“Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur” - ABŞ-ın sabiq səfiri
“Ermənistanın addımına beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq, mən artıq bilmirəm. Amma hesab edirəm ki, bu, münaqişənin ciddi bir mərhələsidir. Artıq Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur. Ermənistan dinc əhalini ona görə atəşə tutur ki, Azərbaycanın uğurlu hərbi əməliyyatlar apardığını görür. Azərbaycanın pilotsuz uçuş aparatları çox yüksək səviyyədədir. Ermənistan pilotsuz aparatlardan özünü müdafiə etmək üçün vasitələrə malik deyil. Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir, Azərbaycan ərazilərini azad edir. Cəbrayıl, Füzuli, cənub istiqamətində digər ərazilər. Hesab edirəm ki, Ermənistan tərəfi başa düşür ki, əgər Azərbaycanın əməliyyatları davam etsə, bu, müharibənin sonu olacaq və Azərbaycan qalib gələcək. Buna görə də Ermənistan münaqişənin foksunu dəyişmək istəyir və dinc əhalini atəşə tutmaqla Bakını məcbur edir ki, reaksiya versin”, - deyə sabiq həmsədr vurğulayıb.
M.Brayza hesab edir ki, Ermənistanın məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək və hərbi yardım almaqdır: “Azərbaycanın eyni şəkildə cavab verməməsi çox vacibdir. Azərbaycan qanuni şəkildə hərbi əməliyyatlarını davam etdirib, ərazilərini işğaldan azad etməlidir. Əminəm ki, Bakı İrəvan kimi reaksiya verməyəcək”.
Brayzanın fikrincə, beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycan ərazilərinin işğalına görə bu səbəbdən tənqit etmir ki, vəziyyət ABŞ və Avropa üçün çox mürəkkəbdir.
“Dağlıq Qarabağdakı hadisələr başlayanda ABŞ-da insanlar bu barədə orada yaşayan erməni cəmiyyətindən eşidirdilər. ABŞ və Avropada bu barədə bilmirdilər. Bu, 80 ci illərin sonu idi. Onlar erməni icmasından eşidirdilər. ABŞ-ın erməni icması deyirdi ki, keçmiş SSR-də maraqlı hadisələr olur, bizim "qardaşlarımız" - ermənilər müstəqillik istəyirlər. Bu, çox maraqll idi və buna görə də insanlar diqqət yetirirdilər. Azərbaycanın "təcavüzkar" olduğunu demək üçün Ermənistan zəmin hazırlamışdı. Onlar ABŞ Konqresinin üzvlərinə, Avropa Parlamentinin üzvlərinə çoxlu pul verərək ələ aldılar, bununla tarixi təhrif etdilər.
Hesab edirəm ki, indi Azərbaycanın tarixi düzətməsi üçün böyük imkanı var. Birinci addım artıq atılıb. İndi Qərbdə insanlar, KİV açıq deyir ki, bu ərazilər Azərbaycanındır. Əgər Azərbaycan hərbi əməliyyatları addım-addım davam etdirsə, düşünürəm ki, öz haqlı mövqeyini daha çox göstərə biləcək. Ən başlıcası budur ki, insanlar həqiqəti bilir”.
Münaqişə ilə bağlı növbəti addımlara gəlincə, sabiq diplomat hesab edir ki, bir neçə həftədən sonra hərbi əməliyatların dayandırılması mümkündür.
“Çünki Azərbaycanın məqsədi çox aydındır - işğal altındakı öz ərazilərini qaytarmaq. Ola bilsin ki, bir neçə rayon, ola bilsin böyük bir ərazi, Füzuli, Cəbrayıl, bəlkə Kəlbəcər, bilmirəm. Amma əraziləri qaytarmaq, Xankəndinə yaşayan erməniləri də orada saxlamaqla, azərbaycanlıların öz evlərinə qayıtması vacibdir. Daha sonra danışıqlar aparıb, Qarabağın yekun qanuni statusunu müəyyən etmək lazımdır. Lakin Ermənistan Azərbaycanın dinc əhalisini bombalamaqla planı dəyişmək istəyir. Azərbaycan Ermənistan kimi reaksiya verməsə, onda qeyd etdiyim plan qala bilər və bu, Azərbaycan üçün çox uğurlu plan olacaq”.
M.Brayza ümid edir ki, bir neçə həftədən sonra danışıqlar başlaya bilər: “Bunun üçün kimsə vasitəçi olmalıdır. Fransa prezidentinin tutduğu mövqeyə görə Minsk Qrupu üçün belə rolu oynamaq çətin olacaq. Prezident Makron tamamilə bir tərəfi dəstəkləyir və buna görə də Minsk Qrupunun vasitəçi rol oynayacağını düşünmürəm. Amma kimsə bu rolu oynamalıdır. İndi Ermənistanın tərəfində olan Rusiya və Azərbaycanın yanında olan Türkiyə var.
Mən ümid edirəm ki, yaxın günlərdə Moskva İrəvana deyəcək ki, artıq danışıqlar aparmaq vaxtıdır. Türkiyə isə Bakıya deyəcək ki, bəli, siz qalib gəldiniz, indi danışıqlar prosesinin yeni fazasına başlamaq lazımdır”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan