Haaqada Azərbaycana dəstək ifadə olundu

  15 Oktyabr 2020    Oxunub : 1048
Haaqada Azərbaycana dəstək ifadə olundu
Niderlandın Haaqa şəhərində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçirilib.
Azvision.az xəbər verir ki, “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıda Niderland-Belcika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Ana Vətən" Avropalı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, niderlandlı millət vəkili Tunahan Kuzu, Holland-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland-Belcika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupun sədri Emil Əliyev, Niderland-Azərbaycan "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bagırova, diaspor fəalı İlkanə Goja və digərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhərlərinə istifadəsi qadağan olunmuş raketlərlə zərbələr endirməsini sərt şəkildə pisləyiblər. Ermənistanın mülki vətəndaşlarımızı hədəfə alması amansız terror aktı və bütün beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilib. İşğalçı Ermənistan hökumətinin uşaq qatili kimi beynəlxalq tribunal qarşısında cavab verməli olacağı vurğulanıb.

Toplantı zamanı Avropa Parlamentinə, Niderland Parlamentinə və Niderlandın Xarici İşlər Nazirliyinə ünvanlanmış bəyanat qəbul edilib. Bəyanatda Niderland hökumətinə, dünya birliyi və beynəlxalq təşkilatlara Ermənistanın təxribatçı hərəkətlərinin pislənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunması ilə bağlı qətiyyətli addımlar atmaq üçün çağırış edilib. Tədbir "Qarabağ Azərbaycandır!" şüarının birlikdə səsləndirilməsilə yekunlaşıb.

Azvision.az

Teqlər: Haaqa   Azərbaycan