Otto Hauzer: `Ermənilərin yazdığını oxuyanda dəhşətə gəldim`

Otto Hauzer: `Ermənilərin yazdığını oxuyanda dəhşətə gəldim`
  03 Fevral 2014    Oxunub:3153
Almaniya Federativ Respublikasının sabiq dövlət katibi, azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer “Vestnik Kavkaza” nəşrinə verdiyi müsahibədə son illərdə almanların Azərbaycana münasibətinin dəyişməsini və ölkəmizə marağın artmasını bildirib.
“Müxtəlif sahələrdə Azərbaycan almanların şüurunda möhkəm yer alıb. Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi qəbilindən olan tədbirlər bu ölkəyə yeni mövqedən baxmağa imkan verib. Heydər Əliyev Fondu ilə sıx qarşılıqlı əlaqədə Almaniyanın müxtəlif şəhərlərində keçirilmiş bir sıra mədəni tədbirlər almanları emosional baxımdan Azərbaycana yaxınlaşdırıb. İqtisadi sahədə əməkdaşlığımız sürətlə artmaqdadır: bizim verdiyimiz vizaların üçdə iki hissəsi işgüzar fəaliyyətlə bağlı olur. Almanların Azərbaycana və əksinə, azərbaycanlıların Almaniyaya biznes marağı son iki ildə xeyli artıb. Peşə təhsili sahəsində də əməkdaşlığın əsası qoyulub. Ştutqartdakı konsulluq Azərbaycan hökuməti ilə birlikdə Azərbaycanda alman nümunəli dual peşə təhsilinin tətbiq edilməsi üzərində işləyir. Almaniyanın bu uğurunun sirlərini Azərbaycana da ixrac etmək istəyirik”,- deyə Hauzer bildirib.

Almaniyalı siyasətçi Azərbaycan-Almaniya ticarət əlaqələrində gözlənilən irəliləyişlər, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində Azərbaycan qazının Avropa bazarlarına nəql edilməsi perspektivlərinə toxunaraq qeyd edib ki, bu perspektiv sayəsində Azərbaycanın Almaniyada işgüzar fəaliyyəti daha da artacaq, bu isə çox vacibdir.

Hauzerin fikrincə, indi Azərbaycan AFR-ə neft ixrac edənlər arasında öz əhəmiyyətinə görə 6-cı yeri tutur. Avropanın ən iri iqtisadiyyatında Azərbaycanın iqtisadi rolunun artırılması istiqamətində ikinci mühüm addım Azərbaycandan bu ölkəyə qaz satışı ola bilər. Bu, iki ölkə arasında energetika sahəsində tərəfdaşlığın əyani göstəricisidir.

Hauzer xüsusən Cənubi Qafqazda dondurulmuş münaqişələrin həllinə dair sülhyaratma təşəbbüsləri ilə məşhur olan Frank-Valter Ştaynmayerin XİN başçısı vəzifəsinə qayıtmasından sonra sosialistlərin və xristian-demokratların “böyük koalisiyası” şəraitində Almaniya Federativ hökumətinin Cənubi Qafqaz siyasətində ehtimal edilən dəyişikliklər mövzusuna toxunaraq ümidvar olduğunu bildirib ki, Almaniya özünün siyasi məsuliyyətini başa düşəcəkdir. Azərbaycanın Ştutqartdakı fəxri konsulunun fikrincə, “siyasətin bütün başqa sahələrini bir kənara qoyub yalnız energetika sahəsində tərəfdaşlıqla kifayətlənmək olmaz. Burada qarşılıqlı səmərəli fəaliyyət göstərmək lazımdır”.

Onun fikrincə, enerji ehtiyatlarının ixracatçısı olan Azərbaycan Almaniyanın enerji təhlükəsizliyinin artırılmasına kömək edir. AFR Azərbaycanın köməyi ilə enerji xammalının, xüsusən təbii qazın idxal mənbələrini şaxələndirə bilər. Azərbaycan da öz növbəsində bunu gözləməyə haqlıdır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək.

Otto Hauzer erməni KİV-lərinin nalayiq fəaliyyəti mövzusuna da toxunaraq qeyd edib ki, bu KİV-lər əsassız olaraq onun adını hallandırır, təhrikçi, böhtançı və tamamilə yalan xarakterli materialla dərc edir. Məlum olduğu kimi bir neçə ay bundan əvvəl panarmenian.net informasiya resursunda AFR-in keçmiş səfiri Hans-Yohen Şmidtə istinadla belə bir məlumat dərc edilmişdi ki, keçən il Azərbaycanda keçirilmiş prezident seçkilərində Hauzer Almaniyadan müşahidəçilər dəvət edib və guya həmin müşahidəçilər bu ölkədə vaxtlarının çoxunu əyləncəyə sərf edibər. “Bu məqaləni oxuyanda mən dəhşətə gəldim: AFR-in Yerevandakı keçmiş səfiri ilə mən ümumiyyətlə, tanış deyiləm. Mən keçmiş səfir Şmidtə yazılı şəkildə müraciət edərək öz sözlərini geri götürməsini tələb etdim. O isə cavabında məni əmin edirdi ki, o, ömründə heç vaxt belə söz deməyib və bu sözləri nahaq yerə onun adına yazıblar. Keçmiş səfir bu materialın dərc edilməsinə görə təəssüfləndiyini bildirib. Buradan aydın olur ki, bəzi adamlar, bəzi təbliğatçılar hətta açıq-aydın yalan danışmaqdan da çəkinmirlər. Onların belə qeyri-ciddi metodlara əl atması təəssüf doğurur”.


Teqlər:





Xəbər lenti