Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü

Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü
  09 Oktyabr 2020    Oxunub:3885
Hərbi vəziyyətin elan edilməsindən və 55 yaşınadək kişilərin hərbi xidmətə çağrılmasından sonra tamhüquqlu səfərbərlik rejiminin tətbiq olunması onsuz da aşağı demoqrafik göstəriciləri olan Ermənistanda bir çox işgüzar sektorun fəaliyyətini məhdudlaşdırdı.
Azvision.az xəbər verir ki, bu barədə "Svobodnaya pressa” nəşri yazıb.

Məlumata görə, bir sıra yerli sahibkar istehsal fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldığını deyir. Döyüşə getməklə kiçik sahibkarlar tamamilə işdən uzaqlaşırlar. Kiçik və orta sahibkarların həm özləri, həm də işçilərin əksəriyyətinin səfərbər olmaları nəticəsində kifayət qədər işçi qüvvəsinin çatışmazlığı səbəbindən məhsuldarlığın kəskin azaldığı müşahidə olunur. İri biznes müəssisələri də ümumi iqtisadi tənəzzülün mənfi təsirini yaşayırlar.

Pandemiya səbəbindən avqustda iqtisadi fəaliyyətdə ilin əvvəlində qeydə alınan göstəricilərlə müqayisədə (Ermənistan Statistika Komitəsinin rəsmi açıqlamasına uyğun olaraq) 17,4% azalma qeydə alınıb, bu, artıq ölkə iqtisadiyyatına ağır zərbə hesab olunur. Ermənistanın sərhəddəki ciddi itkilər və işçi qüvvəsinin real sektordan köçürülməsi bu mənfi tendensiyanın daha da dərinləşdirəcəyinə şübhə yaratmır.

Artıq müxtəlif media mənbələrində erməni sahibkarların üzləşdikləri çətinlikləri necə açıq şəkildə elan etdiklərini müşahidə etmək olar. İstehsal prosesinin tamamilə və ya qismən dayandırılmasının onlara ciddi mənfi təsir göstərdiyini söyləyirlər, buna görə də gələn ay vergi ödəmələrində kəskin azalma gözlənilir.

Bu da öz növbəsində Ermənistan büdcəsinin maliyyələşdirilməsinə mənfi təsir göstərəcək. Beləliklə, Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, bu il dövlət vergi gəlirləri ilə bağlı proqnozlar yerinə yetirilməyəcək.

Erməni sahibkarların fikrincə, ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan sahələrdə əmək ehtiyatlarının fəaliyyətinin davam etdirilməsi vacib şərtlərdən biridir və nəzərə alınmalıdır ki, istehsalda böyük paya sahib olan müəssisələrin, eləcə də strateji sahələrin işçi qüvvəsinin öz fəaliyyətlərinə cəlb edilməsi və onların döyüş bölgəsində iştirak etməməsi bütövlükdə dövlət üçün və bu səbəbdən də ordu üçün böyük fayda gətirəcəkdir.

Ermənistan özünün təcavüzkar siyasəti ilə əlaqədar müvafiq yaşda olan bütün kişiləri döyüşə cəlb etdi. Müqayisə üçün qeyd etmək olar ki, İkinci Dünya Müharibəsi dövründə istehsalatda işləyən insanlar səfərbər edilməyib və beləliklə, hərbi əməliyyatların ölkə iqtisadiyyatına təsiri minimuma endirilib.

Qeyd etmək lazımdır ki, hələ sabitlik dövründə əhalisinin dörddə biri yoxsulluqdan əziyyət çəkən Ermənistan, müharibə dövründə vətəndaşlarının maddi vəziyyətinin daha da pisləşməsi (sosial ayırmaların, əmək haqlarının vaxtında ödənilməməsi ), alıcılıq qabiliyyətinin azalması fonunda tələbin düşməsinə gətirib çıxaracaq və nəticədə biznes- sektorunun inkişafına ağır zərbə olacaq.

Bundan əlavə, ölkənin hərbi itkiləri və məğlubiyyətə yaxın olması əlavə mənbələr tələb edir. Onsuz da yoxsul olan əhalinin son vəsaitini orduya cəlb etmək Ermənistan vətəndaşlarının rifahını daha da pisləşdirir. Bu gün Ermənistan dövləti rasionallığını itirib və hər cür düşünülməmiş hərəkətlərə əl ataraq, bütün bunların onlar üçün sonun başlanğıcı olduğunu hələ dərk etmir. Eyni zamanda, bəzi Ermənistan vətəndaşları, xüsusən sahibkarlar "müharibədən sonra da həyat var!" sözləri ilə mövcud vəziyyətə özünəməxsus bir formada etiraz edirlər.

Ermənistanın sentyabr ayındakı son rəsmi statistikasına görə, 1213 pərakəndə satış müəssisəsi yalnız koronavirusun təsirindən bağlanıb, 5058- i fəaliyyətini müvəqqəti dayandırıb. Bu, ölkədə fəaliyyət göstərən bütün pərakəndə satış obyektlərinin təxminən 50% -ni təşkil edir. Bundan əlavə, inşaat sektorunda 23 müəssisə ləğv edilib, 231 müəssisə fəaliyyətini müvəqqəti dayandırıb. 205 daşınmaz əmlak şirkətinin fəaliyyəti müvəqqəti dayandırılıb, onlardan 5-i ləğv edilib.

"Digər xidmətlər" göstərmə sahəsində çalışan şirkətlərdən 234-ü ləğv edilib, 1057-si müvəqqəti fəaliyyətini dayandırıb. Peşə və elmi-texniki fəaliyyətlə məşğul olan 67 müəssisə ləğv edilib, 493 müəssisənin fəaliyyəti dayandırılıb. 39 inzibati və köməkçi şirkətin qeydiyyatı ləğv edilib, 449 belə şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb. Təhsil sahəsində 21 şirkət ləğv edilib, 136-sı müvəqqəti olaraq dayandırılıb. Səhiyyə və sosial xidmətlər sahəsindəki 10 müəssisə ləğv edilib, bu sahədəki 120 müəssisə də fəaliyyətini müvəqqəti dayandırıb.

Hərbi əməliyyatların başlaması ilə əlavə olaraq bir çox müəssisə də bağlanıb. Miqrasiya nisbəti yüksək olan ölkədə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən əmək resurslarının xaricə axınının artacağı istisna edilmir. Sosial problemlərin ağırlığına tab gətirə bilməyən yerli sakinlərin son nəticədə dövlətə qarşı çıxmaları mümkündür. Bəzi müəssisələr onsuz da müharibədən sonra dövlətdən təzminat tələb edəcəklərini bəyan edirlər.

Xüsusilə payız əkin mövsümündə xammal tədarük edən kənd təsərrüfatı sektorunda bir çox sahibkarın qarşılaşacağı məhdudiyyətlər Ermənistanda məhsuldarlığın aşağı düşməsinə səbəb olacaqdır. Və bu da öz növbəsində sahibkarlıq subyektlərinə mənfi təsir göstərəcək və ərzaq tədarükünü azaldacaq. Tələbin azalması məhsulların qiymətinin kəskin artacağını proqnozlaşdırmağa imkan verir. Ermənistan onsuz da ərzaq məhsullarının böyük hissəsini idxal edir və bu müddətdə artıq məhdudiyyətlərlə üzləşir, əlavə olaraq, yerli məhsuldarlığın azalması qida böhranının başlamasını sübut edir.

Paşinyan hökumətinin əhalisinin diqqətini ağır sosial-iqtisadi böhrandan yayındırmaq üçün başlatdığı yeni müharibə ilə əlaqəli Ermənistanın itkiləri və Azərbaycanın güclü əks-hücum əməliyyatı onsuz da ciddi sosial və iqtisadi problemlərə və hərbi məğlubiyyətə, ordudakı itkilərə əlavə oldu. İndi isə çətin sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün Paşinyan xarici borclar, ianələr və yardımlara ümid edir. Xüsusilə Rusiya və Avrasiya İttifaqının dəstəyinə güvənir. Ancaq mövcud Ermənistan hökumətinin Rusiyaya qarşı xain mövqeyi, o cümlədən rus sahibkarlarına və sərmayələrinə təzyiq göstərməsi Rusiyanın gözlənilən dəstəyi verməyəcəyini proqnozlaşdırmağa imkan verir. Çünki nə Avrasiya Birliyi, nə də Rusiya etibarsız bir ölkənin yükünü çəkməkdə maraqlı deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti