Azərbaycanlılar Avropada etiraz aksiyalarına başlayır

Azərbaycanlılar Avropada etiraz aksiyalarına başlayır
  01 Fevral 2014    Oxunub:1163
Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Xocalı həftəsi” adı altında silsilə tədbirlər keçirməyi planlaşdırıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, həftə çərçivəsində Benilüks ölkələrinin müxtəlif şəhərlərində etiraz aksiyaları və nümayişlər keçiriləcək, yerli sakinlərə erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın kiçik bir şəhərində dinc və günahsız əhaliyə - qadınlara, uşaqlara, yaşlı insanlara qarşı törətdikləri vəhşiliklər barədə məlumat veriləcəkdir.

BAK fevralın 26-da Brüsseldə Avropa Parlamentinin önündə siyasi aksiya təşkil edəcək. Avropa Parlamentinin qarşısında başlanan izdihamlı nümayiş Ermənistanın Brüsseldəki səfirliyi qarşısında başa çatacaq.

Siyasi aksiya zamanı BAK-ın faciə ilə bağlı bəyanatı Avropa Parlamentinin rəhbərliyinə və Ermənistan səfirliyinə təqdim olunacaq.
Bundan əlavə, BAK Niderland krallığının inzibatı mərkəzi Haaqada da siyasi tədbirlər keçirməyi nəzərdə tutub. Konqres Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar ölkə parlamentinin binasında beynəlxalq konfrans keçirmək istiqamətində ciddi fəaliyyət göstərir.

Tədbirlər zamanı Xocalı soyqırımından bəhs edən foto, kitab, bröşur və digər əyani vasitələrdən ibarət sərgi nümayiş etdiriləcək.

Tədbirlərdə Azərbaycan Milli Məclisinin üzvləri, dövlət diaspora komitəsinin əməkdaşları, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmləri, qeyri-hökumət təşkilatlarının, Azərbaycan, türkiyə və yəhudi diaspor təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
Xocalı həftəsi çərçivəsində rejissor Vahid Mustafayevin “Xoca” filminin Brüsseldə nümayişi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti