`Cılız məsələlərdə şeytan həmişə Allaha qalib gəlir` - POEZİYA

`Cılız məsələlərdə şeytan həmişə Allaha qalib gəlir` - POEZİYA
  31 Yanvar 2014    Oxunub:1497
AzVision.az istedadlı şair Aqşin Yeniseyin son şeirini təqdim edir:

Poeziya faciənin sevgilisidir
İllər keçdi...
Və sevgi dərd sözünün sinoniminə çevrildi
Hətta tualet qapılarının üstündəki yazılarda ayrıldılar
Kişilər və qadınlar.

Yuxuna mənim kimi yalnız tanımadığın adamlar girirsə
Deməli, ən yalqız adam sənsən
Daha insanın tayı deyilsən, ölə bilməyəcəksən.

Ölümqabağı ancaq bir təsəlli verə bilərəm sənə
Təbiət öz vəhşiliyini kəpənəyi yaratmaqla
Ört-basdır edib.
Bundan sonra itmiş bir əşya kimi yaşamaq həyatda.
əmin olmaq ki, səni mütləq nə vaxtsa kimsə tapacaq
və kimsə ömür boyu səni tapmaq üçün axtaracaq.

Bundan sonra küləkli havada küçədə dəliqanlılıq edən ağac kimi yaşamaq
Vicdanına qısılan bədəndən süzülən göz yaşı kimi lal-dinməz axmaq
Kor gözlər kimi görməmək, amma baxmaq... baxmaq...
Sevdiklərimizə zəncinin tanımadığı əşyaya birayaq-birayaq qorxaraq yaxınlaşdığı kimi yaxınlaşmaq.

Mən yumruğumu ona görə divara çırpıb qana boyadım ki, sən mənim qəzəbimə layiq deyildin.
Və sənə heç vaxt izah edə bilmədim ki,
Bütün cılız məsələlərdə şeytan həmişə Allaha qalib gəlir.
İzah edə bimədim ki, quşlar uçanda göylər dincəlir.

Amma ümid edirəm ki, bir daha ümid etməyəcəyəm.
Yuxuya getmiş yorğun səs kimi sükuta çevriləcəyəm.


Çünki bu gün yolda büdrəyərkən əlimi yanımdakı adamın qoluna uzatdım
Adam üzr istədi: “bağışla, qardaş, mən qolumu müharibədə itirmişəm, qolum yoxdur”.


Ey yalqız ağacın kölgəsində dayanıb
Uçub gedən quşların arxasınca baxan adam,
Sənə vəsiyyətim budur: “poeziya faciənin sevgilisidir”.

/1937.az/


Teqlər:





Xəbər lenti