Fərhad Bədəlbəyli: “Şuşaya, Kəlbəcərə gedirik...”
Bunu Azvision.az -a açıqlamasında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Ermənistan ordusunun Gəncədə törətdiyi təxribatlardan danışarkən deyib.
“Siyavuş Kərimi, Murad Adıgözəlzadə ilə birgə Gəncəyə getmişdik. Dağıdılan yerlərdə olduq, orada yiyəsiz qalmış uşaq ayaqqabılarını görüb hönkürtü ilə ağladıq. Çox çətindir, danışa da bilmirəm. Evə gəlmişəm, heç kimlə danışmaq istəmirəm. Yəqin ki, iki günə özümə gələcəyəm. Ermənistan faşist ölkəsidir. Onlar adam deyillər. Vəhşi də demək mümkün deyil. Gecə vaxtı uşaqları, qadınları bombalamağa ad tapa bilmirəm. Vaxt gələcək Ermənistanın rəhbərləri Beynəlxalq Haaqa Məhkəməsində cavab verəcəklər. Necə ki, bir zamanlar Serbiyanın rəhbərlərinə bunu etdilər. Buna şübhəm yoxdur.
Gəncədə insanlar yaşananlara təmkinli reaksiya verirlər. Mən gəncəlilərə valeh olmuşam. Var olsunlar. Tərtərdə əsl Stalinqrad döyüşü gedir. Tərtər camaatı sağ olsun. Xalqımızı belə formada görməmişəm. Hə gün irəliləyirik. Yavaş-yavaş Şuşaya, Kəlbəcərə gedirik. Şuşada nələr edəcəyəm, bir Allah bilir. Musiqi festivalları keçirəcəyəm, musiqi məktəbi tikdirəcəyəm”.
Xalq artisti ailəsinin də informasiya müharibəsində iştirak etdiyini söyləyib: “Qızım ispan, ingilis dilində təbliğat aparır. Kolumbiyada və digər ölkələrdə xeyli dostları var, onlarla birgə haqq səsimizi çatdırır. Xarici vətəndaşları bilgiləndirir.
Əvvəllər cavanlarımızdan narazılıq edirdik. Deyirdik ki, əşi bütün günü çayxanalarda otururlar, restoranlara gedirlər, millət dərdini çəkmirlər. Bu gün vallah, mən onlardan üzr istəyirəm. Hamımız birik, onlar da bizimlə vuruşur. Çox sevinirəm ki, indiki gənclər çox aktivdirlər. Xüsusi ilə sosial şəbəkələrdə. Əsl müharibə gedir. Hər kəs, 25-30 yaşlı dostlarım, qohumlarım müharibədədirlər.
2007-ci ildə Polad Bülbüloğlu və Kamal Abdulla ilə birgə Qarabağa getmişdik. Şuşanı görüb dəhşətə gəlmişdim. Bülbülün evində oldum. O evdə atam, anam, Bülbül, Polad, hamımız yığışırdıq, süfrə açırdıq. Şuşanı gəzirdik, İsa bulağından su içirdik. İllər sonra dağılan tifaqda idim. Həmin səfər zamanı halım çox pis oldu, ağladım. Ancaq indi Şuşaya qalib kimi gedəcəyəm.
Müharibədən sonra millət kimi tamami ilə başqa olacağıq. Bir-birimizə daha mülayim, diqqətli davranacağıq. Biz indi həyat dərsini alırıq. Müharibə qurtaracaq, biz öz torpaqlarımıza qayıdacağıq və iqtisadiyyatda, mədəniyyətdə qələbələr qazanacağıq”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: FərhadBədəlbəyli Bəstəkar