“Gəncədə gördüklərimdən şoka düşdüm” - Özbəkistan səfiri

  21 Oktyabr 2020    Oxunub : 2356
“Gəncədə gördüklərimdən şoka düşdüm” -  Özbəkistan səfiri
Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Gəncəyə və ermənilərin atəşə məruz qoyduğu bir sıra bölgələrə səfəri ilə bağlı açıqlama verib.
Azvision.az xəbər verir ki, səfir gördüklərindən şoka düşdüyünü deyib.

“Prezident Administrasiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsləri və dəstəyi sayəsində xarici həmkarlarımla birlikdə Gəncə şəhərinə və ölkənin bəzi bölgələrinə bir neçə dəfə baş çəkdim. Bu səfərlər zamanı şəxsən raket hücumlarının ağır nəticələrinə əmin oldum. Gördüyüm hər şeydən şokdayam: ən acınacaqlısı günahsız insanların ölməsidir”.

Diplomatın sözlərinə görə, Azərbaycanın səlahiyyətli orqanlarının, o cümlədən xilasetmə əməliyyatlarını təşkil edən, sakinləri dağıntılar altından çıxaran Fövqəladə Hallar Nazirliyinin operativ reaksiyası nəticəsində Gəncəyə raket zərbəsinin daha çox itkilərindən qaçmaq mümkün olub.

“Qeyd etmək istərdim ki, Özbəkistan Respublikasının Qanunvericilik Palatasının (parlament) rəhbərliyi də Dağlıq Qarabağ ətrafındakı silahlı qarşıdurma və xüsusilə Azərbaycanın dinc əhalisi arasında insan tələfatı ilə bağlı narahatlığını dilə gətirib. Eyni zamanda, Özbəkistanın Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməklə həllinə dair prinsipial mövqeyini bir daha təsdiqləmək istəyirəm. Qurbanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gəncə