Ermənilər dünyanı ASALA və Metsamorla hədələyir

Ermənilər dünyanı ASALA və Metsamorla hədələyir
  14 Oktyabr 2020    Oxunub:14659
Azərbaycanın sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara cavab olaraq başlatdığı əks-hücum əməliyyatları işğalçı ölkəni aciz vəziyyətinə salıb. Ermənistan rəhbərliyinin illərlə şişirdib öz cəmiyyətlərinə təqdim etdikləri "qəhrəman ordu"nun əslində sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxdı. İki həftəyə darmadağın olan işğalçı ordu döyüş meydanında ağır itkilər verdi, sağ qalan erməni hərbçilər isə silah-sursat və mövqeləri qoyub qaçmaqla canlarını xilas etməyə çalışdı.
Müharibənin reallığı göstərdi ki, Azərbaycana bütün sferalarda uduzan işğalçı dövlətin başını itirmiş rəhbərləri çarəni artıq müttəfiqlərinə yalvarmaqda axtarır. Amma son hadisələrin fonunda erməni dilənçiliyi və yalvarışları özünü təhdid və terror çağırışları ilə əvəz edir. Paşinyan hakimiyyəti Azərbaycanın surətlə irəliləməsinin qarşısını ala bilməyəcəyini görüb müharibəyə üçüncü ölkənin müdaxilə edəcəyinə ümidli idi. Lakin Paşinyanın planı baş tutmadı və indi ermənilərin daha çox dünyanı təhdid etmələrinin şahidi oluruq.

Bu gün sarsıdıcı müharibənin davam etməsindən qorxuya düşən Ermənistan təmsilçiləri təhdid variantını işə salaraq, bu yolla dünya ölkələrindən yardım almaq niyyətindədirlər. Xarici mətbuatda gedən yazılar deyilənləri tamamilə təsdiqləyir.

Xarici KİV-də dərc olunan yazılardan birində qeyd edilir ki, ermənilər artıq aşkar şəkildə onlara dəstək olmayan müttəfiqlərini, bir sıra böyük dövlətləri terrorla hədələyir. Bildirilir ki, əgər həmin ölkələr Ermənistanın hazırkı ağır durumunda dəstək nümayiş etdirməsələr, ASALA terror təşkilatı hərəkətə keçə bilər. Hətta “lazım gələrsə, bütün Ermənistan ASALA olar" deyən ermənilərin təhdidləri dünya mediasında geniş yayılmağa başlayıb.

Məlumat üçün qeyd edək ki, erməni terror təşkilatı olan ASALA 1970-80-ci illərdə fəaliyyət göstərən, qondarma “soyqırımı” qəbul etmədiyinə görə 30-dan çox türk diplomatına sui-qəsd edən terror qruplaşmasıdır.

eurasianet.org saytında gedən bəzi çağırış və fikirlərdən sitatlara nəzərə yetirək.



32 yaşlı Arsen Galstyan deyir: "Ya hər şeyi itiririk, ya da qazanırıq, başqa bir seçim yoxdur. Ermənilər yox ola bilərlər və biz bunu qəbul edə bilmərik. Buna görə də bütün ölkənin ASALA-ya çevrilmə imkanı var”.

Növbəti nümunəni Livan əsilli ermənidən göstərmək olar: "Mən Ermənistan ordusuna inanıram, qazanmaqdan başqa yolumuz yoxdur - digər seçim isə etnik təmizlənmədir. Ancaq bu reallaşmağa başlasa belə, yeni bir ASALA gələcək və bu dəfə bizim öldürülməyimizi görən və buna səssiz qalan bütün ölkələr qorxu içində yaşayacaqlar".



Başqa bir erməni qadının açıqlaması isə dəhşət saçır: "Əgər məğlubiyyət baş verərsə, yalnız öz atom elektrik stansiyamızı bombalayacağıq. Niyə də yox? Biz yaşaya bilmiriksə, hamı belə olmalıdır”.

Göründüyü kimi, Qarabağ döyüşlərində Azəbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan özünü meydanda tək qalmış, köməksiz və yazıq obrazında göstərməklə yardım almağa çalışırdı. Bu istəklərinə nail ola bilməyən işğalçılar indi terror və hədə ilə gerçək mahiyyətlərini ortaya qoymağa başlayıblar. Metsamoru vurmaqla bölgəni qan çanağına verməyə hazır olduğunu bəyan edən ermənilər, digər tərəfdən ASALA kimi amansız cinayətlərə imza atan terror təşkilatı ilə dünyaya meydan oxuyur.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, erməni terror təfəkkürü 70-80-ci illərdə dünya üçün necə təhlükə vəd edirdisə, bu gün də həmin təhlükə qalmaqdadır. Öz AES-lərini belə partlatmağa razı olan bir millət nəinki region, bütövlükdə dünya üçün böyük təhdiddir.

Tural Tağıyev
Azvision.az


Teqlər: ASALA   Erməniterrorizmi   Paşinyan  





Xəbər lenti