Ukraynada terror həyəcanı
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Dneprpetrovsk şəhərindəki bir neçə mənzildə axtarış aparıblar.
“Babuşkinsk” rayon məhkəməsinin sanksiyasına əsasən aparılan yoxlamalar zamanı şübhəli şəxslərin yaşayış yerlərində iki 400 qramlıq partlayıcı qurğu, 2 F-1 qumbarası, İkinci Dünya Müharibəsi dövrünə aid döyüş sursatları və kompüter texnikası aşkarlanıb”.
Verilən məlumata görə, terror aktı ölkənin energetika sistemində xaos yaratmaq məqsədi ilə törədilməli idi. Artıq 2 ekstremist gənc həbs olunub və onların barəsində “terror aktı törətməyə hazırlıq” ittihamı ilə cinayət işi açılıb.
Ultramillətçi “Azadlıq” partiyasının yerli vilayət təşkilatının sədri Kirill Dorolenkonun həbs olunduğu və artıq istintaq təcridxanasına yerləşdirildiyi bildirilir. Bununla paralel olaraq Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötən həftə güllələnən milis əməkdaşının qatillərinin axtarışına davam edir.
Xatırladaq ki, partiyanın sədri, Ukrayna müxalifətinin üç əsas liderindən biri sayılan Oleq Tyaqnibok yeni formalaşacaq hökumətdə nazir postlarından birini tutmağa iddialıdır.
Vüqar İsmayılov