəşə tutmaqla insanlar arasında təşviş yaratmağa cəhdlər edirlər ki, bəlkə vətəndaşlarımızı qorxu içində saxlayalar. Burada söhbət iki-üç rayon və ya şəhərin əhalisindən getmir. Ümumilikdə Ermənistanla sərhəd bölgəsində yerləşən şəhərlərimiz və döyüş bölgəsinə yaxın olan yaşayış məntəqələrimiz bura aiddir. Yəni bu erməni ordusunun terror xislətidir ki, belə uğursuz şəkildə və müharibə qanunları ilə qəbul olunmayan hərbi gedişlərlə əhalimizin öz yaşadığı bölgədən kütləvi şəkildə köçməsinə çalışırlar”.

Politoloqun fikrincə, Azərbaycan ordusu istənilən təxribat və dinc əhaliyə yönəlik addımlara layiqli cavab verir. Suda boğulan adamın saman çöpündən yapışmasına bənzəyən son hərbi təxribatlar isə erməni ordusunu ağır məğlubiyyətlərdən xilas edə bilməyəcək: “Ermənistan rəhbərliyi bu cür hərbi cinayət xarakterli və müvafiq beynəlxalq konvensiyalara zidd olan addımlarını sosial gərginliyin yaradılmasına hesablamışdı. Yəni işğalçı ölkənin ordusu təsadüfdən deyil, sırf məqsədli şəkildə dinc sakinlərin yaşadığı əraziləri hədəfə alır ki, bəlkə sosial iğtişaşlar başlaya, müharibə bir qədər səngiyə. Özləri də son günlər gözəl anladılar və gördülər ki, Azərbaycan hərbçiləri ilə bacara bilməyəcəklər. Proseslər göz önündədir. Ordumuz əks-hücumlarla işğalçı ölkənin təxribatlarına elə tutarlı cavablar verdi ki, artıq bir neçə günə işğal altında olan xeyli ərazi azad edilib.

Ümumiyyətlə Azərbaycan zaman-zaman boşuna bəyan etmirdi ki, biz normal bir ölkə və ya ordu ilə deyil, sırf terrorçularla mübarizə aparırıq. Terrorun mahiyyəti erməni ordusunun etdikləri ilə eynidir və terrorçuların hər zaman bir hədəfi olub ki, bu da daha tez panikaya düşən qadın-uşaq, ümumilikdə dinc sakinləri qırmaqdır. Biz Yaxın Şərqdə son illərdə cərəyan edən proseslərdən gördük ki, terrorçu qrupların əsas işi dinc əhali ilədir. İndi də biz son hadisələrdən sonra hərbi əməliyyatlar apardığımız tarixi torpaqlarımızda terrorçularla döyüşdüyümüzün bir daha şahidi olduq”.

İlqar Vəlizadənin sözlərinə görə, hadisələr onu göstərdi ki, Azərbaycanda düşmən ölkənin ordusu tərəfindən intensiv şəkildə hədəfə alınan dinc sakinlər panika əvəzinə daha çox səfərbər olunur: “İnsanlarımızın daha çox orduya dəstək və yardım göstərmələrinin şahidi oluruq. Heç kim heç yerə gedən deyil, öz torpağına, yurduna bağlı olan insanlarımızı nə top səsi, nə də başqa təxribatlar qorxudur. Əksinə olaraq, son zamanlar orduya yazılanların sayında xeyli artım müşahidə edilir, yaşlılar belə döyüşmək əzmində olduğunu ortaya qoyurlar. Bütün bunlar reallıqdır. İndi bütövlükdə xalq vuruşur və düşmən tərəfdəki muzdlulardan fərqli olaraq bizdə döyüş ruhu yüksək səviyyədədir. Əgər bütöv bir xalqa qarşı müharibəni davam etdirmək istəyirlərsə, buyurub davam etsinlər, sonları bəllidir necə olacaq!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: DağlıqQarabağ   Ermənistan   Ermənitəxribatı  





Xəbər lenti