Mnatsakanyan Moskva razılaşması barədə danışdı

Mnatsakanyan Moskva razılaşması barədə danışdı
  10 Oktyabr 2020    Oxunub:18169
Moskvadakı məsləhətləşmələrin yekunu olaraq qəbul edilən sənəddə razılaşdırılmış üç addım bir-birinə uyğundur və biri digərindən irəli gəlir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Pervıy kanal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, sənəd Qarabağda vəziyyətin sabitləşməsi və bölgədə sabitliyin bərpasını nəzərdə tutur.

Mnatsakanyan bölgədəki vəziyyətin olduqca kövrək qaldığını və bu mərhələdə atəşkəs olmadan hər hansı bir irəliləyişdən danışmağın mümkünsüzlüyünü əlavə edib.

O, atəşkəsin əldə olunmasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, xüsusən də Rusiyanın, şəxsən Prezident Vladimir Putinin rolunu vurğulayıb.

Mnatsakanyan bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə müəyyən humanitar prosedurlar həyata keçiriləcək və bundan sonra atəşkəsin təmin edilməsi mexanizmlərinin yaradılması vacib olacaq.

Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünün nəticəsi olaraq bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunub.

Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Qarabağ  





Xəbər lenti