Rusiyadan Ermənistana gizli silah tədarükü: Vladimir Bekiş faktları təsdiq edir - (EKSKLÜZİV)

Rusiyadan Ermənistana gizli silah tədarükü:  Vladimir Bekiş faktları təsdiq edir - (EKSKLÜZİV)
  12 Oktyabr 2020    Oxunub:22488
Dağlıq Qarabağda döyüşlərin qızğın vaxtında, oktyabrın 3-dən 9-dək olan dövrdə Rusiyadan Ermənistana gedən mülki təyyarələrdə ümumi çəkisi 20 tondan çox olan silah və sursatların "humanitar" adı altında tədarükü həyata keçirilib. Bu barədə yerli mətbuat yazıb.
Azvision.az Rusiyanın hərbi əməliyyatların gedişində Ermənistana silah tədarükü ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün rusiyalı hərbi analitik, strateji təhlükəsizlik mütəxəssisi, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekişə müraciət edib.

O, Qarabağda intensiv döyüş əməliyyatları dövründə Rusiyanın Ermənistana silah tədarükü ssenarisinin nə dərəcədə mümkün olmasına münasibət bildirərək deyib: “Düşünürəm ki, bu, çox güman ki, mümkündür. Rəsmi olaraq bunun təsdiqlənməsi şübhəsiz ki, mümkün deyil. Yeganə variant - oradakı uçuşları təsdiqləməkdir. Ya şahidlərlə, ya da Flightradar vasitəsilə. Rusiyanın qeyri-rəsmi şəkildə silahları tədarük etməsi tamamilə mümkündür. Son illərdə Rusiyada bunu asanlıqla həyata keçirən bir sıra "özəl" şirkətlər sistemi formalaşıb. Əslində bunu xüsusi xidmət orqanları edir. Üstəlik, Serbiya, Bolqarıstandakı şirkətlərindən də istifadə edilə bilər. Rusiyada, ölkənin beynəlxalq siyasətinin bir istiqaməti tamamilə formalaşıb - su nə qədər bulanıq olarsa, orada daha çox balıq tuta bilərsiniz".

Ekspert əlavə edib ki, silah tədarükü pul deməkdir, onun çox olub-olmamasından asılı olmayaraq: "Bu, həmçinin "nə istəyirik, onu edirik” xəttinin bütün dünyaya nümayişidir; bu, digər ölkələrə - hazırkı halda, ilk növbədə, Türkiyəyə, sonra Azərbaycana bir işarədir ki, bizimlə (Rusiya) mübahisə etməyin, dost olmaq daha yaxşıdır.

Xüsusi strukturlar vasitəsi ilə silah tədarükünə gəldikdə - bu, fərziyyə deyil. Və bu, əlbəttə ki, rəhbərliyin bilgisi əsasında edilir və həqiqətən hakimiyyətin xeyir-duası ilə yaradılan bir sistemdir".

Vladimir Bekiş Rusiyada Azərbaycanı dəstəkləyənlərin az olmadığını düşünür. Onun sözlərinə görə, əhalinin müxtəlif təbəqələrində və qruplarında fərqli maraqlar və motivlər rəhbər tutulur.

"Məsələn, ən sadə məqam Moskva bazarlarıdır. Azərbaycanlılar orada uğurla ticarət edirlər. Bəzi moskvalılar bu vəziyyətdə onların yanındadırlar. Daha yüksəkdən baxsaq, Rusiya qazı Ermənistana tədarük olunur. Və bununla yaşayan insanlar var. Onlar tamamilə Ermənistan tərəfində olacaqlar".

"Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytara bilməsi üçün Rusiya ilə razılığa gəlmək mümkündürmü?" sualına politoloq “heç bir şəkildə” deyə cavab verib:

“Bu gün Rusiya ilə razılığa gəlmək, Rusiyanın dünyada etdiyi hər şeyi qəbul etmək və dəstəkləmək deməkdir. Xahiş edirəm, unutmayın ki, Rusiyanın mövqeyi çox ehtiyatlı və zəifdir. Rusiya Azərbaycanın dəstəyini riskə atmaq istəmir. Sizi danışıqlara dəvət edəcək. Daha təmkinli olmağa inandırmağa çalışacaq. Bundan başqa heç nə. Həm də ona görə ki, bu gün Rusiya ondan qopmuş ərazinin ölkəsinə qayıtmasını dəstəkləyirsə, sabah Krımın və Kalininqrad bölgəsinin qaytarılması məsələsi dərhal ortaya çıxacaq".

Seymur Məmmədov
Pərvanə Sultanova

Azvision.az


Teqlər: Rusiya   Silah  





Xəbər lenti